Əridilməyən metallar…
Naxçıvan Muxtar Respublikası öz coğrafiyası, təbiəti və tarixi abidələri ilə açıq səma altında muzeydir. Muxtar respublikada zəngin tarix, mədəniyyət və incəsənət nümunələri bu gün yeni yaradılan muzeylərdə məmnuniyyətlə sərgilənir, təbliğ edilir və gələcək nəsillərə çatdırılmaq üçün qorunur. Muzeylərin özlərinin də yetərincə təbliğ edilməsi üçün muxtar diyarda Azərbaycanın digər rayon və şəhərlərinə nümunə olacaq muzey günləri keçirilir. Mütəmadi olaraq keçirilən bu günlərin məqsədi gənc nəslin düzgün, milli-mənəvi və keçmişimizə hörmət ruhunda tərbiyə olunmasıdır.
Naxçıvandakı muzeylər içərisində diqqəti çəkənlər isə açıq səma altında yaradılan muzeylərdir. İlk dəfə 2002-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə Naxçıvandakı Əcəmi seyrəngahında Açıq Səma Altında muzey yaradıldı. Bu muzeydə Naxçıvan ərazisində geniş yayılan, qədim türklərin mədəniyyətini, sənətkarlığını və etnoqrafiyasını özündə əks etdirən qoç heykəllər, qəbirüstü abidələr və daş üzərində oymalar, həmçinin Gəmiqayada ibtidai rəssamın çəkdiyi piktroqrafik yazı nümayiş olunur. Bunlar xalqımızın qədim mədəniyyət nümunələri olmaqla bərabər, eyni zamanda estetik təsir bağışlayan sənət əsərləridir.
Ötən ay Naxçıvanda muzeylər şəbəkəsinə daha bir muzey də əlavə edildi. Bu yeni yaradılan Naxçıvanın Döyüş Şöhrəti Muzeyidir. Açıq Səma Altında muzeydən fərqli olaraq bu muzeydə döyüş ənənələrimizi özündə əks etdirən, müxtəlif müharibələrdə və döyüşlərdə istifadə olunan daha müasir silahlar və müxtəlif texnikalar nümayiş olunur.
1990-cı illərin ağır günlərində bu silahlar hesabına döyüş ruhlu Naxçıvanlı igidlər ana vətəni, qədim torpağı qoruyublar. Burada tez-tez hər yaşdan olan ziyarətçilərə rast gəlmək olur. Döyüş Şöhrəti Muzeyini gəzərkən keçmiş döyüşçü Məhərrəm Orucovla tanış oldum. Məhərrəm əmi Qarabağ müharibəsində, Sədərək döyüşlərində iştirak edib. Keçmiş döyüşçünün buradakı texnikaya, silah və sursata necə maraqla və haradasa nostalji hisslərlə baxdığını hiss eləmək çətin deyildi. Sanki hansısa döyüş texnikası deyil, elə bil keçmiş döyüş yoldaşlarını görməyə gəlmişdi. Söhbətimizi də elə bu istiqamətdə qurmağa çalışıram. Bu texnikaların Naxçıvanın müdafiəsində əhəmiyyətini soruşuram. Məhərrəm əmi deyir ki, ermənilərin Naxçıvana ilk hücumları zamanı bizim silah-sursatımız yox idi. Onların ağır top, zirehli maşınlarına qarşı ov tüfəngi, uzağı, polislərdə olan avtomatlarla döyüşürdük. Amma ümummilli liderimiz Heydər Əliyevin Naxçıvana qayıdışı, burda Ali Məclisin Sədri seçilməsi ilə çox şey dəyişdi. Birinci ona inam güclü idi. Hamımız onun ətrafında birləşə bildik. Ulu öndər də bir sərkərdə kimi ilk olaraq yaradılan Müdafiə Komitəsinin bazasını bacardığı qədər gücləndirdi. Sovet ordusunun muxtar respublikadakı hərbi döyüş texnikasını burdan çıxarmağa qoymadı, onları yeni yaradılan milli ordumuzun balansına keçirdi və bu silahlar onda əsl mənada əsgərlərin döyüş yoldaşına çevrildi. Bir də o maraqlıdır ki, buradakı muzeydə sərgilənən silahların əksəriyyəti indi Ermənistan ordusunun bazasında saxlanılıb. Amma bizdə onları muzeyə qoymuşuq. Bu isə o deməkdir ki, Azərbaycan Ordusunun cəbbəxanasında ən son istehsal edilən döyüş texnikası və silahlar yer alır. Bunu ordumuzun 100 illiyi münasibəti ilə keçirilən rəsmi paradda da gördük.
Muzeydəki eksponatlarla tanış olduqca fikirləşirsən ki, bu silah və texnikaların dili olsaydı görəsən hansı qəhrəman övladın igidliyindən danışardı? Eksponatların içərisində diqqətimi çəkən iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən Həzi Aslanovun tank diviziyasında istifadə olunan tank oldu. Bu tank muzeyin ən qocaman “sakinidir”. Amma məhz elə bu tankın azərbaycanlı heyəti minlərlə kilometr yol qət edərək faşizm üzərindəki qələbə bayrağını Berlinə taxmışdı. Bu qəhrəmanlıq salnaməsini isə bu gün müasir texnika və silahlarla Azərbaycan əsgəri Lələtəpədə, Günnütdə təkrar edir.
Vətənpərvərlik ailədə başlayır, məktəbdə formalaşır, həyatda reallaşır!
Döyüş Şöhrəti Muzeyinin yaradılması Naxçıvanda bir ilkdir. Bu diyarda yaradılan istər iqtisadi müəssisə, istərsə də mədəni müəssisə gələcəyə hesablanaraq yaradılır. Döyüş Şöhrəti Muzeyinin yaradılmasıda gələcəkdə Naxçıvanlı yeniyetmələrə və gənclərə böyük töhfə verəcək. Döyüş əhval ruhiyyəsi olan bir ölkədə bu cür muzeylər mütləq lazımdır. Vətənpərvərliyin təbliği və əyani şəkildə təqdim edilən nümunələr məktəb yaşından şagirdlərin dünyagörüşünü və tariximizə ehtiramını artırır. Açıq səma altındakı Döyüş Şöhrəti Muzeyini ziyarət edən hər bir yeniyetmə anlayır ki, onun keçmişi hansı qəhrəmanlıqla zəngindir. Torpaq uğrunda döyüşən babalarımız hansı döyüş texnikasına, silahına sahib olub. Bu həm qürurverici bir hiss, həm də vətənpərvərlik duyğuları yaradır.
Muzeyin məkanı və yeri də təbii ki, çox uğurlu seçilib. Hərbi şəhərciyin yaxınlığında yerləşən muzeyi ziyarət edənlər sanki bir anlığa əsgəri mühitə düşür və özü də bir döyüşçüyə çevrilir. Digər tərəfdən isə yaxından keçən Naxçıvan-Batabat yolundan hər gün minlərlə insan gedir. Nəticədə xaki rəngi, əzəmətli forması və görünüşü ilə hərbi texnika uzaqdan diqqəti çəkir.
Muzeyin digər bir üstünlüyü isə burada şagirdlər üçün açıq dərslərin keçirilməsinə yaradılan şəraitdir. Orta məktəblərdə tədris olunan hərbi dərslər, bu döyüş texnikalarının istifadə olunduğu yaxın dövrün hərb tarixi burda əyani materialların nümunəsi ilə daha yaxşı öyrədilə və mənimsənilə bilər. Bu baxımdan muzeyin analoqu yoxdur.
Belə bir deyim var: “Qalib xatirələrlə, məğlub isə qısqanclıq hissi ilə yaşayır.” İndi burada nümayiş olunan texnikalar Naxçıvanın müdafiəsinin canlı “şahidləridir”. Döyüşçülərin, hərbi qulluqçuların xatirələri ilə zəngin olan bu muzey Naxçıvana gələn turistlərin də diqqətindən yayınmayacaq. Mədəniyyətimizi, sənətkarlığımızı, qədim tariximizi və incəsənətimizi özündə əks etdirən muzeyləri gəzəndən sonra müasir döyüş cəbbəxanamızın tarixinin saxlanc yeri olan bu muzey də onlarda müəyyən təəssürat yaradar. Biz qurub yaratdığımız kimi, bu torpağı qorumağı da bacarırıq.
P.S. Deyirlər dünyanın bir çox ölkələrində köhnə silahları metal kimi əridirlər. Bizim üçün bu silahlar tariximizi yazan ən möhtəşəm “qələmlərdir”.
Mətin Abbaslı
Naxçıvan Televiziyasının əməkdaşı