Naxçıvan qədim mədəniyyət beşiyidir. Minilliklər boyu burada yaşayan əcdadlarımız zəngin mədəniyyət yaradıblar. Bu zəngin irsin, tarixin ən qədim dövrlərindən süzülərək günümüzə qədər gəlib çatan rəngarəng adət və ənənələrin araşdırılması, aydınlaşdırılması məqsədilə bir çox arxeoloji qazıntılar aparılıb. Qazıntılar nəticəsində aşkar edilən maddi-mədəniyyət nümunələrinin böyük bir qismi isə əcdadlarımızın ən qədim zamanlara aid dini təsəvvürləri və inanc sistemləri ilə bağlıdır.
Qeyd edək ki, əcdadlarımızın qədim inanc sistemində təbiət qüvvələrinə, o cümlədən ağaclara, meyvələrə, bitkilərə inam geniş yayılmışdı. Bu mənada ağac kultuna (inancına) inam xüsusi yer tutur. Ağac kultuna inam, ümumiyyətlə, türk xalqları içərisində ən əski çağlardan bəri mövcud olub. Belə ki, türk xalqlarından olan yakutlarda qayın ağacı yer ruhunun sığınacağı sayılır və bu ağaca at tükündən hörülmüş sicim (salama) bağlanırdı. Altaylarda da ağaca inam mövcuddur. Altaylar ağaca canlı məxluq kimi yanaşır, ağac ruhuna tapınaraq ona qurban verirdilər. Bütün bunları nəzərə alanda görürük ki, qayın, tut, qaraağac və söyüd kimi ağaclar ümumtürk inancında geniş yayılıb. Onu da qeyd edək ki, əcdadlarımızın inanc sistemində söyüd ağacı daha çox yer tutmuşdur. XII əsrdə yaşamış dahi şairimiz Nizami Gəncəvi “Sirlər xəzinəsi” poemasında bu mətləbə toxunur, söyüd ağacını gizli qüvvələrlə əlaqələndirir və bu ağacın mistik gücü olması qənaətinə gəlirdi:
Titrəyir salxım söyüd oxla vurulmuş kimi,
Lalənin manqalından qalxan dumanmı, çənmi?
Nizami Gəncəvi bu beyti ilə qədim və orta əsrlər dönəmində cadunun pozulması üçün həyata keçirilən bir ayinə işarət edir. Həmin ayin zamanı od üzərində üzərlik yandırılır və həmin üzərlik söyüdlə yellənirdi ki, cadu sınsın, bədəndən çıxsın. Söyüdün bir cür müdafiə və bəd ruhları qovma məsələsi qədim dövrlərdən bəllidir.
Söyüd kultuna inam Naxçıvanda da geniş yayılıb. Bu gün də davam edən bu ənənə özünü daha çox dəfn adətlərində göstərir. Tərəfimizdən aparılan etnoqrafik araşdırmalar nəticəsində aydın olmuşdur ki, Naxçıvanın demək olar ki, hər bir bölgəsində dəfn zamanı insanın sağ və sol qoltuqlarının arasına çöçələ barmağı qalınlığında – təqribən 2-3 santimetr diametrində, bir qarış uzunluğunda – təqribən 13-20 santimetr ölçüsündə iki söyüd çubuğu qoyulur. Dəfn zamanı söyüd çubuğu qoyulmasının bir neçə səbəbi göstərilsə də, qənaətimizcə, bu qədim türk inanclarından olan şamanlıqla bağlıdır. Belə ki, şamanlıqda söyüdün bəd ruhları qovmaq kimi xüsusiyyəti olduğuna inanılır.
Qırğızların məşhur folklor nümunəsi olan “Manas” dastanında da söyüd ağacı haqqında məlumatlar verilir və türk qövmləri arasında bu ağaca dua edildiyi, ayin və mərasimlər keçirildiyi yazılır.
Söyüd ağacına inam həm də Novruz inancları içərisində də özünə yer tapıb. Belə inanılır ki, söyüd ağacı ilin başa vurulduğu anda başını torpağa toxundurur və yaxud da bəzi tədqiqatçıların dediyi kimi səcdə edir. Səcdə zamanı isə hər kim niyyət edərsə, onun niyyəti çin olarmış. Digər bir inanca görə, ilaxır çərşənbəsi axşamı niyyət edən doğmalarından birinin əkdiyi söyüdün altına gedib baxar. Əgər görsə ki, söyüdün budaqları yerə toxunur, deməli, diləyi qəbul olunmuşdur.
Bəli, ulu əcdadlarımız ən qədim zamanlardan bəri bir çox dini inanclara malik omuşdur ki, bu da xalqımızın ilkin təsəvvürləri ilə bağlıdır.
Səbuhi HƏSƏNOV,
AMEA Naxçıvan Bölməsinin
Etnoqrafiya şöbəsinin kiçik elmi işçisi
“Yeni həyat” qəzeti