Elimizin, obamızın qan yaddaşı, şöhrət tacı olan şifahi xalq ədəbiyyatımızın əfsanə janrı haqqında çox eşitmişik. Ulularımızın təfəkkürünün məhsulu olan əfsanələrdəki dərin məna, incə çalarlar düşündürücüdür. Bu folklor nümunələrində dilimizin şirinliyini hiss edirik. Ağsaqqal babalarımızın, ağbirçək nənələrimizin təfəkkür və düşüncə tərzinin məhsulu olan əfsanələr xalqımızın milli-mənəvi dəyərlərini, əxlaqını, düşüncəsini əks etdirir. Zaman-zaman bu əfsanələr folklorşünaslarımız tərəfindən toplansa da, hələ də bir qismi yazıya alınmamış, ayrı-ayrı adamların hafizəsində yaşamaqdadır.
Yurdumuzun əfsanələrində Azərbaycan torpağının dağları, çayları, gölləri, qayaları, qalaları, ceyranları, cüyürləri, maralları, ötən quşları bədii sözün obyektinə çevrilir. Əfsanələr yurdumuzun ölməz abidələrinə sığınaraq yaşamış, əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə keçə-keçə insan xəyalı, düşüncəsi və fantastikası ilə bəzənmiş, zənginləşmiş və hər biri kamil əsərə çevrilmişdir.
Qədim tarixə malik Odlar yurdu Azərbaycanın ayrılmaz tərkib hissəsi Naxçıvan torpağında, o cümlədən Culfa rayonunda da çoxsaylı əfsanələr günümüzə qədər yaşamaqdadır.
Bu yaxınların söhbətidir. XII yüzilliyin tarixi abidəsi olan Gülüstan abidəsini ziyarətə getmişdik. Burada-Arazın sol sahilində məğrur-məğrur dayanan, dövlət qayğısı nəticəsində əsaslı şəkildə bərpa olunan Gülüstan məqbərəsi sanki bu yerlərə yeni bir görkəm bəxş edirdi. Çoxsaylı ziyarətçilərdən yaşı 80-i haqlamış bir nəfər bizə üz tutaraq dedi:
-Gəlin, yatan xatirələri oyadaq. Ötən günlərdən sizə bir əfsanə söyləmək istəyirəm. Əfsanəyə dönən, nağıla bürünən hekayət. Babamdan eşitmişəm, olduğu kimi də sizlərə ərz eyləyirəm.
Ağrınızı alım, hər dağın divanəsi, hər daşın tarixi, hər ocağın atəşi, hər bulağın göz yaşı, hər çiçəyin öz ətri, hər obanın öz hekayəti, hər igidin bir taleyi, hər gözəlin saf eşqi var. Bu abidə də belələrindəndir.
Babam söyləyirdi ki, bu ağır eldə Gülüstan adlı bir gözəl olubmuş. El-obada çoxları Gülüstanın eşqinə düşüblər. Başqa elin igidləri də Gülüstan sevdası ilə at minib, qılınc-qalxan gəzdiriblər. Gülüstan isə Araz adlı bir oğlana könül verib. Araz da igidlikdə tayı-bərabəri olmayan igid idi. O, sərt qayalarda şirlə, pələnglə pəncələşməkdən, mağaralarda dağ ayısı ilə döş-döşə vuruşmaqdan qorxmazdı. Eldə-obada qeyrətlə dolanardı. Məclislərdə böyüyün, kiçiyin yerini bilər, hər kəsə ehtiram göstərərdi Araz.
Bir qürub çağı boz dağlardan qalxan qara bulud eli-obanı bürüdü, qara xəbər gətirdi. Düşmən yurda hücuma keçmişdi. Hamı silaha sarıldı. El ağsaqqalı igidlərə uğur dilədi. Ağ atın belində Araz qartala oxşayırdı. Əynində pələng dərisindən gödəkcə vardı. Oxu, yayı sinəsinə çalın-çarpaz keçirmişdi. Belində qılınc, sinədə qalxan, baxışlarda intiqam. İgidlərin hamısı yarlı-yaraqlı atlanıb yola düşdülər. Gülüstan Arazın arxasınca boylandı, yanağına qüssə qondu. İgidlər yeridilər düşmən üzərinə. Namərdləri ilim-ilim itirdilər. Ağrıdağdan, Qızılgədikdən qovub çıxardılar. Araz “Hər şeydən uludur Vətən sevgisi” demiş və düşməni daha amansızlıqla təqib etmişdir. Döyüşərkən silahdaşlarından ayrı düşmüş və sinəsindən yara almışdır. Qanlı vuruş ellərə qələbə müjdəsi vermişdir. İgidlər geri dönərkən Arazı onların arasında görməyən Gülüstan allı-güllü paltarını geyib çayın sahilinə gəldi. Gülüstan səhərəcən onu gözlədi. Lakin Araz gəlib çıxmadı. Ürəkdən ah çəkə-çəkə, zülfünü şanalaya-şanalaya bir bayatı söylədi:
Əzizim Gülüstanın
Yurd yeri Gülüstanın.
Qurban getdi Arazım
Saç yoldu, Gülüstanın.
Gözlərindən axan yaş hər tərəfi suya döndərdi. Suyun əhatəsində bir parça allı-güllü yer qaldı.
Çox keçmir ki, Araz at belində qayıdıb. Çuxası, naxışlı corabı qan içində imiş. Üstəlik yaraq da, at da, yəhər də qana bulaşmışdı. Gülüstanı axtarıb. Gəlib gül-çiçəyin arasında rəngi solmuş sevgilisini ölmüş gördükdə ağ atı da, yarağı da yasa batıb:
Könlüm quşu uçdu hey,
Çovğunlara düşdü hey.
Mən çatana dözmədi,
Bu dünyadan köçdü hey.
Araz Gülüstanı torpağa tapşırıb, gecə-gündüz onun keşiyində dayanırmış. Qəbri üzərində bir məqbərə ucaltdıqdan sonra yoxa çıxıbmış. İnsanlar isə deyirmişlər ki, çiçəklərin ləçəyində, güllərin ətrində, bülbüllərin naləsində mahnıya dönüb Vətən torpağını dolanır. Çaya çevrilib gecə-gündüz Gülüstana həzin mahnılar oxuyur. Eşqi sadiq, əməli müqəddəs olub Arazın.
Söylənilən bu əfsanənin təsirindən ayılanda biz də Arazın laylanı xatırladan nəğməsini eşitdik. Sanki Araz çayı igid Arazın nəğməsini oxuyurdu.
Rayonumuzun Saltaq kəndi ərazisində yerləşən “Gəlin qaya” əfsanəsi də bu yerlərin təmiz duyğular aləmində yaşayan, saf məhəbbət soraqlı gəlinlərinin, qızlarının paklık rəmzinə çevrilib.
Dizə kəndində-Aydaşla bağlı yaranan əfsanənin işığında etnik düşüncənin təkrarsızlığı, bu qədim türk yurdunun əzəməti və füsunkarlığı yaşanır. Neçə-neçə yurd adlarımızda daşlaşan əfsanələr ulularımızın torpağa, doğma yurda bağlılığının bəhrəsidir.
Ə.ƏHMƏDOV
Culfa rayonu, Dizə kənd tam orta
məktəbinin müəllimi
“Arazın səsi” qəzeti