Zaman dəyişsə də biz dəyişməmişik

241

Allah rəhmət etsin klassiklərimizə – XIX əsrin sonu, XX əsrin əvvəlindəki dühalarımızı nəzərdə tuturuq. Yazdıqlarının üstündən əsrdən artıq zaman keçsə də, bu gün də aktualdır, həmişə və heç vaxt olmadığı kimi, hətta o qədər ki, adam bilmir yaxşı və pis mənada nəyə heyrətlənsin – klassiklərimizin dahiliyinəmi, yoxsa özümüzün uzaq keçmişdə ilişib qalmağımızamı…

Güman ki, dühalarımız yazdıqlarının bu qədər uzunömürlü olacağını təsəvvürlərinə belə, gətirməzdilər, əks halda, xalqı ayıltmaq və maarifləndirmək kimi gərəkli işə əl qoymaz, “xeyri yoxdur” deyib zəmanələrinin digər qələm sahiblərinin ənənəvi yolu ilə gedərək olan təbiəti və olmayan məhəbbəti tərənnüm edərdilər.
Amma bunu etmədilər və böyük ümidlə mənsub olduqları xalqın “imzasını millətlərin imzası sırasında görmək” üçün bədii mücadiləyə qərar verdilər və bununla həm də Azərbaycanın ədəbiyyat tarixində yeni məktəbin, yeni cərəyanın əsasını qoydular. O məktəb və cərəyanın ki, bu gün də ona çox ciddi ehtiyac var, hətta klassiklərimiz kimi nadir istedad sahiblərimiz olmasa belə… Çünki zaman dəyişsə də, biz dəyişməmişik, necə olmuşuqsa, elə də qalmışıq – klassiklərimizin personajları səviyyəsində… Əks halda, söz dahilərimizin əsərlərinin başdan-ayağacan bu günlə səsləşməsini, sanki bizim dövr üçün yazıldığını hamı etiraf etməzdi ki…

Çünki biz yenə də oxumuruq, öyrənmirik. Çox böyük əksəriyyətimizin oxumaqla, öyrənməklə arasına sanki qurd yağı sürtülüb, kitab, elm adı gələndə diksinirik. Hətta öz aramızda çoxdan gəzib-dolaşan özünütənqid nümunəsi də yaratmışıq – biz yeganə xalqıq ki, oxumaq yox, oxumamaq üçün pul veririk. Pul veririk ki, özümüz, yaxud övladımız savad deyil, diplom alsın. Bax, budur Sabirin 100 il əvvəlki “Oxutmuram, əl çəkin” deyən “qəhrəman”ından yeganə fərqimiz.

Amma yox, bir fərqimiz də var və o da bu gün oxumaq deyəndə ağıllarına kitab-dəftər əvəzinə, mikrofon və toy-düyünə gələnlərin sayının həddən artıq çox olmasıdır. Bəli, indi az qala hamı oxuyur (yaxud oxumaq istəyir), bacaran da, bacarmayan da, istedadı olan da, olmayan da, elə bil ölkəyə, cəmiyyətə gərəkli olan “oxumaq”ların yeri səhv düşüb, sanki bu xalq gələcəyini elm oxumaqla deyil, mahnı oxumaqla qurmaq istəyir.

“Sağ olsun” telekanallarımız da, belələrinə gen-bol efir vaxtı verirlər. Sanki yarışa giriblər ki, görək kim bu xalqı savaddan, intellektdən daha çox uzaqlaşdırıb zövqsüz və bayağı, özlərinin dərk edib adlandırdıqları “sənət”ə yuvarlada biləcək. Təəssüf ki, məqsədlərinə nail olublar – bu gün gənclərimiz və yeniyetmələrimiz arasında gələcək karyeralarını toyxanalarda axtaranların sayı bunun üçün kitabxanalara üz tutanlardan dəfələrlə çoxdur. Nəticəsi göz önündədir – hər il universitetləri bitirən on minlərin içərisindən bəzən müasir tələblərə cavab verən on gənc mütəxəssis tapmaq çətin olur.

Lakin əvəzində az qala hər gün on “ulduz parlayır”. Hamısının da sahibi, yəni, sponsoru. Gəl ki, elə bu vaxt perspektivli bir gəncin xaricdə demirik, daxildə təhsil almağı üçün pullu bir adam tapmaq, çinlilər demiş, qaranlıq otaqda olmayan qara pişiyi axtarmaq qədər mənasız işə çevrilir. Bu yerdə isə klassiklərimizlə birgə mesenatlarımıza da rəhmət diləməkdən savayı əlimizdən bir iş gəlmir. Bircə o iş gəlir, təəssüflə qeyd edək ki, indi onlardan yoxdur!

Olsaydı, yəqin ki, bugünkü cahillikləri görüb ən azından dinc durmazdılar. Necə durardılar ki, bir vaxtlar həyatlarını riskə atıb pulları və istedadları hesabına əleyhinə mübarizə apardıqları cahillik bu gün ölkə boyu az qala bir çoxunun həyat tərzinə çevrilir. Savadsızlıq (baxmayaraq ki, böyük problemdir və özümüz üçün bəla saydığımız nə varsa, hamısının başı ona bağlıdır) bir yana, digər “keyfiyyət”lərimizə nə deyirsiniz?!

Hər dəfə paytaxtın mərkəzindəki “Azad qadın” abidəsinin yanından keçəndə adamın qanı qaralır. Ona görə yox ki, həm də möhtəşəm sənət əsəri olan “daşlaşmış” bu Azərbaycan xanımını sovet ideologiyasının qurbanı hesab edirik. Əsla yox və tam əksinə! Əvəzsiz dühamız – Cəfər Cabbarlının “Sevil”inin mərmərdən yonulmuş bu prototipinin ideoloji yükünün yenidən aktual olması qaraldır adamın qanını.

Bu nədir? Bəşəriyyət irəli getdiyi halda, biz niyə geri qayıdırıq? Məgər dini inancın insanın geyim-keçiminə bu qədərmi dəxli var?! Axı, insanın daxili kimliyi ilə zahiri görünüşü arasında əlaqə axtarmağın çoxdan ciddi məşğuliyyət kimi qəbul edilməməsini kim bilmir ki… Üstəlik, dinimiz də formaca yox, məzmunca Allah bəndəsi, Tanrı övladı olmağı tövsiyə etmirmi?!

Qəribədir, qonşu ölkədə qadınlar çarşabdan, çadradan, hicabdan qurtulmaq üçün mübarizəyə qalxıblar, bizimkilər isə yenidən bu ağ dünyaya qara pərdə arxasından baxmağa başlayıblar. İrad tutanda, münasibət bildirəndə etiraz edirlər, bəzi hallarda isə bu irad və münasibəti hətta siyasiləşdirirlər də. Halbuki, bütün sivil dünyada inanclıq, dindarlıq şəxsi mənəviyyat kimi qəbul olunur və onun bütün formalarda və məzmunda cəmiyyətə daşınması müxtəlif üsullarla qadağan edilir.

Bunu dini azadlığa basqı kimi təqdim etmək istəyənlərə sual edirik: məgər islama görə dini, milli və irqindən asılı olmayaraq bütün insanlar Allah qarşısında eyni deyillərmi?! Təbii ki, eynidirlər və deməli, cəmiyyətdə hansı dinə mənsub olduğunu zahirən nümayiş etdirməyə ehtiyac yoxdur. Hətta deyərdik ki, bunu dinimizin, yəni, Allahın buyuruğunun əleyhinə çıxmaq kimi də qəbul etmək olar. Çünki Allah öz bəndəsinə yaxşı əməllə fərqlənməyi buyurur.

Elə isə dövləti niyə qınayırıq? Azərbaycanda dövlətlə din rəsmi olaraq ayrıdırsa, dövlətin bu işdə tutduğu mövqe də tam qanun və ədalət çərçivəsindədir. Başqa sözlə desək, məscidlərdə, ziyarətgahlarda, digər müqəddəs yerlərdə inanclı insanların davranış qaydaları dinin tələblərinə uyğun müəyyən edildiyi kimi, təyinatından asılı olmayaraq bütün dövlət müəssisələrində də həmin qaydalar dünyəvilik prinsipinə əsaslandırılıb. Əks halda, işə, qulluğa, yaxud dərsə biri hicablı, biri boynu xaçlı, biri başı təsəkli, biri də əlində budda gələrdi.

Bunun nə demək olduğunu, daha doğrusu, fəsadlarını təsəvvür edirsinizmi? Kim etmirsə, bu onun niyyətindən, özü də ziyanlı niyyətindən xəbər verir. Və nəhayət, elə bu ziyanlı niyyətin nəticəsidir ki, klassiklərimizin qadın azadlığı uğrunda apardıqları söz, ideologiya mübarizəsinə, eləcə də məlum heykəlin təbliğat yükünə indi yenidən ehtiyac yaranıb.

Və təəssüf ki, ehtiyacımız təkcə buna da deyil. Meyarlar dəyişir, dəyərlər itir, ənənələr unudulur, məslək istehza ilə qarşılanır. Getdikcə kimin kim olduğunu bilmək daha da çətinləşir, “yarməmmədlər, lal hüseynlər, salmanlar” az qala hər yerdə masa başına keçərək “Rüstəm kişi”lərin sadəlövhlükləri üzündən səlahiyyət sahiblərinə çevrilir, “çoban kərəmlər” isə “zəmanə adamı” olmadıqları üçün kənarda qalırlar. Ən dəhşətlisi isə quyruğu tapdalanan kimi siyasi əqidəsini dəyişib qarşı səngərə keçməyin az qala “milli mentalitet” səviyyəsinə qalxmasıdır. Belələrinin sayı az deyil və onlar bütün “cəbhə”lərdə fəaldırlar… təbii ki, xalq, dövlət, ölkə yox, şəxsi mənafeləri üçün. Buna baxmayaraq, onlar da Mirzə İbrahimovun xatırlatdığımız personajları kimi özlərini gözə soxmağı bacardıqları üçün cəmiyyətdə əksər vaxt üzdə və layiq olmadıqları mövqeyə malik olurlar, hətta başqalarına stimul yarada biləcək səviyyədə… Bu isə çox qorxulu və arzuedilməz stimuldur.

Amma nə edək ki, üzqaraldan digər təhlükəli mərəzlərimiz də yox deyil. İctimai yerlərdə bir çoxlarının özlərini aparmağına fikir vermisinizmi? Verməmisinizsə, yolunuzu istədiyiniz vaxt parklardan, xiyabanlardan, bir sıra metro stansiyalarının ətrafından salın, keçdiyiniz küçələrdə, prospektlərdə başınızı qaldırıb yan-yörənizə, bəzi gənclərin özlərini aparmalarına nəzər salın, ümumiyyətlə, kənardan sadəcə, insanları izləyin. Nə görəcəyinizi əvvəlcədən deyə bilərik: park və xiyabanlarda təmizlənməsə dizə çıxan zibil, bəzi metro stansiyalarının ətrafında dolanışıqlarını sərnişin daşımaları ilə çıxaran sürücülərin hər cür ədəbdən uzaq davranışları və yollarda hərəkəti iflic edən avtomobilləri, küçələrdə üzr istəyirik, tüpürə-tüpürə, günəbaxan tumu çırtlaya-çırtlaya vaxt öldürən, nə və hansı tonda danışmalarının fərqinə varmayan cavan və yeniyetmələr görə biləcəklərinizin az bir qismidir.

Təbii ki, bu az qisim nəticə kimi bizim davranış və sanitar mədəniyyətimizin heç də yetərincə olmaması səbəbindən irəli gəlir və deməli, bu sarıdan da üstündən bir əsr keçməsinə baxmayaraq, klassiklərimizin yaratdıqları personajlardan fərqlənmirik.

Yaxşı, belədirsə, bizə nə olub, nəyə görə zamanla ayaqlaşmaqdansa ayaqlarımıza daş bağlamışıq, ətrafımızdakıları görmək əvəzinə, gözlərimizi qapatmışıq, dövrün çağırışlarını eşitmək yerinə qulaqlarımızı tıxamışıq?! Yenəmi “Dindirir əsr bizi, dinməyiriz”?! Axı, indi 21-ci yüzillikdir. Şükürlər olsun, nəyimiz yoxdur – müstəqil dövlətimiz, müasir ölkəmiz, saysız-hesabsız təhsil müəssisələrimiz, mədəniyyət ocaqlarımız və bir də üzümüzə açıq olan dünya.

Bəs, onda nə çatmır ki, sadaladığımız və neçə-neçə üstündən keçdiyimiz çatışmazlıqlardan yaxa qurtara bilmirik? Bu sualın cavabı kimi savadsızlıqdan başqa köklü səbəb gəlmir ağlımıza.
Həqiqətən, tək bizim yox, digər xalqların da başına nə gəlirsə, hamısı savadsızlıq üzündəndir. Bu gün müsəlman ölkələrinin qarşılaşdıqları bəlaların da kökü savadsızlığa gedib çıxır. Əhalisi savadlı ölkəni bütün güclər yığışsalar belə, ram edib istədiyi hala sala bilməzlər. Çünki savadlı xalq hüququnu və haqqını müdafiə etmək qüdrətindədir və belə xalqı əymək, sındırmaq asan olmur. Məhz buna görədir ki, bütün zamanlarda böyük imperiyalar ərazilərindəki xalqların savadsız olmaları üçün əllərindən gələni etmişlər. Acısını həmin xalqlar indi də çəkirlər, biz də həmçinin. Hətta 70 illik keçmiş SSRİ-nin öz dövrü üçün nümunəvi olan təhsil sistemi də bizi 200 illik əsarətin savadsızlığından, göründüyü kimi, hələlik tam qurtara bilməyib.

Amma artıq 27 ildir ki, ölkəmizin və özümüzün sahibiyik. Bu illər çox sahələrdə uğurlar qazanmışıq və hamısının da müəllifi özümüzük. Deməli, buna imkanımız, bacarığımız və hətta savadımız çatır. Qaldı qeyd etdiyimiz nöqsanlarımıza, o da öz əlimizdədir, qısa zamanda bu qədər və bu sürətlə irəli gedən bizlər üçün onlar elə də aşılmaz sədd deyil. Sadəcə, ara-sıra klassiklərimizi oxumaq lazımdır ki, onları görək və dəf edək.

Raqif MƏMMƏDOV
“Azərbaycan” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: