Ən qədim dövrlərdən bu günə qədər Naxçıvan ədəbi mühitini öyrənən əsər

169

Ölkəmiz dövlət müstəqilliyi qazandıqdan sonra milli sərvətimiz olan mənəvi dəyərlərimizin də tədqiqi məsələlərinə diqqət artıb. Artıq müstəqillik illərində ədəbiyyatşünaslığmızın yeni bir mərhələyə qədəm qoyduğunu məmnuniyyətlə söyləyə bilərik. Müasir ədəbiyyatşünaslıq bütün ölkəmizi – onun bölgələrini və tarixi ərazilərini müxtəlif  tarixi dövrləri əhatə etməklə dərin şəkildə və keyfiyyətlə öyrənməkdədir. Bu baxımdan xüsusilə qeyd edilməlidir ki, çağdaş ədəbiyyatşünaslığımızda Naxçıvan ədəbi mühitinin öyrənilməsi istiqamətində də xeyli ciddi uğurlar əldə edilib, çoxsaylı sanballı elmi-tədqiqat əsərləri ərsəyə gəlib. Muxtar respublikada elmə ayrılan diqqət tədqiqatçıları daha səmərəli fəaliyyətə sövq edərək çoxsaylı nailiyyətlərin əldə edilməsinə imkan verib. Qeyd edilən elmi əsərlər sırasında bu yaxınlarda çapdan çıxan və elmi ictimaiyyətə təqdim edilən “Naxçıvan ədəbi mühiti: problemlər, perspektivlər” (Bakı, “Elm və təhsil”, 2018) əsəri də diqqəti cəlb edir. 

“Naxçıvan ədəbi mühiti: problemlər, perspektivlər” adlı əsər Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı ilə çapa məqsədəuyğun bilinib. Əsərin müəllifi bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovdur. Əsərin elmi redaktoru görkəmli elm xadimi, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylidir. Bu zəhmətli işin bəhrəsi şəxsən mənə görə həm də onunla əlamətdardır ki, adını çəkdiyimiz monoqrafiyanın müəllifi Ramiz Qasımov vaxtilə bizim, yəni ADPU-nun filologiya fakültəsinin istedadlı tələbələrindən olub. Bu gün vaxtilə müəllimi olduğum, qədim və orta əsrlər dövrü Azərbaycan ədəbiyyatı ilə bağlı dərs verdiyim bir tələbənin özü indi yeni əsərlərlə, səmərəli araşdırmalarla elm meydanına gəlir. Ərsəyə gətirdiyi, ortaya qoyduğu fundamental ədəbiyyatşünaslıq tədqiqatları ilə diqqəti cəlb edir. 

Haqqında söhbət açdığımız monoqrafiyada ilk növbədə diqqəti cəlb edən məqam onun əhatə etdiyi mövzu dairəsidir. Naxçıvan ədəbi mühitini ta qədimlərdən üzü bəri araşdırmağa həvəsli olan gənc alim bu tədqiqatlarının nəticələrini adıgedən əsərdə, onun məzmununda kifayət qədər dolğun şəkildə əks etdirib, Naxçıvan ədəbi mühitinin keçdiyi çoxəsrlik tarixi inkişaf yolunun ümumi mənzərəsini yaratmağa nail olub. Müəllif mətləbə haqlı olaraq Naxçıvanın zəngin xalq ədəbiyyatı nümunələrindən başlayır, sonra yazılı ədəbiyyat nümunələrinə keçir. Yazılı bədii sərvətin qaynaqlarını və inkişaf şərtlərini geniş və əhatəli şəkildə araşdırma predmetinə çevirir. Həmin inkişafın xüsusiyyətlərini, spesifikasını, tarixi-ictimai və ədəbi-estetik tendensiyasını təhlil süzgəcindən keçirir. Müəllifin qənaətinə qoşularaq özün də sübut və təsdiq etməli olursan ki, Gəmiqaya, Əshabi-Kəhf yurdu, Nuh peyğəmbərin ocağı, ilkin yaşayış və mədəniyyətin beşiklərindən biri, 500-300 min illik ilkin yaşayış tarixi, ən qədim duzçıxarma sənətinə malik Naxçıvan mütləq sözlü ədəbiyyata da məskən olmalı idi. Ola bilməzdi ki, bu qədim oğuz-türk yurdunda, ilkin insan məskənlərindən birində insanın bədii düşüncəsi, istedadı parlamaya, onun səmərəli bəhrəsi, nişanəsi, təcəssümü gözə dəyməyə. Dünyanın ən qədim incəsənət nümunələrindən olan Gəmiqaya qayaüstü rəsmləri də burda yaşamış ən qədim insanların istedadını nümayiş etdirən ən müəkəmməl nümunələr kimi çıxış edir. 

Monoqrafiya müəllifi haqlı olaraq çeşidli qaynaqlara istinadən deyilən məsələlərə dolğun surətdə nəzər salır. XI əsr Azərbaycan intibah ədəbiyyatının görkəmli nümayəndəsi olan alim və şair Qətran Təbrizinin Naxçıvan ədəbi mühiti ilə əlaqəsi məsələsini geniş şəkildə işıqlandırır. Müxtəlif mənbələrin verdiyi məlumatlara istinadən, xüsusilə Qətran Təbrizinin özünün əsərlərinə xitabən XI əsrdə Naxçıvanda mövcud olan, şairin davamlı olaraq əlaqə və ünsiyyət saxladığı hökmdar-şair Əbu Düləf Deyraninin başçılıq etdiyi Naxçıvanşahlıq dövründə münbit ədəbi, mədəni mühitin mövcud olduğunu qətiyyətlə təsdiq edir. Müəllif bu minvalla XIII əsrin görkəmli alim və şairi, ensiklopedik bilik sahibi, görkəmli dövlət xadimi Nəsirəddin Tusinin mənşəcə Naxçıvanla bağlılığı məsələsinə də diqqət yetirərək onun bədii yaradıcılığı haqqında məlumat verir. Bu universal zəka sahibi və şairin təkcə elmi fəaliyyətini deyil, şairlik missiyasını da diqqət mərkəzində saxlayır.

Əsərdə bütün tarixi dövrlərə mərhələli olaraq nəzər yetirən müəllif XII-XV əsrlər Naxçıvanının ədəbi-mədəni mühitinə elmi səfər edir, tarixi-mədəni mühiti göstərməklə bərabər, həmin mühitin başlıca xüsusiyyətlərini, görkəmli şəxsiyyətlərini və yaradıcılıq nümunələrini də təhlil  hədəfinə çevirir. Böyük ictimai fikir adamı, alim və şair Fəzlullah Nəimi və Naxçıvan mövzusuna da geniş müraciət edən müəllif mənbələrin imkan verdiyi səviyyədə bu dövrə nəzər salmağa müvəffəq olur. Eyni zamanda o dövrün (XV-XVI əsrlərin) tanınmış anadilli şairlərindən olmuş Beyrək Quşçuoğlunun həyatına da nəzər salır və onun yaradıcılıq irsinə geniş yer ayırır.

Monoqrafiyada Naxçıvan elmi-mədəni mühitində elmin inkişafı üçün mövcud olan münbit mühit, habelə türk-islam mədəniyyətinin görkəmli şəxsiyyəti sayılan Nemətullah Naxçıvani də dövrü, mühiti və irsi ilə əsərdə özünə layiqli yer taparaq araşdırmaya cəlb edilib. Gənc tədqiqatçı Naxçıvan elmi-mədəni mühitinin mənzərəsinə əhatəli nəzər yetirməyə müvəffəq olub, bununla əlaqəli dəyərli mülahizələr ortalığa qoyub. Yaxşı haldır ki, türk-islam mədəniyyətinin görkəmli nümayəndəsi olan Nemətullah Naxçıvani irsinin öyrənilməsi, tədqiqi və nəşri məsələlərini diqqət mərkəzində saxlamaq və inkişaf etdirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən sərəncam imzalanıb. Bu əsəri həmin sərəncamın qayəsinə uyğun töhfələrdən biri hesab etmək olar.

Əsərdə  XIX əsr və XX əsrin ilk onilliklərində Naxçıvan ədəbi mühiti, onun görkəmli nümayəndəsi və ağsaqqalı Məhəmməd Tağı Sidqi, eləcə də ədəbi mühitin digər tanınmış nümayəndələri barədə də diqqətəlayiq məlumat və analizlərlə rastlaşırıq. Həmin ədəbi-ictimai simalardan olan Eynəli bəy Sultanovu, Hüseyn Cavidi, Cəlil Məmmədquluzadəni, Əliqulu Qəmküsarı, Məmməd Səid Ordubadini və başqalarını göstərə bilərik. Bəlli olduğu kimi, həmin sənətkarların xalqımızın milli-mənəvi intibahında, maarif və tərəqqi yoluna düşməsində, milli ideallara və düşüncəyə yiyələnməsində müstəsna dərəcədə böyük xidmətləri olub. R.Qasımov bu ədəbi simaların da həyatı və yaradıcılıq irsinə nəzər yetirib, özünəməxsus təhlil və fikirlər ortaya qoyub. 

Monoqrafiyada bu görkəmli sənət və maarif  bahadırlarının davamçıları və ardıcılları olan XX əsr Azərbaycan poeziyasının parlaq ədəbi simaları, Naxçıvan ədəbi mühitinin görkəmli yetirmələri Xalq şairi Məmməd Araz və İslam Səfərli irsi də diqqətdən kənarda qalmayıb. Gənc tədqiqatçı bu gözəl şairlərin əsərləri, bədii fəaliyyətləri barədə maraqlı, orijinal fikirlər söyləyib. 

Naxçıvanda ən yeni dövrdə ədəbi-mədəni inkişaf və mühit də əsərdə özünə geniş yer tapıb. Artıq qeyd edildiyi kimi, əsərin də elə özünəməxsusluğu Naxçıvanda ədəbi-mədəni inkişafda tarixiliklə müasirliyin, sələflərlə xələflərin bir arada verilməsi, təqdim, təsvir və təhlil edilməsindədir. Müəllif Naxçıvanda ən yeni, müasir dövrdə gedən ədəbi proses və inkişafa nəzər salır, onu bütün yönləri və tərəflərilə təhlil etməyə təşəbbüs göstərir. Əlbəttə, düşmən tamahına daha çox tuş gələn, blokadaya salınan və ilk düşmən gülləsi ilə də sakitliyi pozulan qədim mədəniyyət yurdu və dilbər guşələrdən olan Naxçıvan poeziyasında vətən və insan taleyinin araşdırılması bu məğrur, vətənpərvər, igidlər, ərlər yurdunun insanlarının tale və fəaliyyətlərinin də öyrənilməsi baxımından diqqətəlayiqdir. Çünki qədim dövrün müdriklərindən olan Aristotel də haqlı olaraq deyirdi ki, ədəbiyyat tarixdən daha ciddi elmidir. Məhz müasir Naxçıvan poeziyasının timsalında insanların həyatı, yaşantıları, mübarizəsi və taleləri bu bədii nümunələrdə əks olunmaqla başqalarının da həyatı və düşüncəsinin bir hissəsinə çevrilir, həyat həqiqətləri bədii vasitələrlə insanların diqqət mərkəzinə gətirilir. Bu qəhrəman torpağın övladlarının həyat və yaşam mübarizəsi məhz bu əsərdə ədəbi prosesin əhatəli təhlili ilə özünə layiqli yer tapıb.

Burada həmçinin Naxçıvan ədəbi mühitində Cənub mövzusu, quruculuq və ədəbi proses, İslam mədəniyyətinin 2018-ci il üçün paytaxtı olan Naxçıvanın türk-islam mədəniyyəti abidələrinin bədii nümunələrdəki əksi, Naxçıvan ədəbi mühitində bədii nəsrin inkişafı, Naxçıvanın aşıq sənəti və el şairləri, bədii ədəbiyyatda Duzdağ və duz mövzusu müəllifin mövzu və təhlil hədəfinə çevrilib. Bu zaman  verilən məlumatların, söylənən fikirlərin bir çoxu tamamilə yeni və orijinal təsir bağışlayır.      

Görkəmli elm xadimi, akademik İsa Həbibbəylinin elmi redaktoru olduğu, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev, filologiya elmləri doktoru Fərman Xəlilov və filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl ilə birlikdə mənim də rəyçisi olduğum bu kitab Naxçıvan ədəbi mühitinə həsr olunan əsərlər arasında özünə layiqli bir yer tutmaqdadır. Bununla bağlı məxsusi qeyd etməyi özümüzə borc bilirik ki, əsərdə Naxçıvanın qədim və orta əsrlər dövrü ədəbi mühitinin elmi şəkildə təsviri və təhlili ilk dəfədir ki, belə ayrıca, konkret, bitkin bir şəkildə tədqiqata cəlb edilib. Bu ilk cəhd artıq böyük ümidlər yaradır ki, bu kimi tədqiqat cəhdləri davam və inkişaf etdiriləcək, daha mükəmməl, əhatəli, bitkin bir Naxçıvan ədəbi mühitini əhatə edən yeni əsərlər meydana gələcəkdir.

Monoqrafiyaya ön sözündə müəllifin bu məqsəd və vəzifəni də aydın ifadə etməsi belə bir mərama  böyük ümid yaradır ki, bu əsərin müəllifi, vaxtilə istedadlı tələbəmiz olan Ramiz Qasımovun özü bu işi uğurla davam etdirəcək, özünün ziyalılıq vəsifəsinə vətəndaşlıq mövqeyindən yanaşaraq doğma el-obasına öz töhfəsini verəcəkdir. Deyilən istiqamətdə gördüyü uğurlu işləri ilə alim elmi ictimaiyyətimizə və ədəbiyyatşünaslıq elmimizə layiqli töhfələr verəcəkdir. Bütövlükdə alimlər, ziyalılar, müəllimlər, tələbələr, bütün ədəbiyyatsevərlər  və Naxçıvan ədəbi mühiti ilə maraqlanan  oxucular üçün maraqlı hesab etdiyimiz bu əsəri Naxçıvan ədəbi mühitinə həsr olunan dəyərli və layiqli bir əsər kimi də yüksək qiymətləndirir, onun müəllifinə yeni-yeni elmi  nailiyyətlər arzu edirik. 

Yaqub Babayev

ADPU-nun professoru,

filologiya üzrə elmlər doktoru

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: