20 oktyabr energetika işçilərinin peşə bayramıdır

Enerji təhlükəsizliyi iqtisadi inkişafın əsas meyarıdır

178

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli  Sərəncamına əsasən hər il oktyabrın 20-si ölkəmizdə “Energetiklər Günü” kimi qeyd edilir.

Azərbaycanda elektroenergetikanın inkişafına ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ötən əsrin 70-ci illərindən başlanmış, enerji sisteminin sürətli inkişafını təmin etmək məqsədilə mühüm tədbirlər görülmüşdür. Müstəqillik illərində də ölkəmizdə ulu öndərin rəhbərliyi ilə enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülmüşdür.

Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda enerji sektorunun inkişafı yeni mərhələyə qədəm qoymuşdur.  Bu sahədə həyata keçirilən tədbirlər blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasında da enerji təhlükəsizliyini təmin etmişdir. Xüsusilə son illər istifadəyə verilən yeni su elektrik stansiyaları tələbatın dayanıqlı şəkildə ödənilməsində və ixrac imkanlarının yaranmasında mühüm əhəmiyyətə malikdir. Belə ki, ölkə Prezidentinin iştirakı ilə Heydər Əliyev Su Anbarı üzərində gücü 4,5 meqavat olan yeni su elektrik stansiyası, ümumi  gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası, Azərbaycanda ilk derivasiya tipli 22 meqavat güclü Biləv Su Elektrik Stansiyası, 20,5 meqavat güclü Arpaçay-1 və 1,4 meqavat güclü Arpaçay-2 Su Elektrik Stansiyaları, 20 meqavat gücündə Günəş Elektrik Stansiyasının tikilib istifadəyə verilməsi və 2017-ci ildə  stansiyanın gücünün daha 2 meqavat artırılması Naxçıvanın etibarlı enerji təminatına səbəb olmuşdur. Hazırda muxtar respublikadakı 8 elektrik stansiyasının ümumi gücü 239,4 meqavatdır.

2000-ci ildən başlayaraq muxtar respublikanın elektrik şəbəkələrinin  dayanıqlığının yüksəldilməsi, əhalinin etibarlı və keyfiyyətli elektrik enerjisi  təchizatı üçün yeni yüksək gərginlikli transformator yarımstansiyalarının tikilməsi, mövcud yarımstansiyaların yenidən qurulması işləri həyata keçirilir. Culfa rayonunda 50  meqavoltamper güclü 132/110/10 kilovoltluq, Babək rayonunda Araz Su Elektrik Stansiyasında 50  meqavoltamper güclü 132/110/10 kilovoltluq, Şərur rayonu ərazisində 80 meqavoltamper güclü 154/110/35 kilovoltluq “Arpaçay” transformator yarımstansiyası tikilib istismara verilmişdir. Bundan əlavə müxtəlif  güclü yeni 110 kilovoltluq “Sədərək”, “Çeşməbasar”, “Xal-Xal”, “Sement zavodu” transformator yarımstansiyaları tikilmiş, 110 kilovoltluq “Naxçıvan”, “Şərur”, “Ordubad”, “Koroğlu”, “Xalçaçılıq”, “Qıvraq” yarımstansiyaları ən  müasir avadanlıqlar  qoyularaq yeni  ərazidə  quraşdırılmış, beləliklə  xidmətin  balansında  olan 110  kilovolt  və  yuxarı  gərginlikli  transformator  yarımstansiyalarının  hamısının  müasir şəkildə  yenidən  qurulması təmin edilmişdir. 35 kv-luq  “Xətai”, “Sənaye qovşağı”,  “Xanlıqlar”, “Kərimbəyli”, “Nehrəm”, “Şahbuz” yarımstansiyaları da müasir avadanlıqlarla təchiz olunmuşdur. Son  illər  ərzində  Şərur, Ordubad, Kəngərli, Şahbuz  və Naxçıvan şəhər  elektrik şəbəkələri üçün  yeni  inzibati  binalar tikilmişdir. Hazırda Babək Rayon Elektrik Şəbəkəsi üçün yeni  inzibati  idarə  binası  və  35/10 kilovoltluq  transformator yarımstansiyasının tikintisi aparılır.

Bu gün muxtar respublikanın əlverişli iqlim şəraiti və coğrafi mövqeyi ekoloji cəhətdən təmiz, alternativ və bərpaolunan enerji mənbələrindən istifadəyə geniş imkanlar açmışdır. Enerji təhlükəsizliyinin təmin olunmasında, alternativ və bərpaolunan enerji mənbələrindən istifadə energetika sektorunda davamlı inkişafı təmin etmiş, alternativ və bərpaolunan enerji mənbələrindən istifadə sahəsində müasir infrastruktur yaradılmışdır. Hazırda muxtar respublikada günəş və su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi ümumi istehsalın 70 faizindən çoxunu təşkil edir.

Muxtar  respublikada  yeni  elektrik  stansiyalarının  tikintisi və  layihələndirilməsi  işləri  davam  etdirilir. 36 meqavatlıq derivasiya  tipli  Ordubad Su Elektrik Stansiyasında tikinti işləri  davam etdirilir. Gücü  14  meqavat  olan  Tivi  Su Elektrik Stansiyasının  və 3,5 meqavat  olan  Qazançı Su Elektrik Stansiyası tikintisinin  texniki-iqtisadi əsaslandırılması, Naxçıvan Günəş Elektrik Stansiyasının genişləndirilərək  gücünün  30  meqavata  qədər  artırılması  üçün  layihə işləri hazırlanılır. Culfa  rayonunda  gələcəkdə  külək  elektrik  stansiyası  tikintisinin  texniki  iqtisadi  əsaslandırılması  üçün də ölçü  qurğuları  quraşdırılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvanda enerji təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər barədə demişdir: “Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi ilə bağlı məsələlər öz həllini tapıb... Son illərdə 8 elektrik stansiyası tikilib. Hazırda tikilməkdə olan 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyası işə düşəndən sonra Naxçıvan Muxtar Respublikası öz enerji tələbatının 100 faizini bərpaolunan enerji hesabına təmin edəcək. Bu, dünya miqyasında bəlkə də yeganə belə bir hal olacaqdır. Şadam ki, o cümlədən günəş elektrik stansiyası tikilib, su elektrik stansiyaları tikilir və Naxçıvanın artan sənaye potensialını təmin edəcək güclü elektrik təsərrüfatı yaradılır”. 

Elektroenergetika sahəsində ixtisaslı kadr hazırlığına da xüsusi diqqət yetirilir. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublikada elektrik stansiyalarının tikintisi və yenidən qurulması, elektrik təchizatı avadanlıqlarının quraşdırılması bütövlükdə yerli mütəxəssislər tərəfindən həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamı bu sahədə mühüm nailiyyətlərin əldə olunmasına şərait yaradır.

Muxtar  respublikada  bütün  istehlakçıların  istifadə  etdiyi  elektrik  enerjisinin  dəqiq qeydiyyatını aparmaq  üçün  rəqəmsal  elektron  sayğaclar  qoyulmuş,  istifadə  olunmuş enerji  haqqının  sayğacların  göstərişləri  əsasında  ödənilməsi  təmin  edilmişdir. Naxçıvan şəhərində və Babək qəsəbəsində mənzillərə ön ödənişli SMART-KART tipli  sayğacların  qoyulması  işləri  davam  etdirilir. İndiyədək 22 min 277 belə  sayğac  quraşdırılmışdır. Həmçinin əməkdaşlar tərəfindən elektrik enerjisindən səmərəli istifadə edilməsi, israfçılığın, elektrik enerjisindən qanunsuz və sayğacdankənar istifadə edilməsinin qarşısının alınması məqsədilə  mütəmadi reydlər keçirilir.

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin kollektivi yaşayış məntəqələrinin, istehsal və xidmət sahələrinin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchizatını daim diqqət mərkəzində saxlayır. Energetika xidməti işçiləri bundan sonra da muxtar respublika iqtisadiyyatının inkişafına öz töhfələrini verəcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: