Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsindəki Təlim-Tədris Mərkəzində yaradılan şəraitlə tanışlıq - YENİLƏNİR

Prezident, Ali Baş Komandan İlham Əliyev burada yeni hərbi xəstəxananın açılışını edib

273

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsindəki Təlim-Tədris Mərkəzində yaradılan şəraitlə tanış olub.

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayev dövlətimizin başçısına raport verdi.

Ölkəmizdə yeni hərbi hissələrin yaradılması, mövcud hərbi hissələrdə infrastrukturun müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında da böyük əhəmiyyətə malik layihələr icra olunub. Bu gün muxtar respublikanın müdafiə potensialı və gücü durmadan artır. Ümumilikdə, ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bu gün hərbi hissələrin komplektləşdirilmə faizi və keyfiyyəti yüksək səviyyədədir, əsas komanda-qərargah vəzifələrinin peşəkar, ali hərbi təhsili olan mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi toplamış zabitlərlə təmin olunması ardıcıl şəkildə həyata keçirilir. Bununla yanaşı, birinci əməliyyat eşelonu birliklərində dayanıqlı müdafiənin təmin olunması istiqamətində əməli tədbirlər görülüb, müdafiə sistemi təkmilləşdirilib, qoşunların döyüş qabiliyyəti yüksək səviyyədə saxlanılıb. Ordunun döyüş qabiliyyətinin daha da artırılması, əməliyyat işləri üzrə hazırlığın gücləndirilməsi ilə bağlı birlik və birləşmələrin xeyli sayda komanda-qərargah təlimi keçirilib. Bu təlimlərə Silahlı Qüvvələrin müxtəlif qoşun birləşmələri cəlb olunub və həmin təlimlərdə ən müasir tələblərə cavab verən simulyator və kompüter şəbəkələrindən istifadə edilib. Son illərdə ordunun müasir silah və texnika ilə təchiz olunması istiqamətində də əməli tədbirlər görülüb. Dövlətimizin başçısının təşəbbüsü ilə 2005-ci ildən fəaliyyət göstərən Müdafiə Sənayesi Nazirliyinin yenidən qurulan müəssisələrində istehsal olunan silah və texnika hazırda ordumuzun maddi-texniki təchizatında aparıcı rol oynayır.

Yeni yaradılan hərbi hissədə əsgər yataqxanaları, Əsgəri-Məişət Kompleksi, Təlim-Tədris Mərkəzi, qərargah binası, xəstəxana inşa olunub, sıra meydanı, idman şəhərciyi salınıb.

Əlahiddə Ümumqoşun Ordusunun Təlim-Tədris Mərkəzində taktiki simulyasiya, trenajor, mədəni-kütləvi işin təşkili bölmələri, sənədli və tədris filmləri kinostudiyası, hərbi mətbəə yerləşir. Ümumi sahəsi 7500 kvadratmetr olan üçmərtəbəli binada, həmçinin zirehli texnika, raket-artilleriya sistemləri, rabitə, taktiki hazırlıq, qarovul hazırlığı, atəş hazırlığı, topoqrafiya, komandir hazırlığı və digər sinif otaqları, kitabxana, xarici dillər kabinəsi və 700 yerlik tədbirlər zalı vardır. Hərbi tədris proqramının keyfiyyətlə mənimsənilməsi, şəxsi heyətin peşəkarlığının və nəzəri biliklərinin artırılması üçün sinif otaqlarında lazımi şərait yaradılıb, kompüterlər quraşdırılıb, əyani vəsaitlər və məlumat stendləri qoyulub. Trenajor zalında tank, artilleriya və digər zirehli texnikaların idarə olunması, eləcə də texniki və atış sistemləri üzrə 18 trenajor quraşdırılıb. Trenajorlar vasitəsilə zirehli texnikaların idarə olunması və döyüş zamanı onlardan atəş açılması öyrədilir. Keçirilən təlimlərin sonunda qiymətləndirmənin aparılması isə şəxsi heyətin bilik səviyyəsini və peşəkarlığını müəyyən etməyə imkan verir. Simulyasiya mərkəzində artilleriya qurğularının taktiki-texniki xüsusiyyətləri, həmçinin atışın idarə olunması üzrə məşğələlərin praktik mənimsənilməsi üçün hər cür şərait yaradılıb, otaqlarda mərkəzdən idarə olunan və xüsusi proqram təminatına malik 100 kompüter və proyektor quraşdırılıb. Atəş hazırlığı otağında yaradılan virtual təlim meydançası döyüş sursatı sərf etmədən müxtəlif şəraitdə atəşin idarəolunmasını həyata keçirməyə imkan verir. Həmçinin burada atəş tapşırıqlarını təhlil etmək və qiymətləndirmək, atəş göstəricilərinin dəqiqliyini müqayisə etmək mümkündür. Mərkəzin kitabxanasında Azərbaycan və dünya ədəbiyyatı nümunələri, eləcə də ordumuzun keçdiyi tarixi inkişaf yolunu əks etdirən 16 mindən artıq kitab, qəzet və jurnal materialları toplanıb. Burada şəxsi heyətin gündəlik dövri mətbuatla tanış olmaq, hərbi və bədii ədəbiyyatları mütaliə etmək imkanı var. Hərbi sahəyə dövlətimizin göstərdiyi diqqətin nəticəsidir ki, bu gün Əlahiddə Ümumqoşun Ordusunda gənc əsgərlərin peşəkar döyüşçü kimi hazırlığı da daxil olmaqla, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, gizir və zabit hazırlığı kursları da təşkil edilir, zabit heyətinin təkmilləşdirilməsi kursu da uğurla icra olunur.

Sonra Prezident İlham Əliyev Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsinin yeni hərbi xəstəxanasının açılışını etdi.

Dövlətimizin başçısı xəstəxana binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, ən müasir tibbi avadanlıqla təchiz edilən üçmərtəbəli yeni xəstəxana binasında poliklinika-qəbul, terapiya, cərrahiyyə, anesteziologiya və reanimotologiya, təminat bölmələri və inzibati bölmə mövcuddur. Xəstəxananın poliklinika-qəbul bölməsində oftalmologiya, ginekologiya, lor, ultrasəs və elektroqrafiya kabinələri və laboratoriya fəaliyyət göstərəcək. Altmış çarpayılıq xəstəxana binasında şəxsi heyətə ilkin tibbi yardım göstərmək üçün sarğı, prosedur və təxirəsalınmaz yardım otaqları da yaradılıb. Xəstəxanada hərbi qulluqçuların qidalanması üçün hərtərəfli şərait var. Şəxsi heyətin tibbi biliklərinin daha da artırılması məqsədilə hərbi tibbi hazırlıq üzrə məşğələlər keçmək üçün müasir tədris vəsaitləri ilə təmin edilən sinif və mühazirə zalı mövcuddur. Buradakı laboratoriya müasir avadanlıqla təchiz olunub. Bu isə laborator müayinələri operativ və yüksək dəqiqliklə yerinə yetirməyə imkan verir. Bir sözlə, xəstəxanada əsgər və zabitlərə yüksək səviyyədə tibbi xidmət göstərmək üçün hərtərəfli şərait yaradılıb. Bu tibb müəssisəsinin müasir avadanlıqla təchiz olunması Azərbaycanda ordu quruculuğu sahəsinin inkişafına göstərilən dövlət qayğısının əyani təzahürüdür. Bütün bunlar bir daha sübut edir ki, dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev əsgər və zabitlərin sağlamlığının qorunmasına, həmçinin sosial məsələlərinin həllinə xüsusi həssaslıqla yanaşır və bu istiqamətində mühüm işlər görür.

Sonra dövlətimizin başçısı silahlanmaya yeni qəbul edilən hərbi texnika ilə tanış oldu.

Yüz illiyini qeyd etməyə hazırlaşdığımız Azərbaycan Silahlı Qüvvələri bu gün dünyanın ən güclü 50 ordusu sırasındadır. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf dövrünü yaşayan ordumuzda həyata keçirilən islahatların nəticəsidir ki, Azərbaycan əsgəri havada, suda və quruda Vətənin maraqlarını şərəflə qoruyur. Yüksək döyüş, mənəvi-psixoloji hazırlığı ilə seçilən Azərbaycan Ordusu bu gün həm də ən müasir silah-sursat, hərbi texnika ilə təmin olunur. Silahlı Qüvvələrimizin balansında olan bu müasir texnika bir çox özəllikləri ilə seçilir. Ən əsası isə odur ki, ordumuz bu cür müasir silah-sursatın, hərbi texnikanın vasitəsilə Ali Baş Komandanın əmri ilə istənilən anda düşmənə sarsıdıcı zərbə vura və tarixi torpaqlarımızı işğaldan azad edə bilər. Azərbaycan əsgəri bunu düşmənə dəfələrlə sübut edib. Bu gün Azərbaycan Ordusunun arsenalı dünyanın aparıcı ölkələrinin istehsalı olan silah-sursatla genişlənir. Mühüm məqam ondan ibarətdir ki, son illərdə dövlətimizin başçısı, Ali Baş Komandanın diqqəti sayəsində ölkəmizdə yaradılan müdafiə sənayesi kompleksi Azərbaycanda ən müasir hərbi texnikanın, silah-sursatın istehsalına imkan verir. Təsadüfi deyil ki, indi ordumuzun silah-sursatı bir çox parametrlərinə görə dünyada ilk yerlərdən birini tutur. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son illərdə maddi-texniki bazası daha da möhkəmlənən Azərbaycan Silahlı Qüvvələri haqlı olaraq dünyanın ən qüdrətli ordularından biri kimi tanınır, hərbçilərimizin peşəkarlıq səviyyəsi getdikcə daha da artır, nəticə etibarilə Azərbaycanın ordu və müdafiə potensialı güclənir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: