Əli Həsənovun “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti” adlı kitabı Tbilisidə gürcü dilində çap olunub

188

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti” adlı kitabı Tbilisidə gürcü dilində çap olunub.

NUHÇIXAN xəbər verir ki, artıq on ikinci dildə nəşr edilmiş əsərdə son iki əsrdə azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti təhlil olunur.

Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, yerləşdirilməsi və xalqımıza qarşı törətdikləri soyqırımları kitabda sistemli şəkildə öz əksini tapıb. Bununla yanaşı, əsərdə erməni millətçilərinin təcavüzkar siyasəti nəticəsində XX əsrdə azərbaycanlıların 4 dəfə – 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə soyqırımı və etnik təmizləmələrə məruz qalması mənbələrə əsasən təhlil edilir.

Göstərilir ki, erməni millətçiləri XIX əsrin sonunda – 1885-ci ildə Marseldə “Armenakan”, 1887-ci ildə Cenevrədə “Hnçaq”, 1890-cı ildə isə Tiflisdə “Daşnaksütyun” partiyalarını yaratdıqdan sonra ermənilərin “böyük Ermənistan” yaratmaq iddiaları yeni mərhələyə qədəm qoyub və onlar öz məqsədlərinə çatmaq üçün xarici himayədarların köməyi ilə müxtəlif vaxtlarda türk-müsəlman əhalisinə qarşı dəhşətli terror və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparıblar.

Monoqrafiyada 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş soyqırımlarının Bakı, Quba, Şamaxı ilə yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə davam etdirilməsi nəticəsində on minlərlə azərbaycanlının qətlə yetirilməsi elmi mənbələrə əsasən tədqiq edilir.

Bununla yanaşı, XX əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və işğalçılıq siyasəti, o cümlədən 1988-1993-cü illərdə azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti elmi mənbələr əsasında araşdırılır. Kitabda Xocalı şəhərinin tarixi, coğrafi mövqeyi, işğal statistikası da verilib ki, bu da Yuxarı Qarabağda strateji əhəmiyyətli və əhalisi soyqırımına məruz qalmış ərazi haqqında ətraflı məlumat almaq istəyən hər bir insanda geniş təsəvvür yaradır.

Eyni zamanda, 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin işğalı zamanı dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş vəhşiliklər xarici mənbələrə əsasən geniş təhlil edilir. Bu soyqırımı aktı bütün insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi səciyyələndirilir. Həmçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinin strateji əhəmiyyətini şərtləndirən səbəblər öyrənilir.

Əsərdə Xocalı soyqırımının dünyaya çatdırılması, ona siyasi-hüquqi qiymətin verilməsi istiqamətində görülən işlər, eləcə də Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırımı aktı kimi tanınması məsələləri geniş tədqiq olunur. Müəllif diqqətə çatdırır ki, Xocalı soyqırımı dünya tarixində heç vaxt unudulmayan Xatın, Xirosima, Naqasaki, Sonqmi, Ruanda, Srebrenitsa və Holokost kimi dəhşətli soyqırımlarından heç də geri qalmır.

Kitabda göstərilir ki, hazırda Xocalı həqiqətlərinin dünyaya çatdırılması və beynəlxalq aləmdə daha geniş yayılması, eləcə də qətliama obyektiv siyasi-hüquqi qiymət verilməsi istiqamətində atılan addımlar Heydər Əliyev Fondu tərəfindən çox uğurla davam etdirilir. Fondun bu istiqamətdə fəaliyyəti nəticəsində dünya ölkələri erməni işğalçılarının Xocalıda insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır. Bununla yanaşı, kitabda bir sıra dövlətlər və İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Xocalı soyqırımının tanınması ilə bağlı qəbul edilən sənədlər, həmçinin BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş və 1951-ci ildən qüvvəyə minmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiya müxtəlif dillərdə verilib.

Əsərdə xarici dillərdə Azərbaycan tarixinin müxtəlif dövrlərinə dair sənədlər və xəritələr, münaqişənin nizama salınmasına dair BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş əraziləri haqqında məlumatlar və fotolar da verilib.

Kitab Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımı və dövlət terrorizmi siyasətinin dünya ictimaiyyətinə daha geniş miqyasda çatdırılması və təcavüzkarın ifşa olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: