Əmiraslan Əliyev adına Sərhəd Dəstəsində nümunəvi xidmət şəraiti mövcuddur

179

Son illər dövlətimizin diqqət və qayğısı nəticəsində muxtar respublikada müasir sərhəd zastava kompleksləri tikilərək istifadəyə verilib, onların maddi-texniki bazası gücləndirilib, sərhədçilərin xidmət və məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılıb, şəxsi heyətin peşəkarlığı daha da artırılıb. Bu gün muxtar respublikada sərhəd xidmətinin təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi və sərhəd dəstələrinin fəaliyyətlərinin ən müasir tələblər səviyyəsində qurulması diqqət mərkəzində saxlanılır. Dövlətimizin başçısı İlham Əliyevin bu il mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan şəhər Qaraçuq ərazi dairəsində Əmiraslan Əliyev adına Sərhəd Dəstəsində yaradılan şəraitlə tanış olması bu sahəyə göstərilən dövlət qayğısının növbəti ifadəsidir.

NUHÇIXAN-ın məlumatına görə, sərhədçilərin qidalanması, sağlamlıqlarının qorunması və peşəkarlıqlarının artırılması üçün burada yaradılan müasir şəraitin nəticəsidir ki, Qaraçuq Sərhəd Dəstəsində hərbçilərimiz heç bir çətinliklə üzləşmədən, rahat şəkildə öz xidməti vəzifələrinin öhdəsindən layiqincə gəlirlər. Burada üç mərtəbədən ibarət qərargah və yataqxana binasında rabitə, xidmət, silah, yataq otaqları, mətbəx, əsgər və zabit yeməkxanası mövcuddur. Binanın ikinci mərtəbəsində ailəli olmayan hərbçilər üçün 16 yerlik yataqxana, 48 yerlik əsgər, 4 yerlik zabit yataqxanaları və eləcə də ikiotaqlı 4 mənzil yerləşir. Sərhəd dəstəsində ərzaq mağazası və əsgərlər üçün əlavə ləvazimatların satışı dükanı da hərbçilərə xidmət göstərir. Dəstənin texniki binasında əsgərlər üçün müasir səviyyədə hamam-camaşırxana, ərzaq, əşya və silah anbarları, avtomobillərin saxlanması üçün qaraj, kinoloji xidmət və atların saxlanması üçün tövlə bir sıra çətinliklərin ortadan qaldırılmasına səbəb olub. Burada hərbçilərin idmanla məşğul olmaları üçün hər cür şərait mövcuddur.

Zabitlərdən Röyal Həsənov bildirib ki, bu gün təkcə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının Qaraçuq Sərhəd Dəstəsində deyil, həm də ən ucqar sərhəd zastavalarında da hərtərəfli xidmət şəraiti yaradılıb. Şəxsi heyət arasındakı birlik, eləcə də müasir silah və texnika təminatı sərhədlərimizin etibarlı mühafizəsinə öz müsbət təsirini göstərir.

Sərhədlərimizin təhlükəsizliyinin təmin olunması vəzifəsini peşəkarlıqla yerinə yetirən sərhədçi əsgərlərimizdən Rəvan Əsgərov, Elgün Əmiraslanov, Taleh Məmmədov, Tural Atayev, Ehtiram Bəyməmmədov, Cavidan Səlimov və digərləri nümunəvi şəraitin yaradılması nəticəsində heç bir çətinliklə üzləşmədən xidmət etdiklərini bildiriblər.

Sərhədçi olmaları ilə fəxr edən əsgərlərimiz qürur hissi ilə sərhədlərimizin keşiyini çəkirlər. Onlar döyüş atışlı təlimlərdə tər tökərək daha da bərkiyir, təlim atış çalışmalarında hədəfləri dəqiqliklə məhv edirlər.

Böyük bir inkişaf yolu keçən “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəxsi heyəti müqəddəs Vətən sərhədlərinin toxunulmazlığının təmin edilməsi və etibarlı qorunması işində öz peşə borclarına sadiq qalır, ayıq-sayıq xidmət edir. Göstərilən yüksək dövlət qayğısı, hərtərəfli şərait isə onları daha da ruhlandırır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: