17 oktyabr Yoxsulluqla Beynəlxalq Mübarizə Günüdür

Muxtar respublikada əhalinin sosial rifahı yüksəlib

206

Birləşmiş Millətlər Təşkilatının 1992-ci il 22 dekabr tarixli qərarı ilə 17 oktyabr dünyada Yoxsulluqla Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur.

1993-cü ildə ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra siyasi böhran və iqtisadi tənəzzül qısa zaman ərzində aradan qaldırılmış, ictimai-siyasi sabitlik bərqərar olmuş, iqtisadiyyatda mövcud geriləmə dayandırılmış və yeni inkişaf mərhələsinin əsası qoyulmuşdur. Keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycanda ulu öndərin uğurla həyata keçirdiyi sosial-iqtisadi siyasət bütün sahələr üzrə inkişafı təmin etməklə yanaşı, yoxsulluğun azaldılması üçün də ciddi zəmin yaratmış, yoxsulluq səviyyəsinin minimum həddə endirilməsi istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yoxsulluqla mübarizə əsas istiqamət elan edilərək əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ölkədə yoxsulluğun tamamilə aradan qaldırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

Naxçıvan Muxtar Respublikasında da həyata keçirilən davamlı iqtisadi islahatlar iqtisadiyyatın dinamik inkişafına, makroiqtisadi göstəricilərin artımına, əhalinin rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşmasına əlverişli şərait yaradır. Naxçıvan Muxtar Respublikası Аli Məclisi Sədrinin 2014-cü il 1 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı”nın icrası bu sahədə görülən işlərin davamlılığını təmin etmiş, muxtar respublikanın iqtisadi cəhətdən daha da qüdrətlənməsinə yeni imkanlar yaratmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yan­­var tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” məşğulluq siyasətinin əsaslarını müəyyən etməklə, əhalinin məşğulluğunun artırılması istiqamətində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsində, müasir iqtisadi reallıqlar nəzərə alınmaqla əmək ehtiyatlarının əmək bazarına uyğunlaşdırılmasında və işaxtaranların, o cümlədən sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin məşğulluğunun artırılmasında mühüm əhəmiyyətə malikdir.

Dövlət Proqramının icrası ilə bağlı muxtar respublikanın əmək bazarında tələb və təklifin müəyyənləşdirilməsi məqsədilə mütəmadi təhlillər aparılır, müxtəlif peşə istiqaməti üzrə kadrlara olan tələbatı müəyyənləşdirmək məqsədilə müəssisələrdə sorğular keçirilir. Bununla yanaşı, kompleks məşğulluq tədbirləri, o cümlədən əmək yarmarkaları, əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kursları təşkil olunur.

Muxtar respublikada son 10 ildə sahibkarlıq fəaliyyəti genişlənmiş, yeni istehsal müəssisələri fəaliyyətə başlanmış, sənaye sahəsində 7.9, kənd təsərrüfatında 3.7, əsas kapitala yönəldilən investisiyalarda 4.5, informasiya və rabitə sektorunda 3.1 dəfə artım olmuşdur. Bu dövrdə 40 min 890 yeni iş yeri açılmış, əməkhaqqı 2,7 dəfə artmışdır.

Sosial-iqtisadi sahədə həyata keçirilən islahatlar nəticəsində sosial müdafiəyə ehtiyacı olan insanlara, o cümlədən əlillərə, şəhid ailələrinə, tənha ahıllara, habelə sağlamlıq imkanları məhdud uşaqlara göstərilən sosial xidmətlərin həcmi və keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlmiş, bu istiqamətdə həyata keçirilən tədbirlər fasiləsiz xarakter almışdır. Sağlamlıq imkanları məhdud şəxslərin reabilitasiyası məqsədilə də bir sıra tədbirlər görülmüşdür.  2018-ci ilin 9 ayında 384 sağlamlıq imkanları məhdud şəxsə sanatoriya və müalicə pansionatlarına göndəriş verilmiş, 218  nəfər texniki reabilitasiya vasitələri ilə təmin edilmiş, 34 nəfərin ölkə dахilində müаlicəsinə, 47 nəfərin sоsiаl-məişət şərаitinin yахşılаşdırılmаsına köməklik olunmuş, 150 nəfərə isə protez-ortopedik xidmət göstərilmişdir. Müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi də diqqət mərkəzindədir. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi zamanı, Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edərək sağlamlıq imkanları məhdudlaşan, 1941-1945-ci illər müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərdən 460 nəfəri minik avtomobili ilə, 211 əlil və şəhid ailəsi mənzil və fərdi yaşayış evi ilə təmin olunmuşdur.

Aztəminatlı ailələrin sosial problemlərinin həlli, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması məqsədilə 2006-cı ildən ötən dövr ərzində aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə ünvanlı dövlət sosial yardımı ödənişi həyata keçirilmişdir. Ehtiyac meyarının davamlı olaraq artmasına baxmayaraq, sosial yardım alan əhalinin sayı ilbəil azalmışdır. Buna səbəb muxtar respublikada yaradılan yeni iş yerləri hesabına aztəminatlı ailələrdə əmək qabiliyyətli ailə üzvlərinin fəal əməyə və özünüməşğulluq proqramına cəlb olunmasıdır. Ailə əməyinə əsaslanmaqla uzun müddət ünvanlı dövlət sosial yardımı alan 92 aztəminatlı ailəyə fərdi təsərrüfatlarını qurmaq üçün  iribuynuzlu və xırdabuynuzlu  mal-qara verilmiş, 2 şəxsə  fərdi xalçaçılıq fəaliyyəti üçün, cəzaçəkmə  müəssisəsindən  azad olunan  1 şəxsə isə  arı yeşiklərinin hazırlanması üçün  avadanlıqlar və materillar  təqdim edilmişdir.

Muxtar respublikada iqtisadi və sosial əhəmiyyətli infrastruktur layihələrinin icrası, məşğulluq səviyyəsinin yüksəldilməsi, sosial xidmətlərin həcminin və keyfiyyətinin artması, makroiqtisadi sabitliyin ilbəil qorunub saxlanması bütün sahələrin davamlı inkişafını bundan sonra da təmin edəcəkdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: