Əcnəbi turistlər yenə Naxçıvandan yazdılar - FOTOLAR

647

Artıq yay istirahəti başa çatdıqca bu mövsümdə Naxçıvanı gəzən əcnəbi turistlərin sosial şəbəkələrdə muxtar respublika ilə bağlı rəyləri və fotoları da çoxalır. Sevindirici haldır ki, Naxçıvanın tarixi abidələri, milli dəyərləri və gəzməli yerlərinə səyahət edən əcnəbilərin təmsil etdikləri ölkələrin coğrafiyası və fikirləri də müxtəlifdir. Məsələn, Tailanddan olan Richi Hongladaromp adlı xanım Duz dağın maraqlı  mənzərələrini, rəngbərəng təpələri və onların arasından uzanan  duz çayını  öz instaqram səhifəsində paylaşıb.

Çinli aşpaz Kelvin  Çong öz səhifəsində Naxçıvan lavaşı, təndir çörəyi və badam görüntülərini paylaşaraq dostlarını bunlardan dadmağa dəvət edib. İndoneziyalı  Suharti adlı instaqram istifadəçisi Naxçıvanda keçirdiyi tətil günlərinin xoş xatirələrini fotolarla öz izləyicilərinə təqdim edib. Fotolarda Ümummilli liderin heykəli, Naxçıvan şəhərinin təmiz xiyabanları və küçələr öz yerini alıb. İndoneziyalı xanım Duzdağ ərazisində qədim  duz quyusunun üzərindəki çarxın fotosunu paylaşmaqla “Görəsən əcnəbilər yox, elə Naxçıvan sakinlərindən də kimsə bu nadir mənzərələri görübmü?” deyə maraqlı bir müraciət də edir. Makimişa adlı Yaponiyadan olan səyahətçi xanım öz səhifəsində  Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı loqosunu və “Təəssüf ki, əlvida Naxçıvan deməyin vaxtı çatıb” yazaraq hava limanının yolundakı lövhəni verib.

Stefani adlı Amerikalı xanım Naxçıvanda yalnız bir nəfər amerikalı turist ilə qarşılaşdığını təəssüflə bildirib. “Amerikalılar bura tez-tez gəlməlidirlər. Naxçıvanı  Azərbaycan torpağının əsas hissəsindən Ermənistan ayrır. Burada nadir  yerlər var. Kim  180 dərəcəlik bucaqda gözəl mənzərə görmək istəyirsə mənə inanmalıdır ”-deyən xanımın paylaşdığı  tarixi abidələr və Haçadağın fotoları geniş izləyici marağına səbəb olub. “Tripsanquips”  niki ilə Naxçıvandakı Nuhun türbəsindən foto paylaşan  Markovkin soyadlı ukraynalı səyyah bura gəlişində  məqsədinin də məhz bu türbəni ziyarət etmək olduğunu bildirir. Özünü səyyah kimi təqdim edən yapon əsilli amerikalı Celvin Sun- moonsundiaries adlı instaqram istifadəçisi, Əlincəyə 1600 pillə ilə qalxaraq dağların zirvəsində qədim döyüş meydanına bir anda  necə düşməyin həzzini  anladır. Yaponiyalı bəstəkar Tomohişa Suopi Suzuki Naxçıvanqala və Əlincəqalada olan şəkillərini yayımlayıb. Travelerclub Batabatı, Naxçıvana səfər edən Sloveniyalı rəssam Nik Aniks isə üçrəngli Azərbaycan bayrağının fotolarını paylaşıblar. Yoqa təlimi ilə məşğul olan fransız Liz Lamport Əlincəqalanın fonunda bu təlimə uyğun olan şəklini  qoymaqla burada olan yüksək aura və enerji axınından bəhs edib.  Həmçinin Ordubad və Duzdağdan da şəkillər paylaşıb. Naxçıvanda olan Yok Pimpattra adlı Bankoklu xanım daha çox  Mömünə xatın türbəsinin, britaniyalı “britishbacpakersociety” adlı istifadəçi isə Nuhun məzarüstü abidəsinin şəklini paylaşıblar. Britaniyalı qonaq “ Avropa ilə Asiyanın kəsişməsində, Yaxın Şərqdə  səyahətçilər tərəfindən kəşf edilməyən bir torpaq var. İngilis Backpacker Cəmiyyəti bunu yoxlamağa qərar verdi”- yazır. Backparker Cəmiyyəti turizmlə məşğul olan ingilis səyyahlarının cəmiyyətidir.

Səməd Canbaxşiyev

Anar Tağıyev

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: