“Əbədi ezamiyyət” sənədli filmi Koreya Respublikası parlamentində nümayiş etdirilib

103

Heydər Əliyev Fondunun dəstəyi, Arzu Əliyevanın baş prodüserliyi ilə Bakı Media Mərkəzi tərəfindən ərsəyə gətirilmiş “Əbədi ezamiyyət” sənədli filmi Koreya Respublikasının parlamentində nümayiş etdirilib.

NUHÇIXAN xəbər verir ki, film ölkəmizin Seuldakı səfirliyi və Koreya Respublikası Milli Assambleyasında Azərbaycan üzrə Dostluq Qrupunun birgə təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təşkil olunan seminar və fotosərgi çərçivəsində təqdim edilib.

Tədbirdə Koreya parlamentinin üzvləri və onların köməkçiləri, Seuldakı diplomatik nümayəndəliklərin rəhbərləri, ali təhsil ocaqlarının müəllim və tələbələri, kütləvi informasiya vasitələrinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Azərbaycanın Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, həmin dövrdə üzləşdiyi çətinliklər, ictimai-siyasi sahədə həyata keçirdiyi mühüm islahatlar barədə geniş məlumat verib. Bildirib ki, Xalq Cümhuriyyəti qısa müddət sonra süquta uğradılmasına baxmayaraq, Azərbaycan xalqı azadlıq və müstəqillik arzusunu qəlbində daim yaşadıb. Azərbaycan ötən əsrin sonlarında bir çox çətinliklərə, o cümlədən qonşu Ermənistanın işğalçılıq siyasəti və ərazilərinin 20 faizinin işğalına baxmayaraq, müstəqilliyini bərpa edə bilib.

Səfir xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası nəticəsində müasir Azərbaycan dövlətinin öz müstəqilliyini qoruyub saxladığını və daha da gücləndiyini diqqətə çatdırıb. O, “Əbədi ezamiyyət” sənədli filmi barədə məlumat verərək deyib ki, ekran əsəri Azərbaycan nümayəndə heyətinin Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq miqyasda tanınması istiqamətində Paris Sülh Konfransında üzləşdiyi çətinliklərdən və çoxsaylı fədakarlıqlardan bəhs edir.

Koreya Respublikası parlamentinin Koreya-Azərbaycan Dostluq Qrupunun rəhbəri Li Myonq Su və parlamentin deputatı Na Kyunq Va Koreya Milli Assambleyasında Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunan tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Çıxış edənlər müasir Azərbaycan dövlətinin inkişafı, müxtəlif sahələrdə əldə edilmiş nailiyyətlər barədə danışıb, Azərbaycan-Koreya əlaqələrinin inkişafı perspektivlərinə dair fikirlərini bölüşüblər.

Tədbirdə məruzəçilər qismində Koreya Respublikasının Azərbaycanda ilk səfiri olmuş Li Kvanq Çul və Hankuk Universiteti nəzdində fəaliyyət göstərən türk-Azərbaycan tədqiqatları fakültəsinin dekanı Oh Çonq Cin təqdimatla çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, müstəqil Azərbaycan dövlətinin yaranması və inkişafı, xalqlarımızı birləşdirən tarixi və mədəni oxşarlıqlar barədə danışıblar.

Sonra “Əbədi ezamiyyət” sənədli filmi nümayiş etdirilib. Film tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Koreya Respublikası parlamentinin əsas binasının dəhlizində keçirilmiş sərgidə Azərbaycan Xalq Cümhuriyyəti, müasir Azərbaycanın son illər əldə etdiyi nailiyyətlərlə bağlı fotolar nümayiş etdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: