Bilənlər bilir, bilməyənlər də yəqin ki, ucundan-qulağından eşitmiş olar. Söz adamlarının bir araya gəldiyi çay süfrəsi və yaxud yemək-içmək məclisi adətən uzun çəkir. Çünki hamının sinəsi sözlə dolu olur, hamı sözün içində olur və hamı da bir-birini görəndə söz «xırdalayır». Ona görə də məclis uzanır və bir də baxıb görürsən ki, saatları əridib xərcləmisən. Amma bizim nahar süfrəmiz çox da uzun çəkmədi. Çünki mənim Naxçıvana səfərim qısa müddətli olduğundan dostlarım da, özüm də istəyirdim ki, bu qədim diyarı gəzib yenilikləri öz gözlərimlə görüm. Ona görə də bir ayağımız qaçaraq idi. Çayımızı içəndən sonra dostlar məclisin xərcini çəkib indi nə edəcəyimi, məqsədimi, proqramımı soruşdular.
Haqq üçün deyim ki, Fərəc müəllim israrla Culfaya getməyimi istəyirdi. Onun qonağı olmağımı, Culfanın gözəlliklərini seyr etməyimi istəyirdi. Hələ Bakıda olarkən ona Culfaya gedəcəyimə söz vermişdim. Amma bir gerçək də var idi ki, qardaşımız, şair dostumuz İbrahim Yusifoğlu uzun zaman idi ki, məni Şərurda görmək istəyirdi. Hətta ötən səfərimdə Şərura gedə bilmədiyimdən bir balaca incimişdi də. Yaşda da, yaradıcılıqda da çox-çox samballı olan böyük qardaşım, qələm dostum İbrahim Yusifoğlu bu səfərimdən də xəbərdar idi və dəfələrlə zəng vurub bildirmişdi ki, gözləyirəm, Şərura gəl! Lap istəyirsən özüm gəlib səni aparım. Ona görə də qərara gəldim ki, bu dəfə Şəruru ziyarət edim. Bir Şərur gözəlliklərinin gözəlləməsini yaddaşıma, ürəyimə köçürüm…
Bax, elə bu niyyətlə də Şərura getməyə üstünlük verdik. Fərəc müəllimin könlünü oxşayıb onun razılığını aldım və çox ciddi şəkildə bildirdim ki, növbəti səfərim mütləq Culfaya olacaq.
Son dərəcə təmkinli, ağırtəbiətli, necə deyərlər, danışığı da, hadisələrə münasibəti də əsl köhnə kişilərə xas bir formada olan Fərəc müəllim incidiyini büruzə verməmək məharətilə bizim Şərura getməyimizə etiraz etmədi. Sadəcə onu dedi ki, bax, razılaşdıq ha, növbəti gəlişin Culfaya olacaq!..
Bəli, bu dəfə də sükan arxasında Əbülfəz idi. Burda bir məqamı mütləq qeyd etməliyəm. Əbülfəz Ülvi şair kimi nə qədər məharətli, mükəmməl söz ustasıdırsa, bir o qədər mükəmməl sürücüdür. O, sükan arxasında imtahan verirmiş kimi bütün hərəkət qaydalarını elə ustalıqla yerinə yetirirdi ki, mən baxdıqca öz nöqsanlarımı, öz sürücü kasadlığımı xatırlayıb içimdə yaxşı mənada utanırdım. Üstəlik, Əbülfəz müəllim həm də söhbətcil yol yoldaşı kimi informasiya verməyi də çox yığcam, həm də yaddaqalan bir şəkildə dilə gətirirdi. Onun hər sözündən, hər cümləsindən sonra Naxçıvandan Şərura doğru uzanan yolun sağ və sol istiqamətləri bir kitab kimi gözümün qarşısında vərəqlənirdi.
Biz Şərura tərəf istiqamət götürəndə çox dəyərli yazıçı-publisistimiz, Azərbaycan mətbuatında özünəməxsus imzası, sözü, dəst-xətti olan dəyərli Hüseyn Əsgərov öncə Asim müəllimin telefonuna zəng vurdu, sonra da mənim. Bizimlə ola bilmədiyinə görə, üzrxahlıq etdi. Və səbəb kimi də öncə çalışdığı işin, sonra da əsl müsəlman kimi oruc tutmasını vurğuladı. Təbii ki, oruc tutmuş bir Allah bəndəsinin bizimlə Şərura səfər etməsi, orda baş tutacaq ziyarətə qatılması o qədər də münasib sayıla bilməz. Və bu mənada mən də, Asim müəllim də Hüseyn Əsgərovun üzrxahlığını tam səmimiyyəti ilə qəbul etdik. Və onun iradını mən şəxsən nəzərə alaraq söz verdim ki, bir daha dini bayramlar zamanı Naxçıvana səfər etməyəcəm. Çünki burdakı dostların fəaliyyət proqramı, həyat tərzi, dünyaya, cəmiyyətə baxışları bəzən mənim yanaşmalarımla düz gəlmir. Bu da istər-istəməz dostları narahat edir…
Öncə Kəngərli rayonunun ərazisinə daxil oluruq. Yaşı o qədər də böyük olmayan bu rayon və onun ərazisi ilk andan, yəni rayon ərazisinə daxil olduğum məqamdan mənim diqqətimi çəkməyə başlayır. Demək olar ki, bu ərazi bir az Qarabağın, xüsusilə Füzulinin, Cəbrayılın torpaqlarını xatırladır. Yolboyu əkilmiş ağaclar, daha çox da meyvə ağacları adamın həm gözünü oxşayır, həm də könlünü. Yenicə saralmağa başlayan əriklər, alça ağacları və digər meyvələr, o cümlədən də salxımlanmış bir şəkildə budaqları aşağı əyməyə başlayan alma ağacları bolluğun, bərəkətin əsl nümunəsidi. Asim müəllim söyləyir ki, rayon yaşca cavan olsa da, onun inkişafı, burada aparılan tikinti-abadlıq işləri muxtar respublika rəhbərliyinin diqqəti sayəsində demək olar ki, aybaay uğurlara qovuşur.
Həqiqətən də Kəngərli rayonunun magistral yolunun kənarındakı mənzərəsi məktəb, xəstəxana binalarının gül-çiçəyə qərq olması, onların arxiterkturası, xüsusilə kəndarası yolların səviyyəsi adamı məmnun edir. Hətta hərdən dostlarıma deməsəm də, ürəyimdə bu gözəlliyə, bu səliqə-səhmana ürəyimdə bir həsəd hissi də baş qaldırır. Öz-özümə söyləyirəm ki, bu iş üslubu, bu qurub–yaratmaq və insanlara xidmət etmək mexanizmi niyə bütün respublikamızda eyni səviyyədə deyil? Burda bir zarafat də keçir ürəyimdən: ölkənin məsul işçilərini, rayon rəhbərlərini Naxçıvanda təcrübə keçməyə göndərmək zamanı gəlib çatıb?!.
Hər halda, mən bu zarafatı sevgiylə bütün Azərbaycanın gözəlliyi naminə arzu edirəm, dilə gətirirəm. Qəlbimdə başqa bir niyyət yoxdu. Düşünürəm ki, Naxçıvana səfər edən hər bir duyğusal insan gördüyü bu mənzərənin özünün daimi yaşayış yerində olmasını da ürəyindən keçirər. Elə bu fikirlərin qoynunda olduğum zaman Asim Yadigar əliylə dağlara tərəf uzanan yolu göstərib deyir:
– Bax, bu yol Qarabağlar kəndinə gedir. Kəngərlinin ən böyük kəndlərindən biridi.
Söz içimdə bir şimşək kimi çaxır. Qarabağlar sözü mənə Qarabağı yenidən xatırladır. Yenidən gözlərimin önündən Şuşanın, Xocavəndin, Laçının, Zəngilanın, Qubadlının və digər rayonlarımızın yolları gəlib keçir. Təəssüf ki, bu yollar hələ ki, üzümüzə bağlıdı…
Yolun kənarındakı lövhə diqqətimdən yayınmır. O lövhədə yazılıb: Şərur rayonu! Və bir də «Xoş gəlmisiniz».
Tam səmimi deyəcəm. Adını tez-tez eşitdiyim, ziyalılarıyla, önə çıxmış isimlərilə fərqlənən, özü də təkcə Naxçıvanda yox, bütün Azərbaycanda özəl imicə məxsus olan Şərur rayonu doğrudan-doğruya bir yaşıllıqlar diyarıdı. Elə ki, rayon ərazisinə daxil olduq, Asim müəllimi, həmçinin sükan arxasında olmasına baxmayaraq Əbülfəz müəllim mənə artıq bilgilər verməyə başladılar. Öyrəndim ki, 70 civarında kəndi olan bu rayonun çox böyük potensialı var: həm təsərrüfat baxımından, həm də ziyalılıq baxımından. Doğrudur, mən Şərura getməmişdən öncə bilirdim ki, tanıdığım insanlardan bir neçəsi məhz Şərurdan Azərbaycan arenasına çıxıbdı – həm elm, təhsil sahəsində, həm bədii yaradıcılıqda, həm də ictimai-siyasi həyatımızda. Onlardan biri çox hörmətli söz adamı, yazıçı-publisist, şairə Sona Vəliyeva məhz bu rayonun Tənənəm kəndində dünyaya gəlibdi. Bax, Asim müəllimin göstərdiyi bu yol məhz həmin kəndə tərəf uzanıb gedir. Digər yol isə görkəmli akademikimiz İsa Həbibbəylinin doğulduğu Danyeri kəndidi.Elə əsas magistraldan ayrılan yolun özünün durumu bu kəndin ümumi mənzərəsindən xəbər verən, xoş təəssürat yaradan bir nümunədi. Dostlarımın söylədiklərindən öyrənirəm ki, bu kənddə də məktəb, xəstəxana, uşaq bağçası, ümumiyyətlə, həyat səviyyəsinin özü insanların rahatlığına, normal yaşayışına tam uyğundu. Və mən öncədən bilsəm də, eşitdiklərimin ipucundan tutub onu da öyrəndim ki, Naxçıvan Ali Məclisinin sədri hörmətli Vasif Talıbov cənabları da Şərur rayonunun Aşağı Aralıq kəndində doğulub. Və onun bütün Naxçıvanla yanaşı, özünün doğulduğu rayona da etdiyi səfərlər zamanı qarşıya çıxan hər bir problemin çox qısa vaxtda aradan qaldırılmasına özü şəxsən nəzarət edir. Ona görə də rəhbər işçilər, məsul şəxslər çalışırlar ki, ən xırda problemi də dərhal aradan qaldırsınlar ki, rəhbərliyin tənqidinə məruz qalmasınlar.
Bu da Şərur rayonunun mərkəzi. İbrahim müəllimlə görüşməmişdən öncə dostlarımdan xahiş edirəm ki, bir az Şərurun içərisində gəzib dolaşaq. Adını eşidib üzünü ilk dəfə gördüyüm bu cənnət-məkanın gözəlliklərini seyr edək. Belə də edirik Rayon mərkəzindəki səliqə-səhmana kiminsə irad tuta biləcəyinə inanmıram. Burda kəndlə şəhər sanki qovuşub, bir-birini tamamlayıb. Rayon mərkəzində həm şəhər ab-havası, həm də kənd yaşam tərzi elə qovuşub, elə paralelləşib ki, bu, adamda daxili bir rahatlıq yaradır. Şəxsən mən gördüyüm bu mənzərənin içərisində şuşalı günlərimi, ağdamlı günlərimi, füzulili günlərimi atüstü də olsa gəzib, dolanıb qayıtdım. Və bir də gördüm ki, gül-çiçəyin əhatəsində olan, qarşısında da bir xeyli insanın dayanıb söhbət etdiyi binanın önündəyik. Bu ikimərtəbəli, səliqə-səhmanı ilə diqqət çəkən bina Şərur rayon Təhsil Şöbəsinin yerləşdiyi ünvandı. İbrahim Yusifoğlu burda çalışır.
(Ardı var)