10 Dekabr Ümumdünya İnsan Hüquqları günüdür
Muxtar respublikada insan hüquq və azadlıqları etibarlı şəkildə qorunur
1948-ci il dekabrın 10-da Birləşmiş Millətlər Təşkilatı Baş Məclisi İnsan hüquqları haqqında Ümumi Bəyannamə qəbul etmişdir. Həmin tarixdən etibarən hər il dekabrın 10-u bütün dünyada “İnsan Hüquqları Günü” kimi qeyd olunur.
Ötən əsrin sonlarında dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan Respublikası demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş, Birləşmiş Millətlər Təşkilatının İnsan hüquqları haqqında Ümumi Bəyannaməsinə və digər beynəlxalq konvensiyalara qoşulmuşdur. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə insan hüquq və azadlıqlarına əsaslanan yeni dövlət quruculuğunun əsasını qoymuş, hüquq islahatlarının keyfiyyətcə yeni mərhələsinin başlanmasına təkan vermiş, mühüm normativ-hüquqi aktlar və dövlət proqramları qəbul edilmiş, insan hüquqlarının təminatı sahəsində həyata keçirilən tədbirlərin mahiyyəti və konsepsiyası dəqiq müəyyənləşdirilmişdir. Ümummilli lider Heydər Əliyev tərəfindən imzalanan “İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 1998-ci il 22 fevral tarixli Fərman və “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” 1998-ci il 18 iyun tarixli Sərəncam ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərin mahiyyətini və konsepsiyasını dəqiq müəyyənləşdirməklə insan hüquqlarının davamlı inkişafını təmin etmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Şərqdə ilk dəfə olaraq ölüm cəzasını ləğv edən ölkə kimi tarixə düşmüşdür. Yüksək humanizmin və insanpərvərliyin bariz ifadəsinə çevrilən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırmışdır.
Azərbaycan Respublikası 1996-2000-ci illərdə insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı mühüm beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuş, 2001-ci ildə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasını ratifikasiya etmişdir. Avropa Şurasının bu mühüm sənədinə münasibət bildirməklə Azərbaycan beynəlxalq təşkilatla sıx əməkdaşlığa hazır olduğunu və insan hüquqlarının qorunması sahəsində öz üzərinə götürdüyü öhdəliklərə sadiqliyini bir daha bəyan etmişdir.
Bu gün Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Ulu öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ötən müddətdə ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması sahəsində kompleks tədbirlər həyata keçirilmişdir. İnsan hüquqlarının qorunmasını və bu sahədə görülən tədbirlərin genişləndirilməsini daim diqqət mərkəzində saxlayan ölkə başçısının “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq olunması haqqında” 2006-cı il 28 dekabr tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ölkəmizdə insan hüquq və azadlıqlarının davamlı inkişafına zəmin yaratmışdır. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” təsdiq edilmişdir.
Naxçıvan Muxtar Respublikasında da insan hüquq və azadlıqları daim diqqət mərkəzində saxlanılır, muxtar respublikanın sosial-iqtisadi və demokratik inkişafına uyğun olaraq hüquq institutlarının təkmilləşdirilməsinə, insan hüquqlarının müdafiəsi mexanizminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, əhalinin keyfiyyətli hüquqi yardımla təmin edilməsinə xüsusi diqqət yetirilir.
Naxçıvan Muxtar Respublikasında insan hüquqlarının müdafiəsi ilə bağlı hüquq institutlarının inkişafı tarixində ən əhəmiyyətli və yadda qalan hadisə Ali Məclisi Sədrinin təşəbbüsü ilə insan hüquqlarının müdafiəsi üzrə orqanlar sistemində yeni və müstəqil məhkəmədənkənar alternativ hüquq müdafiə vasitəsi olan Müvəkkil təsisatının yaradılması olmuşdur. Belə ki, 20 fevral 2006-cı ildə “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası qanunu qəbul edilmiş, 21 fevral 2006-cı ildə isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası qanununun tətbiq edilməsi haqqında fərman imzalamışdır. Ötən dövr ərzində təsisatın fəaliyyətinin təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılmış, “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununa edilmiş dəyişikliklərlə təsisatın səlahiyyətləri daha da artırılmışdır. Həyata keçirilmiş bu tədbirlər insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə xidmət etmişdir.
Ölkə başçısının “Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında” 2006-cı il 2 noyabr tarixli Fərmanı muxtar respublikada bu sahədə inkişafı təmin etmişdir. Belə ki, ötən dövr ərzində Naхçıvan Muхtar Rеspublikasında hüquq institutlarının inkişafı, hüquq-mühafizə оrqanlarının və məhkəmələrin fəaliyyətinin müasir tələblər nəzərə alınmaqla təşkil olunması, eləcə də оnların maddi-tехniki bazasının daha da möhkəmləndirilməsi sahəsində mühüm işlər görülmüş, dövlət orqanlarının, o cümlədən məhkəmə orqanlarının müasir texniki avadanlıqlarla təchiz olunması, habelə onların fəaliyyətində yeni informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi istiqamətində bir sıra zəruri addımlar atılmışdır. Müvəkkil təsisatının fəaliyyəti təmin edilmiş, məhkumların hüquqlarının daha səmərəli müdafiəsi məqsədilə penitensiar xidmətin infrastrukturu təkmilləşdirilmiş, hər bir vətəndaşın öz konstitusion hüquq və qanunla qorunan mənafelərinin həyata keçirilməsi, o cümlədən əhalinin yüksəkkeyfiyyətli hüquqi yardımla təmin edilməsi məqsədilə vəkillik institutunun hüquqi statusu müəyyənləşdirilmiş və inkişaf etdirilmişdir.
Bu gün Naxçıvan Muxtar Respublikasında aparılan məqsədyönlü sosial siyasət nəticəsində insanların maddi rifah halı yüksəlmiş, hüquq və azadlıqların qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində görülən işlərin tərkib hissəsi kimi məşğulluq probleminin həlli mühüm əhəmiyyət kəsb edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası işaxtaranların sosial müdafiəsinin güclənməsinə, səmərəli məşğulluq üçün əlverişli şəraitin yaradılmasına, özünüməşğulluq və peşə hazırlığı imkanlarının artırılmasına zəmin yaratmışdır.
Ötən dövr ərzində muxtar respublikada sosial qayğıya ehtiyacı olan vətəndaşların, o cümlədən məhdud fiziki imkanlı şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirilən tədbirlər davam etdirilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən imzalanan sərəncamlarla “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” və “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” qəbul olunmuşdur. Dövlət Proqramlarının icrasına uyğun olaraq bu kateqoriyadan olan şəxslərin sosial təminatının yaxşılaşdırılması, onların minik avtomobilləri və texniki-bərpa vasitələri ilə təmin edilməsi, təhsil almaları, məşğulluq imkanlarının yüksəldilməsi, istedad və bacarıqlarının inkişaf etdirilməsi, habelə asudə vaxtlarının səmərəli təşkili üçün hərtərəfli şərait yaradılmışdır.
Muxtar respublikada qadın hüquqlarının müdafiəsi, o cümlədən məşğulluğunun təmin olunması diqqət mərkəzində saxlanılmış, onların fəaliyyəti üçün yaradılan şərait qadınların ictimai-siyasi və sosial-mədəni həyata daha fəal cəlb olunmasını şərtləşdirməklə yanaşı, həm də öz potensiallarını səmərəli şəkildə reallaşdırılmalarına yol açmışdır.
Naxçıvan Muxtar Respublikasında dövlət gənclər siyasəti də uğurla həyata keçirilir. Son illər muxtar respublikada Gənclər Mərkəzi, kitabxanalar, mədəniyyət evləri, ali təhsil müəssisələrində yeni tədris korpusları, məktəb binaları, olimpiya-idman kompleksləri, idman mərkəzləri və digər obyektlər tikilərək və ya əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Gənclərin asudə vaxtlarının səmərəli təşkili, yaradıcılıq potensiallarının üzə çıxarılması, o cümlədən onların hüquq sahəsinə olan maraqlarının artırılması, gənclər arasında insan hüquq və azadlıqlarının təbliği daim diqqət mərkəzində saxlanılır və bu tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşkilatçılığı ilə mütəmadi olaraq hüquq olimpiadaları və bilik yarışları, intellektual oyunlar həyata keçirilir.
Muxtar respublikada məhkumların saxlanma şəraitinin beynəlxalq standartalara uyğunlaşdırılması və onların yaşayış yerlərinə yaxın ərazilərdə saxlanılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. 2008-ci ildə məhkumların və saxlanılan şəxslərin hüquqlarının təmin edilməsi məqsədilə müasir standartlara cavab verən Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsi ölkəmizdə ilk dəfə olaraq muxtar respublikamızda istifadəyə verilmişdir. Müasir tələblərə cavab verən bu müəssisənin yaradılması insan hüquqlarının müdafiəsi sahəsində mühüm tədbirlərin davamı kimi xüsusi əhəmiyyətə malikdir. Məhkumların asudə vaxtlarının təşkili və əmək fəaliyyətinin daha səmərəli təmin edilməsi məqsədilə 2016-cı ildə Penitensiar Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində yeni yaradıcılıq və istehsalat binası istifadəyə verilmiş, məhkumlara xalçaçılıq və misgərlik sənəti üzrə kurslar təşkil olunmuş, onların istehsalat sahəsində hazırladıqları əl işləri muxtar respublikada keçirilən müxtəlif sərgilərdə nümayiş etdirilmişdir.
Miqrantların hüquq və azadlıqlarının qorunması və təminatı da diqqət mərkəzində saxlanılmış, saxlanılan miqrantların hüquqlarının təmin edilməsi məqsədilə 2016-cı ildə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrantların Saxlanılması Mərkəzi istifadəyə verilmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq Mərkəzdə hər cür şərait yaradılmış, burada sosial-məişət otaqları, könüllü və məcburi saxlanılanlar üçün yataq otaqları, görüş, tibb, uşaq-əyləncə, yoxlama, sorğu, karantin, növbətçi və istirahət otaqları, yeməkxana, bərbərxana, ərzaq və əşya anbarları istifadəyə verilmişdir.
Muxtar respublikada azad mətbuatın fəaliyyət göstərməsi, söz və fikir azadlığının təmin olunması, sürətli internetə çıxış imkanlarının yaradılmsı insan hüquqlarının və azadlıqlarının qorunması sahəsində həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi mühüm əhəmiyyət daşıyır. Ötən dövrdə milli mətbuatın yubileylərinin dövlət səviyyəsində qeyd olunması, 2005-ci ildə Naxçıvan Mətbuat Şurasının yaradılması, 2011-ci ildə “Şərq qapısı” qəzetinin internet saytının fəaliyyətə başlaması, 2016-cı ildə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi üçün yeni internet saytının yaradılması və teleradio verilişlərinin internet üzərindən yayıma başlaması, 2018-ci ildə isə muxtar respublikanın ilk informasiya agentliyinin-“Nuhçıxan” İnformasiya Agentliyinin və onun internet saytının yaradılması Ali Məclisi Sədrinin mətbuata və kütləvi informasiya vasitələrinə göstərdiyi diqqət və qayğısının parlaq təzahürü olmaqla yanaşı, həm də ictimai tribuna kimi insan hüquqlarının təminatı sahəsində görülən işlərin davamıdır.
Muxtar respublikada sosial-iqtisadi inkişafın təmin edilməsi və bu sahədə həyata keçirilən tədbirlər, bütün sahələrdə müasir çağırışlara əsaslanan yeni üsul və sistemlərin tətbiqi, habelə dövlət orqanlarının fəaliyyətinin davamlı təkmilləşdirilməsi insan hüquqlarının və azadlıqlarının səmərəli təmin edilməsi və səmərəli müdafiəsinə şərait yaratmışdır.