Əgər Abbas Zamanov olmasaydı…

("Köhnə kişilər" silsiləsindən)

202

Abbas Zamanov – filologiya elmləri doktoru, professor, Elmlər Akademiyasının müxbir üzvü. Azərbaycan ədəbi və elmi ictimaiyyəti onu təkcə bu titullarla xatırlamır. Heç şübhəsiz, öz elmi-ədəbi fəaliyyəti ilə Abbas Fəttah oğlu Zamanov təkcə Azərbaycanda deyil, onun sərhədlərindən kənarda da, xüsusilə, Türkiyədə çox böyük hörmətə malik idi. Bu balaca boylu kişi elm üçün də, Azərbaycan ziyalı mühiti üçün də nəhəng bir şəxsiyyət idi.Ancaq Abbas Zamanovun böyüklüyü həm də onun şəxsiyyətində qabarıq nəzərə çarpan azərbaycançılığında, vətənpərvərliyində öz əksini tapırdı. Abbas Zamanov XX əsrin Həsənbəy Zərdabi, Cəlil Məmmədquluzadə, Sabir, Üzeyir bəy, Haqverdiyev ziyalı nəslinin-bu böyük ustadların mənəvi yetirməsi idi, amma o özü də Ustad idi, Abbas Zamanov təkcə Universitetdə dərs deməklə gələcəyin ziyalılarının müəllimi deyildi, həm bir alim, həm də bir insan kimi neçə nəslin mənəvi müəllimi sayılırdı.Belə müəllimlər-şəxsiyyətlər ölümündən sonra bəlkə də sağlığında olduğundan daha çox xatırlanır. “Artıq XXI əsr başlayıb. Və Abbas müəllimin kitabları bu gün də nəşr edilir və bu nəşrlər onun ömrünün-yaradıcılıq ömrünün XXI əsrdəki davamıdır” (Elçin).

Abbas Zamanov (1911-1993) XX əsrin doqquz onilliyini görmüşdü. Uşaqlığı çox çətin və məşəqqətli keçmişdi. Onun dünyaya göz açdığı Maxta kəndi tez-tez xain qonşuların hücumuna məruz qalırdı, kənd camaatı bu hücumlardan canını qurtarmaq üçün Cənubi Azərbaycana gedirdilər. Balaca Abbas da İranda- atası, qardaşı İsmayılla birgə Xoy şəhərində sığınacaq tapmışdılar. Atası hansı ərbabınsa yanında muzdurluq edirdi, qardaşı isə bu əzablara dözməyib öldü. Anası isə onlar hələ İrana getməmişdən əvvəl vəfat etmişdi.Yenidən Naxçıvana qayıdanda atası ikinci dəfə evlənir, təzə uşaqlar dünyaya gətirir. Atası görür ki, ailəni dolandıra bilmir, Abbası Naxçıvandakı uşaq evinə verir. Oradan da Bakıya göndərirlər. Abbas Zamanov iyirminci illərdə başına gələn məhrumiyyətləri bir müsahibəsində (“Xalq” qəzetinin müxbiri Əlipənah Bayramov aparıb bu müsahibəni) deyir ki atasını “kulak” adlandırıb səsini almışdılar, o vaxt səsi alınanların da taleyi bəd gətirirdi. Kimsə Mərkəzi Komitəyə danos yazmışdı ki, Abbas Zamanov “kulak” oğludur, o, uşaq evində yaşaya bilməz. Ona görə də Abbas Zamanovu Mərkəzi Komitəyə, Əliheydər Qarayevin yanına çağırırlar. Əliheydər Qarayev Bakı şəhər Daxili İşlər şöbəsinin rəisi M.Şəkinskiyə zəng edir. Ə.Qarayev məktubu Şəkinskiyə oxuyur və deyir ki, bunu uşaq evində saxlaya bilmərik. Amma M.Şəkinski balaca Abbasın tərəfini saxlayır, deyir ki, biz belə uşaqları küçədən yığıb oxutdururuq ki, oğurluq, quldurluq eləməsinlər, oxuyub savad sahibi olsunlar, bu uşağı qovduq, xuliqanlıq edənlərin biri də artacaq. Şəkinskinin sözləri təsirsiz qalmır. Abbas Zamanov beş il uşaq evində yaşayır və şura məktəbində də təhsil alır. İbtidai məktəbi bitirəndən sonra isə pedaqoji məktəbə daxil olur. Ondan Hüseyn Cavidlə Abdulla Şaiq imtahan götürürlər. Beləliklə, Pedaqoji məktəbi bitirəndən sonra onun “komsomol dövrü” başlayır. Cəlilabadda müəllim işləyir, sonra rayon komsomol komitəsinin katibi olur. Sonra da Bakı “Gənc işçi” və “Ədəbiyyat” qəzetlərində əməkdaşlıq edir, Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin müdiri vəzifəsində çalışır. Bu, otuzuncu illər idi. O illərdə Abbas Zamanov Hüseyn Cavidi, A.Şaiqi, Ə.Haqverdiyevi,  C.Cabbarlını tez-tez görürdü.  “Gənc işçi” və “Ədəbiyyat qəzeti”ndə isə Səməd Vurğun, Mikayıl  Müşfiq, Süleyman Rüstəm, Rəsul Rza, Əli Fövzi, Mehdi Hüseyn, Mirzə İbrahimov, Əli Vəliyevlə dəfələrlə görüşüb müsahib olmuşdu.

Və müharibə illəri. Əvvəlindən axırına kimi o, cəbhədə olmuşdu, “Döyüşən Krım” və “İrəli” qəzetlərində çalışmışdı, cəbhə dostları Rəsul Rza, Cəfər Cəfərov, Nəsir İmanquliyev, Nüsrət Bağırov, Seyfulla Əliyev İbrahim Novruzov kimi tanınmış ziyalılar idi.

Abbas müəllimin həyatında Bakı Dövlət Universitetinin böyük rolu var. Belə ki, o, Universitetdə uzun illər müəllim işləmiş, Azərbaycan ədəbiyyatı kafedrasının müdiri olmuşdu.Cavan ikən, müharibədən əvvəl Filarmoniyanın və Opera Teatrının direktoru, 1968-1971-ci illərdə isə Ədəbiyyat muzeyinin direktoru vəzifələrində çalışmışdı.

Abbas Zamanov sırf ədəbiyyatşünas idi. Onun elmi fəaliyyətini iki istiqamətdə nəzərdən keçirmək olar. Birincisi; M.Ə.Sabirin həyat və yaradıcılığı ilə bağlı tədqiqatlar (hansı ki, “Sabir və müasirləri” kitabında əks olunub), ikincisi isə Azərbaycan ədəbiyyatının qədim dövründən XX əsr də daxil olmaqla keçilən inkişaf yollarını, ayrı-ayrı ədəbi şəxsiyyətlərin həyat və yaradıcılığını əks etdirən məqalələr, ədəbi portretlər, resenziyalar, məruzələr. Heç şübhəsiz, ona bir ədəbiyyatşünas kimi böyük şöhrət qazandıran əsər “Sabir və müasirləri”dir. Bu əsər onun namizədlik dissertasiyası kimi elmi şuraya təqdim edilmişdi, amma elmi şura bu əsərə görə Abbas Zamanovu birbaşa filologiya elmləri doktoru alimlik dərəcəsinə layiq gördü. Bu, Azərbaycan filologiya elmində birinci hadisə idi.

“Sabir və müasirləri” əsərinə qədər dahi şairin yaradıcılığı tədqiq olunurdu, lakin Sabirlə, onun həyat və yaradıcılığı, ədəbi mühiti ilə bağlı elə məsələlər vardı ki, onlar öz elmi həllini gözləyirdi.Sabirin mühiti o zamankı Azərbaycan ədəbi mühitinin ən qaynar nöqtəsi idi. Mirzə Cəlil, Qəmküsar, Ə.Nəzmi, A.Səhhət, A.Şaiq, M.Hadi M.Hacınski, M.S.Ordubadi, Ə.Müznib və onlarla ziyalılar-qəzet işçiləri, müxtəlif sənət sahibləri Sabirlə ən yaxın münasibətdə idilər. Sabirin vəfatı ilə bağlı yazılan məqalələr, bu itkinin doğurduğu acılıqlar Azərbaycan ədəbi mühitinin qara bayramı idi. Abbas Zamanov Sabirin “Molla Nəsrəddin”lə əlaqələrini, təkcə Azərbaycanda deyil, İranda və Türkiyədə də böyük şöhrət qazanmasının sirrini onun satiralarında axtarırdı. Bu satiralar o qədər sərrast, hədəfə düz tuşlanan oxlar idi ki, onlardan yaxa qurtarmaq mümkün deyildi. A.Zamanov “guya xalq Sabiri başa düşməmiş,millət Sabiri vərəmlədib öldürmüşdür” fikrinin yanlış olduğunu sübut edir-xalq, millət şairini öldürmür, yaradır, böyük şairlər, alimlər, mütəfəkkirlər yaradan xalq, millət özü də böyük olur. A.Zamanovu sözün həqiqi mənasında Sabirin ən yaxşı tədqiqatçılarından biri hesab etmək olar. O, təkcə “Sabir və müasirləri” monoqrafiyası ilə kifayətlənməmiş, “Füzuli və Sabir”, “Səhhət və Sabir” kimi dəyərli məqalələr, həmçinin Sabir ədəbi məktəbinə mənsub olan satiriklərin yaradıcılığı haqqında da yazılar yazmışdır.

Abbas Zamanov öz dövrünün tanınmış tənqidçi-ədəbiyyatşünasları, şair və nasirləri də unutmamışdır.

Mir Cəlal: “Azərbaycan ədəbiyyatının bu yarım əsrdə keçdiyi yolun salnaməsini vərəqlərkən demək olar ki, biz onun hər səhifəsində Mir Cəlal ilə üz-üzə gəlir, onun səsini eşidirik”

Feyzulla Qasımzadə: “XIX əsr tarixinin elmi prinsiplər əsasında öyrənilməsi Feyzulla Qasımzadə müəllimin adı ilə bağlıdır”

Abdulla Şaiq: “O, həmişə işığa qondu, xalqın səadəti yolunu hansı cəbhədə gördüsə, o cəbhənin əsgəri oldu. Yorulmaq nə olduğunu bilmədi, çalışdı-çabaladı, dərsliklər yaratdı, müəllimlik etdi, şeirlər, hekayələr, romanlar, pyeslər, gözəl uşaq əsərləri yazdı, tərbiyə məktəbi yaratdı”

Əli Sultanlı: “Əli Sultanlının ən böyük xidməti ondan ibarətdir ki, o, respublikamızın ali məktəbləri üçün ana dilində dünya ədəbiyyatı tarixi kursunu yaratdı”

Məmməd Arif: “Kim bilmir ki, Azərbaycan sovet ədəbiyyatında Cəfər Cabbarlının dramaturgiyada, Ordubadinin nəsrdə, Səməd Vurğunun poeziyada gördüyü işi tənqiddə Məmməd Arif görmüşdür”

Cəfər Cəfərov: “Cəfər Cəfərov ömrü boyu ağa-ağ, qaraya qara deyən tənqidçi-ədəbiyyatşünas idi”

Qulam Məmmədli: “Qəzet və jurnal səhifələrində Qulam Məmmədlinin yeni tapıntılarını oxumağa adət etmişik. O, həyatının heç bir dəqiqəsini boş keçirmir, həmişə hərəkətdə, həmişə işdə-gücdə, həmişə yeni axtarışlar, kəşflər sorağındadır”

ABBAS ZAMANOV olmasaydı, Naxçıvan Ermənistana ilhaq ediləcəkdi.

Yazımın əvvəlində qeyd etmişdim ki, Abbas Zamanov böyük vətənpərvər idi. Özü də bu vətənpərvərliyi o, sözdə deyil, işdə, əməldə sübut edirdi. Adını çəkdiyim həmin müsahibədə Abbas Zamanov deyir: “Mən S.M.Qənizadə haqqında materiallar toplayırdım. Qori seminariyasının sənədlərinə baxmaq üçün Tbilisiyə, oradan da Yerevana getdim.Yerevanda bir azərbaycanlı müəllim mənə dedi ki, Naxçıvan Muxtar Respublikasının Ermənistana verilməsi haqqında sənəd hazırlayırlar. Bu məsələ ilə əlaqədar bir neçə dəfə mitinq də keçirilib. Hətta Mehri rayon partiya komitəsinin katibi Ali Sovetin sessiyasında çıxış edib deyib ki, Azərbaycan tərəfi tələbimizə razı olmasa, Naxçıvana bir qatar da buraxmayacağıq.

Yerevandan təzəcə qayıtmışdım. Elmlər Akademiyasının böyük iclas salonunda (1960-cı ilin mart ayı idi)Səməd Vurğunun xatirəsinə həsr olunmuş gecə keçirilirdi. Salon ağzına kimi dolu idi. Mənə söz verildi. Səməd Vurğundan, xalqlar dostluğundandanışdım. Sonra da dedim ki, bu dostluğu pozmaq istəyənlər var. Bu yaxınlarda Yerevana getmişdim. Orada Naxçıvanın Ermənistana ilhaq edilməsilə əlaqədar sənədlər hazırlanır, mitinqlər keçirilir. Əgər Səməd sağ olsaydı, şübhəsiz, deyərdi ki, Naxçıvanın bir qarışını da heç kimə verməyəcəyik…

Salonda elə bil bomba partladı. Bir gurultu qopdu ki, gəl görəsən. Milli hiss həm qüvvətlidir, həm də qorxuludur. Əgər axşam desəydim ki, Rəyasət Heyətində oturanların hamısını beşinci mərtəbədən atın, o dəqiqə atardılar”.

Xatirə gecəsini akademik Məmməd Arif aparırdı. Həmin o gecədə İlyas Əfəndiyev məruzəçi idi. İlyas müəllimin oğlu Elçin -o zaman X sinif şagirdi idi və həmin xatirə gecəsində iştirak edirdi. Sonralar “Ədəbiyyat və cəsarət tərcümanı” adlı məqaləsində Elçin yazacaqdı: “Alovlu çıxışından sonra Abbas Zamanov xitabət kürsüsündən düşüb parterdə öz yerində oturdu.

Elə bil ki, bütün zal hipnoz olmuşdu.

Və birdən o hipnoz keçdi, alqışın hərarəti bütün zalı, hətta bütün o böyük daş binanı titrətdi.

Mülayim bir adam olan rəhmətlik Arif müəllim rəyasət heyətində ayaq üstə dayanmışdı və zalın sakitləşməsini gözləyirdi. Zal isə sakitləşmək bilmirdi. Nəhayət, Arif müəllifin səsi eşidildi:

-Abbas Zamanov buradakı çıxışında hissə qapıldı. Mən inanıram ki, o özü də bu çıxışından peşman olacaq.

Bu zaman Abbas müəllim yerindən qışqırdı:

-Çətin!

Və bu bir kəlmə sözə görə yenidən qopan alqış yenə aləmi lərzəyə saldı”

Bəs bu çıxışdan sonra nə oldu?

Abbas müəllim həmin müsahibədə deyir ki: “Səhəri günü məni partiyadan və universitetdən çıxartdılar. Nizami institutuna 83 manatlıq bir işə göndərdilər. Mən ərizə yazıb partiya bürosunun qərarı ilə razılaşmadığımı bildirdim və xahiş etdim ki, sənədlərimi göndərsinlər Moskvaya.

Çıxışı hərə bir cür qarşılamışdı. Vətənpərvər ziyalıların böyük əksəriyyətinin ürəyindən xəbər vermişdim.Rəsul Rza məni küçədə qucaqlayıb öpdü. Ali məktəb tələbələrinin və partiya yığıncağındakı bəzi çıxışlarda isə ünvanıma kəskinsözlər deyilmiş, məni inqilabçı adlandırmışdılar.

…Dörd il get-gəldən sonra, nəhayət, məni Sov.İKP MK yanında Partiya Nəzarəti Komitəsinin sədri NikolayŞvernik qəbul etdi. Həmin ildə Sabirin ərəb əlifbası ilə şeirlərini buraxmışdım. Türkiyədə yazmışdılar ki, Sovet ədəbiyyatçısı Abbas Zamanov Sabirə beynəlmiləlçi damğası vurub. N.Şvernikə dedim ki, xaricdə mənə beynəlmiləlçi deyirlər, bizdə millətçi. Yaxşı siz deyin,bəs mən kiməm? O da cavab verdi ki: “Tınaşçelovek”(Sən bizim adamsan-red.). Sonra məni partiyaya bərpa etdilər, əvvəlki iş yerinə qaytardılar.

Amma ermənilər əl çəkmirdilər. Ermənistanda Sovet hakimiyyəti qurulmasının 40-cı ildönümündə NikitaXruşşov Yerevana gəlmişdi. Onu çox yerlərə aparıb gəzdirəndən sonra Naxçıvan məsələsini açırlar. Başı dumanlı Xruşşov deyir ki, narahat olmayın, mən bu məsələni aydınlaşdıraram. Doğrudan da Moskvaya qayıdandan sonra sənədləri nəzərdən keçirir. Qars müqaviləsi dördtərəfli danışıqlar zamanı imzalanan sənədlərlə tanışlıqdan sonra qəti şəkildə deyir ki, biz ərazi məsələsini heç vaxt müzakirə etməyəcəyik. Təəssüf ki, Qorbaçovda məhz bu qətiyyət çatışmadı”.

Əlbəttə, Abbas Zamanovun bu cəsarətli hərəkəti SSRİ hökuməti dövründə Naxçıvan söhbətinə son qoydu.

Abbas Zamanov vətənpərvərliyinin bir başqa xüsusiyyəti də onun dünya azərbaycanlıları ilə müntəzəm əlaqə saxlaması, məktubları, yazışmaları idi. Abbas müəllim varlı-dövlətli adam deyildi amma öz hesabına Azərbaycanda nəşr edilən bir çox kitabları dünya azərbaycanlılarına çatdırırdı. Oğlu Orxan Seyidov yazır ki: “Xaricdə olan azərbaycanlılar da Abbas müəllimə özlərində nəşr edilmiş ədəbiyyatları göndərirdilər. Bu iş o dövr üçün olduqca ağır olsa da, Abbas müəllim bu işin öhdəsindən ləyaqətlə gəlirdi. İndi onun göndərdiyi kitablardan qardaş Türkiyə Respublikasında Ərzurum Atatürk Universitetində yaratdığı 6 minə yaxın kitabdan “Abbas ZamanovunBağış Kitabları” Kitabxana fəaliyyət göstərir”. Akademik İsa Həbibbəyli yazır ki: “Onun hər həftə dünyanın müxtəlif ünvanlarına yola saldığı məktub və bağlamalar, barat və qəzetlər ayrıca poçt idarəsinin yükünə bərabərdir. “Abbas Zamanov poçtu” Azərbaycanla Şərqlə Qərb arasında ən etibarlı körpüdür. İrenMəlikova(Fransa), TurxanGənceyi (İngiltərə), Əhməd Şmide (Almaniya), Əbdüllətif Bəndəroğlu (İraq) Cavad Heyət (İran) kimi görkəmli ziyalılar həmin “körpü”dən keçərək Azərbaycana gəlmək imkanı qazanmışlar. Bəlkə də bu yeganə poçtdur ki, dəqiq və müfəssəl ünvan göstərmədən hər hansı məktubu öz sahibinə çatdıra bilir, sadəcə olaraq aşağıdakıları yazmaq kifayətdir: Bakı-6. Abbas Zamanov”.

Abbas müəllim Türkiyədə də olmuş, Məmməd Əmin Rəsulzadənin qəbrini ziyarət etmişdi. O, Rəsulzadənin doğulduğu kənddən qırmızı qərənfillər, onun atasının qəbrindən də torpaq aparmışdı.

Heç şübhəsiz, Abbas Zamanovun bu vətənpərvərliyi ulu öndər Heydər Əliyevin diqqətini cəlb etməyə bilməzdi. Ulu öndər daim onunla əlaqə saxlayırdı. Naxçıvana qayıdarkən ilk görüşdüyü adamlardan biri də Abbas müəllim idi.

Abbas müəllimin çox sevdiyi bir kəlam vardı. Onunla salamlaşanda, halını soruşanda deyirdi: “Şikayətlənmək üçün əsas yoxdur”.

Mən Abbas müəllimin 70 yaşı tamam olanda elə yazımın adını da “Şikayətlənmək üçün əsas yoxdur” qoymuşdum. Abbas müəllimi mən həm də öz xilaskarım sayıram. Səksəninci illərdə “Azərbaycan” jurnalında tənqid şöbəsinin müdiri idim, jurnalda bəzən tənqidi ruhda yazılar çap olunurdu. Bəzi yaşlı yazıçılar o zaman İttifaqın sədri Mirzə İbrahimova şikayət etmişdilər . Mirzə müəllim də jurnalın baş redaktoruna tapşırmışdı ki, o oğlanı jurnaldan uzaqlaşdırsın. Abbas müəllim haradansa bunu eşitmiş və Mirzə müəllimlə açıq söhbət etmiş, demişdi ki, o uşaqla işin olmasın, vəzifə borcunu yerinə yetirir.

İndi Abbas Zamanovu vəfatından keçən bu 25 il ərzində mən də  tez-tez xatırlayıram. Böyük azərbaycançı, millətini sevən-əsl vətənpərvər alim Abbas müəllimi-bu KÖHNƏ KİŞİNİ unutmaqmı olar?

Vaqif Yusifli,

filologiya elmləri doktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: