Əhalinin siyahıyaalınması mühüm dövlət tədbiridir

129

Muxtar respublikada ailə-nikah, təbii artım, insanların sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi, əhalinin məşğulluq və həyat səviyyəsinin yaxşılaşdırılması, miqrasiya və sair bu kimi prosesləri özündə birləşdirən demoqrafiya siyasətində məqsəd əhali artımını təmin edən şəraitin yaradılmasıdır.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, bu istiqamətdə aparılan tədbirlərin effektivliyinin öyrənilməsi məqsədilə əhalinin siyahıyaalınması keçirilməkdədir. Siyahıyaalınma hər hansı bir ərazidə yaşayan əhali haqqında demoqrafik, iqtisadi və sosial məzmunlu məlumatların vaxtaşırı toplanması, ümumiləşdirilməsi və təhlili prosesidir. Bu, vahid prinsiplər və proqram əsasında bütün ərazidə, eyni zamanda adbaad, mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Sorğu yolu ilə əldə olunmuş məlumatların ümumiləşdirilmiş yekunlarından iqtisadi təhlillərdə, sosioloji tədqiqatlarda geniş istifadə olunur.

Azərbaycan Respublikasında əhalinin siyahıya­alınması Birləşmiş Millətlər Təşkilatının tövsiyələrinə uyğun olaraq hər 10 ildən bir keçirilir. Azərbaycan Respublikasında əhalinin birinci milli siyahıyaalınması 1999-cu, ikinci siyahıyaalınması isə 2009-cu ildə ­keçirilib.

Naxçıvan Muxtar Respublikasında 1999-cu ildə keçirilən siyahıyaalınmada əhalinin sayı 354 min 72 nəfər, 2009-cu ildə isə bu göstərici 398 min 323 nəfər olmuşdur. 2009-cu ildə keçirilən siyahıyaalınmada əhalinin 198 min 267 nəfərini və ya 49,8 faizini kişilər, 200 min 56 nəfərini və ya 50,2 faizini isə qadınlar təşkil edib. Əhalinin 115 min 488 nəfəri və ya 29 faizi şəhərlərdə, 282 min 835 nəfəri və ya 71 faizi kənd­lərdə məskunlaşıb.

İqtisadiyyatın şaxələndirilməsi və sosial sahənin inkişafı üzrə həyata keçirilən tədbirlər demoqrafik proseslərin keyfiyyətcə daha yüksək mərhələyə çatmasına imkan yaradıb. 2017-ci il may ayının 4-də mühüm hadisə kimi muxtar respublikanın 450 mininci sakini dünyaya göz açıb. Bu münasibətlə Doğum Mərkəzində tədbir keçirilib, yeni doğulan körpənin valideynlərinə mükafat və hədiyyələr təqdim olunub.

Son illər əhali artımında müsbət miqrasiya ilə yanaşı, yeni doğulanların sayı əsas rol oynayıb, muxtar respublika əhalisinin sayı 1 yanvar 2018-ci il tarixə 452 min 831 nəfər olub. Müqayisə üçün qeyd edək ki, birinci və ikinci siyahıyaalınma dövrlərində əhalinin sayı 44 min nəfər artdığı halda, son 8 ildə – yəni 2010-cu ildən ötən dövrdə əhalinin sayı 50 min nəfərdən çox artıb. Heç şübhəsiz ki, durmadan artan əhali sayı muxtar respublikada əldə olunmuş sosial-iqtisadi inkişafın uğurlu nəticəsidir.

Azərbaycan Respublikası Prezidentinin “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıya alınmasının keçirilməsi haqqında” 2016-cı il 7 sentyabr tarixli Fərmanı ilə növbəti siyahıyaalınma 2019-cu il oktyabr ayının 1-dən 10-dək keçiriləcəkdir.

Hər on ildən bir keçirilən siyahıyaalınmalar sosial-demoqrafik proseslərin müşahidə olunması və pro­q­nozlaşdırılması üçün geniş imkanlar yaradır. Əhalinin 2009-cu ildə siyahıyaalınmasından keçən dövr ərzində baş vermiş ictimai-siyasi və iqtisadi proseslər demoqrafik vəziyyətə təsir göstərərək əhalinin sayına, yerləşməsinə, sosial-iqtisadi, cins-yaş və digər əlamətlər üzrə tərkibinin dəyişməsinə səbəb olub. Demoqrafik vəziyyəti öyrənərək əhali haqqında dolğun məlumat almaqla onlardan hesablama və proqnozlar hazırlanaraq elmi-praktik işlərdə və təsərrüfat fəaliyyətində istifadə olunur. Siyahıyaalınma məlumatları həm bütövlükdə ölkə səviyyəsində, həm də muxtar respublikada mühüm əhəmiyyətə malikdir. Belə ki, müxtəlif əlamətlər üzrə əhalinin tərkibinin öyrənilməsi muxtar respublikamızın sosial-iqtisadi inkişafı üzrə plan və proqramların hazır­lanmasında önəmli rol oynayır.

Naxçıvan Muxtar Respublikasında əhalinin siyahıya­alınması üzrə hazırlıq işlərinin görülməsi, onun keçirilməsi, bu sahədə müvafiq nazirlik, komitə, idarə və təşkilatların, şəhər və rayon icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirmək məqsədilə 2016-cı il 26 dekabr tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən “Naxçıvan Muxtar Respublikasında əhalinin siyahıyaalınmasına yardım komissiyasının yaradılması haqqında” Sərəncam imzalanıb. Müvafiq sərəncamın icrası istiqamətində Naxçıvan Muxtar Respublikasında əhalinin siyahıyaalınmasına yardım komissiyasının iş planı təsdiq edilib. İş planında yerinə yetiriləcək işlər müəyyənləşdirilib, şəhər və rayon İcra hakimiyyətlərində əhalinin siyahıya­alınmasına yardım komissiyaları yaradılıb, icraya məsul orqanlara konkert tapşırıqlar verilib.

Mühüm dövlət tədbirinin əsas icraçısı kimi əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənilməsi, nəticələrinin dərc edilərək yayılması Dövlət Statistika Komitəsinə həvalə olunub. Hazırda bu istiqamətdə işlərin görülməsi, iş planına uyğun olaraq təqvim üzrə həyata keçirilməkdədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: