Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib

1. 348

Bu il Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100-cü ildönümü tamam olur. Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu strategiyasının uğurla davam etdirilməsi Azərbaycan ordusunun gücünü artırıb, Silahlı Qüvvələrimiz mühüm təşkilatlanma və inkişaf yolu keçib. Ordumuzun döyüş qabiliyyəti və maddi-texniki bazası xeyli möhkəmlənib. Naxçıvan Muxtar Respublikasında da bu sahədə ardıcıl tədbirlər görülüb, ordu, birləşmə və hissələr müasir xidmət şəraiti ilə təmin olunub, etibarlı müdafiə sistemi yaradılıb. Muxtar respublikanın etibarlı müdafiə təminatı ilə bağlı həyata keçirilmiş tədbirlər çərçivəsində yüzlərlə hərbi obyekt tikilərək və yenidən qurularaq istifadəyə verilib.

NUHÇIXAN xəbər verir ki, iyunun 23-də – Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100-cü ildönümü ərəfəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport verib.

Ali Məclisin Sədri şəxsi heyəti salamlayıb, Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibəti ilə əsgər və zabitləri, onların timsalında muxtar respublikadakı ordu, birləşmə və hissələrin bütün şəxsi heyətini təbrik edərək deyib: 1918-ci ilin mayın 28-də elan olunan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bir ay sonra – iyun ayının 26-da Azərbaycan ordusunun yaranması haqqında qərar qəbul etmişdir. Azərbaycan Sovetlər Birliyinin tərkibində olduğu dövrdə isə ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə ilk hərbi məktəb yaradılmış, ixtisaslı hərbi kadrların hazırlanmasına başlanmışdır. Bu məktəbin yetirmələri sonrakı dövrdə müstəqil Azərbaycanın Silahlı Qüvvələrində xidmət edərək ordu quruculuğu işinə öz töhfələrini vermişlər. Ümummilli liderimiz Heydər Əliyev 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildikdən 4 gün sonra –  sentyabrın 7-də Naxçıvan Muxtar Respublikasının ərazisinin müdafiəsi və hərbi hissələrin vahid rəhbərlik altında birləşdirilməsi ilə bağlı qərar qəbul etmiş, Müdafiə Komitəsi yaradılmışdır. Müstəqillik illərində Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə ordu quruculuğu sahəsində kompleks tədbirlər görülmüş, Azərbaycan Silahlı Qüvvələri mühüm təşkilatlanma və inkişaf yolu keçmişdir.

Ali Məclisin Sədri deyib: Bu gün ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycanda ordu quruculuğu sahəsində mühüm işlər görülür, müasir silah-sursatlar alınır, ordumuzun döyüş qabiliyyəti artırılır. Görülən işlərin nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusu hesab olunur. Naxçıvan Muxtar Respublikasında da Ümummilli Liderimizin ordu quruculuğu sahəsində başladığı işlər uğurla davam etdirilmiş, Müdafiə Komitəsindən Əlahiddə Ümumqoşun Orduya qədər böyük inkişaf yolu keçilmişdir. Bu gün muxtar respublikada torpaqlarımızı etibarlı müdafiə edən və işğal altında olan torpaqlarımızı azad etməyə qadir güclü ordu formalaşıb. Bütün bunlar asan başa gəlməyib. Şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, silah-sursat təminatı, əsgər və zabitlərin xidmət və yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Hər il yeni yaşayış binaları tikilir, hərbi hissələr yenidən qurularaq istifadəyə verilir. Bu gün istifadəyə verilən hərbi hissə də muxtar respublikada ordu quruculuğu sahəsində görülən işlərin davamıdır.

Ali Məclisin Sədri yaradılan şəraitdən lazımi səviyyədə istifadə olunacağına, şəxsi heyətin bundan sonra da hər an torpaqlarımızı azad etməyə hazır olacağına əminliyini bildirib, onlara xidmətdə uğurlar arzulayıb.

Zabit Ceyhun Təhməzov minnətdarlıq edərək deyib: Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi ərəfəsində lazımi şəraiti olan hərbi hissənin istifadəyə verilməsi şəxsi heyətin böyük sevincinə səbəb olub. Belə bir hərbi hissədə xidmət etməkdən şərəf duyuruq. Muxtar respublikada hərbi hissələr üçün yaradılan şərait, göstərilən qayğı şəxsi heyətin döyüş ruhunu artırır. Bizi qələbəyə daha da ruhlandırır. Günnüt kəndinin və ətrafında olan yüksəkliklərin azad olunması bunun bariz nümunəsidir. Azərbaycanın üçrəngli bayrağını Günnüt kəndində olduğu kimi Laçında, Kəlbəcərdə, Xankəndində və Azərbaycanın digər işğal olunmuş torpaqlarında da dalğalandırmağa hazırıq.

Əsgər Ayxan Fətullayev deyib: Hərbi qulluqçuların döyüş ruhu yüksəkdir. Aparılan uğurlu əməliyyat bir daha göstərdi ki, böyük qələbəmizin bir addımlığındayıq. Şanlı zəfərlər qazanmağa hazırıq. Çünki qüdrətli Azərbaycan dövlətinin güclü ordusunun əsgərləriyik. Ayxan Fətullayev yaradılan şəraitə və göstərilən diqqətə görə şəxsi heyət adından minnətdarlıq edib.

Əsgər Yavər Məmmədov çıxış edərək deyib: Azərbaycan torpağı biz əsgərlər üçün əzizdir və onun müdafiəsində daim ayıq-sayıq dayanmağa hazırıq. Yaradılan hərtərəfli şəraitin nəticəsidir ki, hər bir əsgər özünü evindəki kimi hiss edir. Hərbi sirlərə yiyələnir və qarşıya qoyulmuş tapşırıqları layiqincə yerinə yetirməyə çalışırıq. Mən bu yaxınlarda hərbi xidməti bitirərək ehtiyata buraxılacağam. Lakin əsgər yoldaşlarımızla birgə əmin edirik ki, Azərbaycanın müdafiəsinə, verilən hər bir tapşırığın uğurla yerinə yetirilməsinə daim hazırıq.

Sonra şəxsi heyət “Bir nəfər hamı üçün, hamı bir nəfər üçün” şüarını səsləndirib.

Ali Məclisin Sədri hərbi hissədə yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, hərbi hissənin ərazisində qərargah binası, 126 yerlik əsgər və 52 yerlik zabit yataqxanaları, yeməkxana, kafe, qazanxana və avtomobillər üçün saxlanc yeri inşa edilib. Qərargah binasında iş və sinif otaqları vardır. Sinif otaqlarında yaradılan şərait şəxsi heyətin hərbi-nəzəri biliklərinin və ideoloji hazırlıqlarının artırılmasına öz töhfəsini verəcəkdir. Hərbi hissədə əsgərlərin fiziki və hərbi hazırlığı diqqətdə saxlanılıb, sıra meydanı, ümumqoşun maneələr zolağı və idman şəhərciyi salınıb, voleybol, basketbol və futbol meydançaları istifadəyə verilib.

Ərazidə abadlıq işləri də aparılıb, gülkarlıqlar salınıb.

Ali Məclisin Sədri Əlahiddə Ümumqoşun Ordunun daşınan kompleks rabitə stansiyasına və hava hücumundan müdafiə bölmələrinin idarəetmə məntəqəsinə baxıb.

Məlumat verilib ki, Əlahiddə Ümumqoşun Ordunun Hərbi Zavodunda yığılan 10 ədəd kompleks rabitə stansiyası İP texnologiyalarına əsaslanır və müasir avadanlıqlarla təmin olunub. Avtomobil və qoşqu üzərində yığılan kompleks rabitə stansiyasının rabitə məsafəsi 100 kilometrdir. Stansiya idarəetmə məntəqələri arasında və daxilində rəqəmsal kanallarla audio, video, şəkil, data, anoloq, İP telefon və radio məlumatların mübadiləsini məxfilik qorunmaqla təmin edir.

Hava hücumundan müdafiə bölmələrinin idarəetmə məntəqəsi daimi dislokasiya və səhra şəraitində döyüş növbətçiliyi aparan hava hücumundan müdafiə heyətlərinin idarə olunması üçün nəzərdə tutulub. İdarəetmə məntəqəsi planşet, radiostansiyalar və digər zəruri avadanlıqlarla təchiz edilib. Bu da muxtar respublikanın istənilən ərazisində hava hücumundan müdafiə heyətlərinin idarə olunmasını və hava şəraitinə nəzarətin həyata keçirilməsinə imkan verir. Hazırda 6 idarəetmə məntəqəsi istismara verilib.

Gətirilmiş müxtəlif ərzaq məhsulları hərbi hissənin anbarına təhvil verilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: