14 oktyabr – Beynəlxalq Standartlaşdırma Günüdür
Məhsulların keyfiyyətinə nəzarət günün tələbidir
İqtisadiyyatın inkişafında standartlaşdırmanın rolu ildən-ilə artmaqdadır. Standartlaşdırmanın əsas məqsədi istehsalın səmərəliliyinin artırılmasından, istehlakçılara çatdırılan məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsindən, təhlükəsizlik normalarının daha da təkmilləşdirilməsindən, ətraf mühitin qorunmasından və ticarətdə texniki maneələrin aradan qaldırılmasından ibarətdir. Ölkəmizdə standartlaşdırma sahəsinin inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin siyasi hakimiyyətə ikinci dəfə qayıdışından sonra bu sahəyə diqqət və qayğı daha da artırılmış, hüquqi baza möhkəmləndirilmiş, yeni qanunlar qəbul edilmişdir.
Standartlaşdırma sahəsində həyata keçirilən islahatlar hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasında standartlaşdırmanın inkişafı beynəlxalq standartlardan aktiv istifadə ilə yanaşı, müasir tələblərə cavab verən yeni milli standartların yaradılması istiqamətlərində uğurla aparılır. Ölkəmizdə keyfiyyət infrastrukturunun inkişafı və tənzimlənməsi standartlaşdırma, akkreditasiya, sertifikatlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi üzrə fəaliyyət istiqamətləri vasitəsilə həyata keçirilməkdədir. Hazırda ölkəmizdə beynəlxalq standartların tətbiqi ilə bağlı mühüm proqramların qəbulu və icrası, milli standartların beynəlxalq standartlara uyğunlaşdırılması, müasir tələblərə uyğun yeni milli standartların tətbiqi prosesi uğurla icra olunmaqdadır. Standartlaşdırmanın təkmilləşdirilməsi ölkə iqtisadiyyatının, sahibkarlığın inkişafında, istehlakçı hüquqlarının etibarlı qorunmasında, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsində başlıca amildir.
Naxçıvan Muxtar Respublikasında da keyfiyyət infrastrukturunun inkişafı və tənzimlənməsi standartlaşdırma, akkreditasiya, sertifikatlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi üzrə fəaliyyət istiqamətləri vasitəsilə həyata keçirilir. Sakinlərin keyfiyyətli məhsul və xidmətlərə çıxış və seçim imkanlarının yaxşılaşdırılmasına dair verilmiş tapşırıqlara uyğun olaraq istehsal və idxal olunan məhsulların sertifikatlaşdırılması prosesi, patentlərin beynəlxalq mühafizəsi və istehlak bazarında keyfiyyətə nəzarət işi müasir standartlara uyğun aparılır. Bu sahədə ixtisaslı kadr potensialının formalaşdırılması və maddi-texniki bazanın yaxşılaşdırılması da daim diqqət mərkəzindədir.
Beynəlxalq normalar səviyyəsində standartların tətbiqinə geniş imkan yaradan amillərdən biri də muxtar respublika iqtisadiyyatının sürətli inkişafı, istehsal müəssisələrinin müasir standartlara cavab verən maddi-texniki baza ilə təchiz olunmasıdır. Muxtar respublikada istehsal olunan məhsulların yüksəkkeyfiyyətli, rəqabətqabiliyyətli olması, görülən işlərin və göstərilən xidmətlərin müasir standartlara cavab verməsi qarşıda duran əsas vəzifələrdəndir. Məqsəd istehlakçıların tələblərinə əsaslanan iqtisadiyyatın inkişafına nail olmaq, daxili, eləcə də xarici bazara keyfiyyətli məhsul çıxarılması prosesini sürətləndirməkdir. Bu isə standartlaşdırma sahəsində fəaliyyətin müasir tələblər əsasında qurulması ilə dəstəklənməkdədir.
Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi keyfiyyətə nəzarət infrastrukturunun və bu sahədə texniki tənzimləmə sisteminin qabaqcıl tələblərə uyğunlaşdırılmasını, istehlakçılara təklif olunan məhsulların keyfiyyətinin müasir standartların tələblərinə cavab verməsini və əhalinin etibarlı ərzaq məhsulları ilə təmin olunmasını fəaliyyətində əsas istiqamət kimi qəbul edir.
İxtisaslı kadr potensialının formalaşdırılması və maddi-texniki bazanın yaxşılaşdırılması da daim diqqət mərkəzindədir. Ötən ilin avqust ayında Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi üçün müasir memarlıq üslubunda inşa olunmuş yeni inzibati binanın istifadəyə verilməsi də həyata keçirilən tədbirlərin davamıdır. Zirzəmi qatı ilə birlikdə 5 mərtəbədən ibarət olan binada 56 iş otağı, akt zalı, laboratoriya otaqları, reyestr və kadastrın saxlanması otağı, kitabxana, arxiv, təlim-treninq otağı, ölçmə vasitələrinin saxlanması və yoxlanma otaqları, standartlar üzrə informasiya otağı, standart və patent fondu yerləşir. Laboratoriyalarda elektrik, təbii qaz və su sayğaclarının yoxlanılması, eləcə də təzyiq, temperatur, çəki və həcmölçmə vasitələrinin kalibrlənməsi üzrə çoxfunksiyalı avadanlıqlar quraşdırılmışdır.
Hazırda agentliyin standartlar fondunda Azərbaycan Respublikasında qüvvədə olan 19 min 582 texniki normativ-hüquqi akt mövcuddur ki, bu hüquqi bazadan da aktiv istifadə olunmaqdadır.
Standartların təsərrüfat subyektlərinə çatdırılması, maarifləndirilməsi üzrə fəaliyyət çərçivəsində bu ilin əvvəlindən hüquqi və fiziki şəxslərlə 155 müqavilə bağlanmış və 28 müəssisədə istehsal olunan 73 məhsulun etiket layihəsi texniki normativ-hüquqi aktlara uyğun olaraq 3 dildə hazırlanmışdır. Agentliyin standartlar fondunda mövcud olan standartların tələbləri ilə sahibkarları, tələbələri tanış etmək və bu sahədə maarifləndirmək məqsədilə seminarlar keçirilmişdir.
Müəssisələrin gəlirlərindən, fəaliyyət sahəsindən, işinin həcmindən və bazardakı mövqeyindən asılı olmayaraq fəaliyyətlərinin ən səmərəli yolu standartların tələblərinə uyğun idarəetmə sisteminin qurulmasıdır. Muxtar respublikada əhalinin sağlamlığının və istehlakçıların hüquqlarının qorunması, ətraf mühitin mühafizəsi məqsədilə standartlaşdırma sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər bundan sonra da uğurla davam etdiriləcəkdir.
Naxçıvan Muxtar Respublikası Antiinhisar və
İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin
mətbuat xidməti