Əcnəbiləri heyran qoyan Naxçıvan
2018-ci il muxtar respublikamız üçün bu cür yadda qalacaq- Naxçıvan şəhərinin “İslam mədəniyyətinin paytaxtı”, Gənclər Paytaxtı seçilməsi, bölgələrimizin sürətli iqtisadi inkişafı və ardı-arası kəsilməyən uğurlar! Bu uğurlar təkcə muxtar respublika sakinlərinin həyatında müsbət şəkildə özünü göstərmir, həm də şəhərimizə gələn qonaqların sayına da ciddi təsir edir. Son illər aparılan məqsədyönlü tədbirlərin, keçirilən beynəlxalq səviyyədə yarışlar, müxtəlif layihələrin nəticəsi olaraq müasir görkəmli qədim Naxçıvanımız özünəməxsus bir çox xüsusiyyətləri ilə əcnəbiləri özünə cəlb edir. Bu gün şəhərimizin görməli yerlərində qarşımıza turist kimi çıxan qonaqlarla rastlaşmaq artıq adi hal alıb. Bu yaxınlarda rastıma çıxan bir dəstə turistlə söhbət edəndə məlum oldu ki, onların gəldiyi ölkələri bir zaman ancaq xəritədən və coğrafiya dərsliyindən tanıyırdıq. Malaziyadan, Sinqapurdan, Almaniyadan, Türkiyədən bir sözlə, dünyanın müxtəlif ölkələrindən gələn qonaqlar Naxçıvanda özləri üçün saysız hesabsız maraqlı məlumatlar, biliklər, əyləncə yerləri tapa bilir. Onları da sevindirən məhz bu məqamlardır. Həmsöhbət olduğum Sinqapurlu Konq Henq Ho ailəsi ilə Naxçıvana gəldiyini deyir. “Dilindən, dinindən asılı olmayaraq hər bir insan burada özünə bir bağlılıq, doğmalıq tapır. Biz İslam mədəniyyətinin paytaxtı haqqında sosial şəbəkələrdən məlumat almışıq. Bizim üçün çox maraqlı oldu. Ona görə də bu şəhəri görmək, buranın təbiəti, insanları, tarixi ilə yaxından tanış olmaq istədik”- sinqapurlu qonaq belə deyir. Onun marağına səbəb olan isə daha çox Naxçıvanın qədimliyidir. Naxçıvanın həqiqətən də bəşəriyyətin beşiyi olduğunu vurğulayır. Tarixi, dini abidələr, Açıq Səma Altındakı Muzeydə sərgilənən Gəmiqayadan gətirilən piktroqrafik yazı nümunəsi, Duzdağ mağarasına buranın ilk yaşayış məskəni olduğunu göstərən dəlillər kimi yanaşır Konq Henq Ho və ailəsi. “Möminə Xatın türbəsindən dünyada yoxdur. Buranın havası, suyu, mətbəxi bizi valeh etdi. Biz “Naxçıvan mətbəxi” kitabını almışıq. Sinqapurda bu mətbəxin yeməklərindən hazırlayacağıq. Bizim üçün burada hər şey çox maraqlıdır. Musiqi alətlərinin saxlandığı muzeydə olmaq bizi sevindirdi. Buranın musiqisi insana çox yaxşı təsir edir. Ailəmizlə birlikdə Naxçıvan mədəniyyətini duymaq, Naxçıvan abidələrini gəzmək xatirəmizdə gözəl təəssüratlar yaratdı. Sinqapurda Naxçıvanla bağlı maraqlı məlumatlar gözəl fotolar paylaşacağıq”, – qonaqlar belə deyir.
Əcəmi seyrəngahında rastlaşdığımız Antalyadan gələn professor doktor Mehmet Akif Çifçi oğlu isə ilk dəfədir ki, Naxçıvana gəldiyini deyir. Amma indiyə qədər bu yaxın, qardaş ölkəyə niyə gəlmədiyinə görə özünü qınayır. Türkiyənin Ağdəniz Universitetinin professoru olan Mehmet Akif Çiftçi oğlu ilk qədəm qoyanda Naxçıvanın səliqə-səhmanı, təmizliyinin onu valeh etdiyini deyir. “ Bu şəhərin İslam mədəniyyətinin paytaxtı olmasını eşidəndə məndə maraq yarandı. Buranı görmək istədim. Artıq bir neçə gündür ki, Naxçıvanı gəzirəm. Möminə Xatın türbəsini, Xan sarayını, Əshabi-Kəhfdə oldum. Müsəlman aləminin ən müqəddəs ibadətgahlarının olduğu bir yerdir Naxçıvan. Bu şəhər müasirliklə qədimliyin sintezidir”. Naxçıvanı maraqlı edən əsas məqamlardan birinin məhz bu olduğunu deyən türkiyəli qonaq Naxçıvanın tarixi türk-islam abidələrinə olan heyranlığını da gizlədə bilmir. “Naxçıvanda çoxlu muzeylər, abidələr var. Onlarda saxlanan bir çox eksponatlar, binaların memarlıq üslubu Türkiyədəkilərlə demək olar ki eynidir. Bu bizim soyumuzun, kökümüzün bir olduğunu təsdiqləyir. İnsanların səmimiyyəti, mehribanlığı onların qonaqpərvərliyindən xəbər verir. Şəhəri gəzərkən sazçalanlar qrupunun ifasına baxdım. Çox bəyəndim. Bizim mədəniyyətimiz, tariximiz birdi”- türkiyəli qonaq bunları dedi.
Əlbəttə, əcnəbilərin bütün bu səmimi sözləri, maraqlı yanaşmalarından sonra Naxçıvanın bu gün təkcə Azərbaycanın deyil, dünyanın ən müasir şəhərlərindən biri olduğunu bir daha dərk edirsən. Bunun arxasında isə təbii ki, illərin zəhməti, iradəsi və doğma diyara sevgisi dayanır.
Ulduz Əliyeva