Ədəbi qəhrəmanlara həmişə ehtiyac var

196

Məşhur ingilis dramaturqu Uilyam Şekspirin “Hamlet” əsərində Hamletin bir sualı var – “Günahkar bəndələr doğub törətməyin nə mənası var?”,  fransız yazıçı Antuan de Sent  Ekzüperinin “Balaca şahzadə” əsərində Balaca Şahzadənin sualı isə belədir: “İnsanlar hanı?”

Təbii ki, bu kimi suallar ədəbiyyatda hər zaman oxucunu düşünməyə vadar edib. Bəs dərin bir dəryada-ədəbiyyatda bu sualları bizə yazarların dili ilə kimlər ünvanlayır?!  Əlbəttə, ədəbi qəhrəmanlar…

Uzun illərdir ki, müxtəlif dövrlərdə yazılan əsərlərdə və mükəmməl ədəbiyyatın yaratdığı bu qəhrəmanlar cəmiyyət üçün ideal hesab olunur. İnsanlar özünü onlara oxşatmağa çalışır. Ədəbiyyat həvəskarı olan hər kəsin ya gizli, ya da aşkar bir qəhrəmanı olur. Məsələn Sovet dövründə yazılan bır sıra əsərlərin qəhrəmanları hətta məqsədi şəkildə geniş  təbliğ olunurdu. Gənclər isə çox vaxt bu qəhrəmanlara baxıb öz gələcək yollarını seçirdilər. Məsələn,  hüquq fakültəsində oxuyan tələbələr Süleyman Rəhimovun “Mehman” povestində Mehmanı, inzibati işlərdə çalışanlar Mirzə İbrahimovun “Böyük dayaq” əsərində Rüstəm kişini, öz sözünü qorxub çəkinmədən deyən zəhmətkeş qadınlarımız Sabit Rəhmanın ssenarı müəllifi olduğu “Əhməd haradadır” filmində Nərgiz xala obrazını, vurub-tutan  romantik gənclər isə Anarın “Beş mərtəbəli evin altıncı mərtəbəsi” əsərində Zauru özlərinə qəhrəman seçirdilər. Bu isə cəmiyyətdə ədəbiyyatın nüfuz göstəricisini daha da artırırdı. Amma bir faktda var idi ki, Sovet dövründə yaranan qəhrəmanlar daha çox ideoloji qəhrəmanlar idilər və onların hərəsi ayrı-ayrılıqda bir ideologiyaya xidmət edirdilər. Burada əmək qəhrəmanları, inqilabçılar müsbət qəhrəmanlar kimi təsvir olunurdu. Yazıçılar onları daha çox iş başında, peşə fəaliyyəti zamanı təsvir edirdi. Hadisələr də  kolxozlarda, zavodlarda baş verirdi. Bütün pis cəhətlər isə “mənfi qəhrəman” adlandırılan  obrazların üzərinə yönəlirdi. Əvvəlki dövrlərdə qələmə alınan əsərlərdən bir-iki cümlə oxuyandan sonra başa düşürdün ki, bu mənfi, ya da müsbət qəhrəmandır.

Çağdaş ədəbiyyatımızda isə bu qəhrəmanlarla vəziyyət bir qədər başqa cürdür. İndi onları ayırd etmək çətindir. Müasir  ədəbiyyatda daha çox  konkret  insan obrazı var. O insan ki, onun emosiyaları, hissləri mənfi də olur, müsbət də, nifrət də edir, sevir də, həm real olur, həm də ideal.

Ədəbiyyat elə bir sahədir ki, insan bu sahəyə bağlansa, həyatının müəyyən məqamları ilə bağlı hadisələri mütləq orada görə bilər. Təbii ki, hər bir oxucunun da öz qəhrəmanı olur. Yarandığı vaxtlardan başlayaraq ədəbi qəhrəmanlar insanların sevimlisinə çevrilib. Statistika göstərir ki, minlərlə insan “Leyli və Məcnun” əsərindən zövq alaraq öz övladlarına Leyli, Qeys, hətta Məcnun adlarını qoyublar, Səməd Vurğunun “Aygün” poemasından sonra bu ad geniş yayıldı. Eləcə də Cəfər Cabbarlının ədəbi qəhrəmanları cəmiyyətimizdə Sevil, Aydın, Oqtay, Gülər, Sevər, Yaşar kimi adların yaranmasına səbəb oldu.

Müstəqillik illərindən sonra yaranan ədəbiyyatda qəhrəman obrazı kifayət qədərdir. Amma müəyyən vaxtlarda kütləvi şəkildə  mütaliə səviyyəsi aşağı düşdüyü üçün onlar o qədər də müzakirə obyektinə çevrilə bilmir. Lakin bir həqiqət var ki, ədəbiyyat cəmiyyətdən və baş verən hadisələrdən qaynaqlanır. Onun qəhrəmanlarının bir qismi yazıçının öz təxəyyülü olsa da, bəziləri real insanların prototipidir. Sadəcə müasir dövrdə bu qəhrəmanları yaratmaq və geniş şəkildə oxucuya sevdirmək lazımdır.

Bu da faktdir ki, Azərbaycanın qəhrəmanlıq ənənəsi, bu torpaqda doğulub, böyüyüb boya-başa çatan hər bir igidimiz, xalqın qəlbində, düşüncəsində qəhrəmana çevrilir. Bunun yaşadan isə ədəbiyyat olmalıdır. Şairlərimiz, yazıçılarımız öz əsərlərində xəyalı qəhrəmanlar yaratdıqları kimi müstəqil Azərbaycanın qəhrəmanlarını real boyalarla canlandırmağı da bacarmalıdırlar. Ədəbiyyat insanları obraza çevirərək xalqın yaddaşında yaşadır və tanıdır.

Bir faktı da qeyd edək ki, ədəbi qəhrəmanlar təkcə müharibə qəhrəmanları deyil, onlar sevgi, dostluq, ailə qəhrəmanları da ola bilər. Önəmli olan odur ki, bu qəhrəmanlar oxucu duyğularını riqqətə gətirə bilsin. Başqa sözlə desək, hər kəs oxuduğu bədii əsərlərdəki surətlərin arasında öz xarakterinə, həyata baxışlarına uyğun gələn ədəbi qəhrəman seçir və hətta onu öz idealı sanır. Amma təəssüflər olsun ki, bu gün kitab oxumaq, ədəbi qəhrəmanları sevmək, onları ideal kimi qəbul etmək ənənəsi haradasa 30 il qabaqkı dövrlə müqayisədə olduqca azalıb.  Buna görə də ədiblərin üzərinə bu cür qəhrəmanları yaratmaq və oxucuya sevdirmək kimi şərəfli bir vəzifə düşür. Təbii ki, bu qəhrəmanları sevmək və sevdirmək həmdə oxucuların da işidir.

Təbii ki, muxtar respublikada bu ənənəni bərpa etmək və gəncləri düzgün istiqamətə yönəltmək üçün çox vacib bir addım atılıb – “Oxunması zəruri olan” kitabları nəzərdə tuturuq. Çünki böyük qəhrəmanlıq poeziyasının yaranması üçün bizə qəhrəmanlığa susamış qəhrəman oxucular da  lazımdır. 

Mətin Abbaslı

Naxçıvan Televiziyasının əməkdaşı

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: