Zirvələr qoynundan bir kənd boylanır

629

Hər tərəfdən dağlarla əhatə olunan kəndlərdə, şər qarışanda, toran düşəndə  yaranan mənzərə çox vahiməli olur. Məsələn götürək bu kəndi. Bu kənd Keçili kəndidir. Axşam saatlarında  qərb tərəfdən ucalan dağların kölgəsi əjdaha qanadları kimi kəndi öz ağuşuna alır. Əslində bu mənzərəni bütün dağlıq kəndlərdə hiss etmək mümkündür. Düzən ərazilərdə yerləşən kəndlərdə qaranlıq birdən düşür. Elə ki, günəş uzaqlarda qürub etdi, hava da qaralır. Amma dağlarla əhatə olunan kəndlərdə qaranlığın düşməsi yavaş-yavaş baş verir. Günəş qərbə doğru irəlilədikcə, nəhəng dağların kölgəsidə şərqə doğru sürünür. Əvvəlcə kölgənin, sonra isə qaranlığın yaratdığı vahimə birləşərək insanların əhval-ruhiyyəsində pessimistlik əmələ gətirir. Bəlkədə bunun fərqinə həmin kəndin sakinləri bir o qədərdə varmırlar. Ola bilsin ki, onlar bu cür şəraitə adaptasiya olublar. Amma kənardan gələn qonaqların əksəriyyəti dağ kəndlərində, günəşin qürub etdiyi anları çox maraqla qarşılayırlar.

Bu dağ kəndində günəşin qüruba gedərkən yaratdığı ecazkar mənzərə daha möhtəşəmdir.

Keçili kəndi Naxçıvan şəhərindən 40 km şimalda, Zəngəzur dağ silsiləsinin ətəklərində yerləşir. MR-in ən yüksək zirvələrindən bir neçəsi də məhz Keçili kəndinin ərazisində yerləşir.

Bu zirvələrdən biri də Üçqardaş zirvəsidir ki, dəniz səviyyəsindən 2600 m yüksəkdə yerləşir. Qeyd etdiyimiz kimi Keçili kəndi dağlıq ərazidə yerləşir.  Hər tərəfdən dağlarla əhatə olunan bu kəndin yazı kimi qışı da gözəldir. Qafqaz sıra dağlarına məxsus tipik xüsusiyyətlər əslində bu dağlarda daha çox hiss olunur. Buradakı dağlar sıra ilə düzülməyib. Ətrafda relyef nahamardır. Landşaft müxtəlifliyinə burada hər yerdə rast gəlmək mümkündür. Kənd evləri hər hansısa düzən bir ərazidə salınmayıb. Daha doğrusu ətrafda elə bir geniş düzənlik ərazi yoxdur ki, evlər orada inşa olsun. Evlər əsasən kəndin ərazisindən axan 2 çayın sahilində salınıb. Dağ çaylarından biri kənd camaatının şirin çay adı verdiyi “Şirin çay”dır ki, bu çay da öz başlanğıcını  Culfa rayonunun Ərəfsə kəndi ilə sərhəddə yerləşən Pələng vurulan Dibəkli və Ərəci dağlarından, digəri isə “Şor çay” adlanan çaydır ki, o da öz başlanğıcını “Gurullu güney”, “Muncuqlu bulaq”, “Güney yurd” massivindəki dağ bulaqlarından alır.

Evlərin salınmasından və məskunlaşmanın əsasən su hövzələrinə yaxın yerlərdə aparılmasından tam aydın olur ki, ulularımız burada heyvandarlıqla yanaşı, əkinçiliklə də məşğul olublar. Çünki qədim evlər və onların həyətyanı sahələri çayın mənbəyinə çox yaxın yerlərdə salınıb. İnsanların əkinçiliklə və bağçılıqla məşğul olduğunu sübut edən  çoxlu nümunələr vardır ki, onların çoxu bu günə kimi qalmaqdadır. Məsələn kəndin şimal şərqində 15 hektarlıq ərazidə böyük meyvə bağı olub ki, oradakı meyvə ağaclarının çoxunun 150-200 il yaşı vardır. Hətta bağın sahibinin adı bu günə qədər əbədiləşib. Bu bağı Hacı Əli adlı bir şəxs salıb ki, o da bu kəndin ən böyük tayfalarından olan “Alməmmədli” tayfasının ulu babalarından olub. Həmçinin bu kəndin ərazisində 3 böyük su dəyirmanı da olub ki, bu da keçmişdə Keçili kəndində məskunlaşan əhalinin çoxluğundan xəbər verir. Bu kəndin adı ilə bağlı bir neçə müxtəlif rəvayət söylənilir. Bunlardan da birində vurğulanır ki, kənd dağlıq ərazidə yerləşdiyindən bura keçmişdə çox güclü qar yağarmış. Hətta nə vaxtsa bura o qədər qar yağıb ki, yollar bağlanıb, evlərin çoxu batıb. Kənd əhalisi belə bir dəhşətli ilin tez keçib getməsindən ötrü bayatılar və nəğmələr qoşub. Məsələn Keçili sözünü özündə daha qabarıq şəkildə əks etdirən bir şeir də qoşulub.

Qar yağdı, yel oynadı,

Qopdu çöldə fırtına.

Mal qaramız qırıldı,

Hər şey getdi qırğına.

Dəyirmana gedən yol,

Batdı qar altda qaldı.

Adamların xoş günü,

 Yenə bahara qaldı.

Səndən ta xeyir gəlməz

Yığ şələni uç ay il.

Hər ildən xeyir gəlməz,

Uğursuzsan sən, keç il.

Qeyd edək ki, tarixdə keçili sözünün mənası ilə bağlı maraqlı faktlardan biri də bu sözün qədim türk tayfa adları ilə uyğun gəlməsidir. Hətta bu gün Keçili adlı bir neçə kənd də qardaş Türkiyənin ərazisində yerləşir. Həmçinin Azərbaycanın qərb rayonlarından olan Şəmkir rayonunun da böyük kəndlərindən biri Keçili adlanır. Şəmkir rayonunun ərazisində olan Keçili kəndinin sakinləriniin qədimdə buradan-Naxçıvandan köçüb getmələri isə faktdır. Şəmkir rayonunun Keçili kəndindən olan ağsaqqal və ağbirçəklər bildirirlər ki,  hardasa XIX əsrin ortalarında bu ərazilərdə baş verən təbii fəlakətlərlə əlaqədar olaraq əhalinin bir qismi öz yurd-yuvalarını tərk etmək məcburiyyətində qalıb və müxtəlif yerlərə səpələniblər. Bir neçə ailə isə Şəmkirin indiki Keçili kəndinin ərazisinə köçüb. İndi həmin o tərk edilmiş yurd yerinin adı, “Xaraba Keçil” adlanır. Həmin “Xaraba Keçil” isə kəndin cənub-şərqində Babək rayonunun Göynük, Culfa rayonunun isə Milax kəndləri ilə qonşu  ərazidə yerləşir. Onu da qeyd edək ki, qədimdə insanlar əsasən aran bölgələrində məskunlaşmağa daha çox üstünlük verirmişlər. Bu isə dağlıq zonalarda qışın sərt keçməsi ilə bağlı olub. Bəli Naxçıvan MR-in qədimdə ən çox insan məskulaşan bölgələrindən olan Zoğala yurdunda, Vələverdə və Xaraba Keçildə arxeoloqların tədqiqat aparmaları üçün münbit şərait vardır. Çünki bu ərazilərdə qədim türklərin məskunlaşmasını sübut edən onlarla faktlar mövcuddur. Məsələn Zoğala yurdundakı “El qəbristanlığı”,  Vələver ərazisindəki uçub dağılmış tikililər, onlar yaxın yerdə yerləşən pir və ziyarətgahlar buradakı məskunlaşmanın lap qədim dövürlərə gedib çıxmasından xəbər verir.

Müasir Keçili kəndinin yerləşdiyi ərazi öz coğrafiyası ilə fərqlənir. Hər tərəfdən hündür dağlarla əhatə olunduğundan burada qışda havalar soyuq, yazda və payızda yağışlı, yayda isə mülayim keçir. Düzənlik ərazilərin azlığı səbəbindən dənli bitkilərin əkini çox az yerlərdə aparılır. Ərazidə əsasən meyvə bağları geniş yayılıb. Keçili bağlarında becərilən almanın, armudun və gavalının isə tayı-bərabəri yoxdur.

Keçili kəndi Şahbuz rayonunun ən böyük kəndlərindən biridir. Bu kənddə hazırda 300-ə yaxın ev var. Kəndin əhalisi isə min nəfərdən çoxdur. Son dövrlər  başqa kəndlərdə olduğu kimi Keçili kəndlərindən də aran kəndlərinə, xüsusən də şəhərlərə 100-lərlə ailə köçmüşdür.

Qlobal istiləşmənin fəsadları artıq bu kənddə də hiss olunur. Bir zamanlar bu kəndin hər bir qarışından, hər bir dərəsindən buz sulu bulaqlar axardı. Dağlara düşən qalın qar layları iyun ayının sonuna qədər əriməzdi. Amma bu gün yağıntının miqdarının azalması səbəbindən bulaqların çoxu qurumuş, dağ çaylarında suların səviyyəsi aşağı düşmüşdür. Əhalinin əkin və suvarma suyuna olan ehtiyacı əvəlki illərlə müqayisədə elə də yaxşı ödənmir. Təbii ki, bu cür təbii amillərindən insanların doğma yurd-yuvasını tərk etməsində rolu az deyil.

Təbiət nə qədər xəsislik göstərsə də, yağıntıların miqdarı azalsa da kəndin mənzərələri bir o qədər də korlanmayıb. Yerli əhalinin bir qismi maldarlıqla, bir qismi isə bağçılıq və arıçılıqla məşğuldur. Keçili kəndi bu gün MR-in ən abad kəndlərindən biridir. Avtomobil yolu 2014-cü ildə tam təmir olunub, yollara yeni asfalt örtük salınıb. Kənddə yeni inşa olunan orta məktəb binası 500 şagird yerlikdir. Kəndin mərkəzində ticarət mərkəzi,  klub, ambulatoriya, baytarlıq məntəqəsi, icra nümayəndəliyinin inzibati binası yenidən tikilib. Bütün evlər təbii qazla təmin olunub. Əhalinin firəvanlığı və dolanışığı üçün hər cür şərait yaradılıb. Əhali elektrik enerjisi ilə fasiləsiz təmin olunur. Orta məktəbdə uşaqların təlim-tərbiyəsi ilə 50-dən artıq müəllim məşğul olur. Onu da qeyd edək ki, Keçili kəndi bu gün ölkəmizdə ziyalılar yurdu kimi də tanınır. Çünki, bu kənddə orta məktəbi bitirən abuturiyentlərin əksəriyyəti ali  məktəblərə  qəbul olur. Bu gün kənd ziyalılarının arasında onlarla alim, hüquqşünas həkim, elm adamı, mühəndis, rəssam və ədəbiyyatçı vardır.

Adı dillər əzbəri olan “Çınqıllı” bulağı Tanrının Keçili kəndinə verdiyi ən qiymətli sərvətlərindən biridir. Çınqıllı bulağı Zəngəzur dağ silsiləsinin ətəklərindən daşlı və qayalı bir ərazidən çıxır. Bulaqdan bir az aşağıda dağ çayı axır. Ətrafdan isə bir neçə bulaq axır ki, onlarında adı çınqıllı adına uyğunlaşdırılıb. “Ana çınqıllı”, “Bala çınqıllı” və digər qonşu bulaqlarının da suyu eyni tərkibdədir. Bu isə onu göstərir ki, bu bulaqların yeraltı mənbələri eynidir. Çınqıllı suyunun tərkibi dünyanın bir çox labaratoriyalarında test olunmuş, tərkibinin mükəmməlliyinə görə sertifikatlar almışdır. Hazırda Çınqıllı suyunun satışı bütün ölkəmizdə təşkil olunub. Belə ki, kənd ərazisində böyük bir zavod inşa olunub və çınqıllı suyu bu zavodda qablaşdırılaraq satışa çıxarılır. İndi ölkəmizin bir çox yerində Naxçıvan və Bakı şəhərlərindəki dükan və marketlərdə çınqıllı suyunun kütləvi satışı təşkil olunub.

Keçili kəndinin ərazisində hal-hazırda çoxlu sayda təbiət möcüzələri vardır. Bunlardan Camal qalasını, At uçandakı mağaranı,  Nəfəs çıxandakı yeraltı quyunu, dağ çaylarının yaratdığı bir neçə şəlaləni göstərmək olar.

Kənd əhalisinin dini ehtiqadları çox güclüdür. İslam dini ilə bağlı kənd ərazisində nə vardırsa hamısı qorunub və saxlanılır. Kənd ərazisində çoxlu sayda pir vardır ki, onların da əksəriyyəti yerli əhali tərəfindən tez-tez ziyarət olunur. Bu kəndin əhalisinin qəhrəmanlığı barədə çoxlu maraqlı faktlar mövcuddur. Belə ki, kəndin say-seçmə oğullarının Şah İsmayılın, Nadir Şahın ordusunda göstərdikləri qəhrəmanlıqlar barədə bu gün də danışılır. Hətta deyilənə görə, Nadir Şahın ordusunda Keçili kəndinin say-seçmə oğullarından 17-si şahın ən etibarlı sərkərdələrindən olub. Bir məqamı xüsusi vurğulamaq lazımdır ki, keçən əsrin əvvələrində, azğınlaşan erməni daşnaq terror dəstələri, Azərbaycanın başqa bölgələrində olduğu kimi Naxçıvanın kəndlərində də dəhşətli qətliamlar törətmişlər. 1918-ci ilin fevral və mart aylarında Naxçıvanın bir neçə kəndində erməni cəlladları minlərlə insanın qətlinə fərman vermişdilər. Daşnaqların Cəhri, Sirab, Kültəpə kəndlərində törətdikləri faciələrdən xəbər tutan Keçili kəndinin mərd oğulları onların Şahbuz rayonunun da kəndlərində qırğınlar törədəcəkləri barədə məlumatları öyrənmiş və əvvəlcədən Naxçıvan şəhəri ilə Şahbuz rayonu arasında yerləşən Vayxır çayının sağ və sol yamaclarında yaxşı mövqe seçmişlər. Nehrəm kəndindən sonra silahlı erməni dəstələri, məhz burada məğlub olmuşlar. Həmin vaxt keçililərdən ibarət böyük bir silahlı dəstə bölgənin kəndlərini növbəti baş verə biləcək qırğından qorumuşlar. Ermənilər isə həmişə olduğu kimi arxadan zərbə vurmağı yaxşı bacardıqlarına görə 1930-cu illərdə baş verən repressiya zamanı Keçili kəndinin əhalisinin yarıdan çoxunu vətən xaini adıyla damğalamış, sonra isə güllələmişlər. Həmin insanların yaxın qohumlarını isə Sibirə və Qazağıstana sürgün etdirmişlər.

Tarixdən bəllidir ki, Bolşevik höküməti qurular-qurulmaz, Azərbaycana, o cümələdən digər türkdilli ölkələrə qarşı terror əməliyyatları başlandı. Kollektivləşmə dalğası bölgələrdə əsl cəhənnəm yaratdı. Əlindən var-dövləti, mal-qarası alınan insanların etirazdan başqa, heç nəyə gücü çatmadı. Bolşeviklərin bölgələrdə apardığı siyasətə Keçili kəndinin əhalisi silaha sarılaraq üsyan etdilər. Keçən əsrin 30-cu illərində Keçili kəndindən başlanan “Qaçaq” hərəkatı çox geniş bir ərazini əhatə etmişdi. Bu “Qaçaq hərəkatına” Naxçıvan Muxtar Respublikasının başqa bölgələrindən İrəvan mahalından gəlib qoşulanlar da olduğuna görə, hərəkatın miqyası genişlənmişdi. Amma çox çəkmədi ki, Kremlin əmri ilə bura böyük bir ordu yeridildi. Təpədən-dırnağa silahlanan ordu dinc əhaliyə belə güzəşt etmədi. Beləliklə də, yerli cəsusların da iştirakı ilə hərəkat liderlərini aradan götürürlər. Kəndi mühasirəyə alırlar, qaçaqlarla danışıq aparmaq adıyla onları aldadır, tora salırlar. Sonra isə vətən xaini damğası vurub 40 nəfəri, camaatın gözü qarşısında güllə-boran edirlər. Beləliklə də yenidən kənd əhalisini öz boyunduraqları altına salmağı məharətlə bacarırlar.

Sovetlərin təhsil sisteminin ən son getdiyi bölgələrdən biri də həmin bu kənd olub. Amma məktəbin olmaması insanları ruhdan salmayıb. Valideynlər övladlarına təhsil verməkdən ötrü qonşu kəndlərə üz tuturlar. II dünya müharibəsindən sonra kənddə 7 illik məktəb açılır və bu məktəbin açılması ilə yeni və uğurlu günlər başlanır. Kənd camaatının oxumağa və yazmağa marağı güclü olduğundan çox çəkmir ki, Keçili gənclərinin səsi ölkəmizin ən tanınmış ali təhsil müəssələrindən gəlir. Beləliklə də kəndin böyük bir ziyalı ordusu formalaşır. Əhalinin elmə, təhsilə olan marağı bu gün də davam edir. İndi elmin hansı sahəsinə nəzər salsaq, o sahədə bu kəndin insanları vətənə, xalqa, millətə ürəkdən xidmət edirlər. Və bu gün hər bir Keçili sakini çiçəklənən, inkişaf edən müsətəqillik illərinin təntənəsini yaşayan doğma ölkəmiz üçün əlindən gələni əsirgəmir. Bu kəndin insanlarının indi bir amalı, bir məqsədi, bir arzusu var. O da işğal altında olan torpaqlarımızın geri qaytarılması uğrunda başlanacaq savaşa qatılmaq, müstəqil Azərbaycan Respublikasının bütövlüyünü qorumaqdır.

Müzəffər Əsgərli 

Naxçıvan televiziyasının baş redaktoru

Həlimə Əhmədzadə

AMEA Coğrafiya İnstitutunun elmi işçisi

“Məktəb press” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: