12 yaşlı musiqiçi Fidan Qasımlı konsert verdi
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatında Naxçıvan şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin fleyta ixtisası üzrə 4-cü sinif şagirdi Fidan Qasımlının solo konserti olub.
Konsertdən əvvəl bildirilib ki, Fidan Qasımlı 1 nömrəli Uşaq Musiqi Məktəbində fleyta ixtisası üzrə təhsil alır. Məktəbdaxili konsertlərdə və tədbirlərdə iştirak edib, müxtəlif diplom və fəxri fərmanlara layiq görülüb. Onun musiqiçi kimi formalaşmasında ixtisas müəllimi Lamiyyə Hüseynova yaxından iştirak edib.
Konsertdə Fidan Qasımlının ifasında Azərbaycan xalq mahnıları, ayrı-ayrı bəstəkarların əsərləri ilə yanaşı, dünya bəstəkarlarının əsərlərindən nümunələr səsləndirilib. Solo konsert iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Konsertdə Fidanla yanaşı, məktəbin 2-ci sinif şagirdləri- Hüseyn Babayevin, Tərlan Hətəmovanın və Aydan Qasımlının ifaları da təqdim edilib. Fidan Qasımlının solo konserti Azərbaycan xalq mahnısı “Sarı gəlin”lə başa çatıb.
Konsertdən sonra Fidan Qasımlıya və digər iştirakçılara hədiyyələr verilib.
Kəmalə Əliyeva