Yenə qış gəldi qonaq…

244

Qış! Ağ örtüyü ilə təbiəti duvaqlı gəlinə bənzədən fəsil. Yeri, göyü, təbiəti donduran fəsil. Həm də bütün bu xüsusiyyətləri ilə sevilən fəsil. Qışı ən çox uşaqlar gözləyir, onlar sevir. Çünki bu günlərdə uşaqlıq şıltaqlığının ən son həddini yaşayırlar.

Bir səhər çölə çıxırsan və gözlərin qarşısında təsvirə gəlməz dərəcədə gözəl mənzərə canlanır. Hər yer dümağ, parıldayan ipəyə oxşayır. Göydən isə sanki ələkdən un ələnir. Evə girib ilk qarın yağması müjdəsini vermək çox sevincli olur. Hamı bir ağızdan “hə bu da qışın ilk qarı” deyir. Bir də bu xəbəri körpələr eşidir. Ay aman, onlar necə də sevinir. Yerlərindən qalxıb gözlərini ova-ova birbaşa küçəyə qaçırlar. Şadlıqdan atılıb-düşür, pambıq kimi ağ qarın üstünə uzanıb iz salırlar. Qardan adam düzəldib əlinə əsa vermək, qar topu oynamaq az qala həyatlarının mənasına çevrilir əziz balaların. Qar topu oynamaqdan əlləri üşüyən uşaqlar isinmək üçün evə girərkən bir başqa aləm olurlar. Soyuqdan qızarmış yanaqları, balaca, qırmızı turpu xatırladan burunları onları, özlərinin dili ilə desək, sevimli nağıl qəhrəmanlarına bənzədirlər.

Mənə elə gəlir ki, qış paklıq rəmzidir. Çünki örpəyi ağappaqdır. Məncə qış fəsli insanı xatırladır. Bilirsiniz niyə? Ən azından ona görə ki, gözəllik, zəriflik rəmzi olan xanımlar ər evinə yola düşərkən ağ paltar geyinirlər. İnsan son mənzilə də ağ kəfəndə gedir. Qışda təbiət özü də ağ don geyinir. Qışda gecələr uzun, gündüzlər qısa olur. Bunu deməkdə məqsədim sizi öyrətmək deyil, əziz oxucu. Məqsədim başqadır. Demək istəyirəm ki, belə uzun qış gecələrini yaşamaq insanın alın yazısıdır. Amma necə yaşamaq? Nə etməli ki, gecələr maraqsız, cansıxıcı olmasın. Axı başqa fəsillərdə insanlar daha çox çöldə-bayırda olur. Qışda isə bütün tədarükünü görmüş adamlar qış evinə çəkilirlər.

Qışdan danışanda   nənəmin söylədiyi uşaqlıq xatirələri canlanır yenə yaddaşımda:

–  O zaman biz qış gecələrini başqa cür keçirərdik. Hamı lampa işığında sobanın başına toplaşardı. Bütün qonşular bir yerə yığışar, maraqlı söhbətlər edər, kimin bir işi olsa köməkləşib görərdilər. Hərə bir işlə məşğul olardı. Analar övladlarına isti əlcəklər, corablar, köynəklər toxuyardı. Qızlar, gəlinlər müxtəlif şirniyyatlar bişirər, süfrəyə pürrəngi çay gətirərdilər. Çayın yanında mütləq, yaydan görülən tədarüklərdən də olardı. Məsələn, müxtəlif meyvələrin qurusu,  başqa sözlə desək, meyvə qaxı. Ərik, şaftalı, gavalı, alma və xüsusən də çay süfrələrinin ayrılmaz  neməti tut qurusu. Baba və nənənin yeri isə evin ən yuxarı başı olardı. Onları uşaqlar dövrəyə alardılar, -ay nənə, ay baba, bizə nağıl danış, deyərdilər. Onlar da bildiklərini, bəzən də özlərindən nağıllar uydurub balalara söyləyərdilər – hamının diqqətlə dinlədiyi, uzun bir qış gecəsinin macəralarla dolu bir qış nağılı. Eh ay bala, o zaman hamı bisavad idi. Yoxsa yazıb-oxumaq bilən olsaydı o nənə-babaların nağıllarını toplayıb yazardı. İndi bəlkə də, bunlar “qış nağılları” adı ilə neçə-neçə kitablara sığmazdı. Nənəm danışır, danışdıqca da gözləri bir nöqtəyə dikilirdi. Görünür nənəm uşaq olarkən nənəsinin ona söylədiyi nağılları xatırlayırdı… Kim bilir…

Hər fəsil təbiətə bir don geyindirir. Amma qışın donu daha gözəl olur. Bir anlıq təsəvvür edin. Qışdır. Hər tərəf ağdır. Göz işlədikcə uzanan qarlı yollar. Göydən isə ağ-narın dənəciklər tökülür. Ağ-mirvariyə bənzəyən bu dənəciklərə diqqət yetirdikdə bəzən elə naxışlara rast gəlmək olur ki, bu naxışları yaratmağa heç bir rəssam fırçasının gücü yetməz. Bu güc yalnız təbiət adlı rəssamın fırçasındadır. Belə bir vaxta qarın üstü ilə tənha addımlayırsan. Ayağın altında qar yavaş-yavaş səs salır. Bu adi səs diqqət etsəniz sanki sizə nəsə pıçıldayır. Deyir qorxmayın soyuğumdan, şaxtamdan onsuz da qarşıdan bahar gəlir. Hə, dedim , yadıma düşdü. Qış  ona görə gözəldir ki, ondan sonra nərgiz-bənövşə ətirli bahar gəlir. Hər tərəfin ağ don geyinməsi, evlərin damından asılan buz parçaları, çılpaq ağacların üzərində özünə yer edən qırov təbiətə elə gözəl bir görüntü verir ki, adamın lap rəssam olub bu mənzərəni çəkməyi, şair olub bu mənzərəni sətirlərin yaddaşına köçürməyi gəlir. Amma nə etməli ki, hamının belə istedadı olmur. Tamaşa etmək isə heç bir bacarıq istəmir. Əlimizdən nə gələr ki…

Qarın üstü ilə yeriyərkən ayaqlar altından çıxan qar səsi nağıl söyləyir bizə – “qış nağılı”. Deyir biri var idi, biri yox idi. Bir ana təbiət var idi. Təbiətin dörd övladı var idi. Birinin adı Yaz, birininki Yay, birininki Payız, o birininki isə Qış. Qışın da üç övladı vardı Dekabr, Yanvar, Fevral. Ana təbiət bütün övladlarını sevirdi. Amma daha çox qışı əzizləyirdi. Axı o sonbeşik idi. Doğrudan da fəsilləri sayarkən qış ən axırda gəlir. Yaz, Yay, Payız və Qış. Ana təbiət qışı bir də ona görə çox sevirdi ki, başqa övladlarından fərqli olaraq onun bir gününü də əlindən almışdılar. Kiçik övladı olan Fevralın ömrü  28-29 gün idi. Həm də qış olmasa, onun qarı olmasa həyat da yəqin olmaz. Qışda qar yağır. Dincə qalmış torpaq su içir və yazda cücərir, bar verir… Qış nağılı yol uzandıqca davam edir. Sən isə mənzil başına çatmısan…

Uzun qış gecələrindən söhbət düşərkən Əzizə Cəfərzadənin “Nənəmin nağılları” kitabı yadıma düşür. Deyirəm bəlkə də xalqımızın yaddaşında min illərdir qalan  nağıllar məhz  o zaman yazılıb.

Qış gecələrində nənə, babaların nağıllarına qulaq asa-asa yuxuya getmək uşaqların ən sevimli adətidir. Belə vaxtlarda onlar nağılla yatıb, nağılla dururlar. Çünki, nağılların müşayiəti ilə yatan körpələr elə maraqlı yuxular görürlər ki, özlərini başqa aləmdə nağıllar dünyasında təsəvvür edirlər…

Qış! Bu fəsil gah yağışlı, gah qarlı, gah şaxtalı, gah da küləkli qonağımız olur. Bəs nə etməli, axı yaşamaq lazımdır qışı, gözəl bir qış nağılını…

Bəli… Yenə qış gəldi qonaq… Amma dəhşətli soyuğu, güclü qarı ilə yox. Mülayim havası və yağmuru ilə… Sevməyənlərimiz də var qışı, amma sevənləri də az deyil qışın.. Hələ ki, qar yağmayıb şəhərimizə, amma torpağın da, bitkilərin də yatmağa, dincəlməyə ehtiyacı var…

Düzdür, nağıllardakı kimi qışlar yoxdur – nağıllı, çovğunlu, qarlı, boranlı… Eh, indi çovğunlu, qarlı, boranlı qış olsa da heç kimi qorxutmur. Hər kəsin evində isti ocağı, işığı var. Nənəm deyir ki, Allah o qışları aparsın, bir də gətirməsin. Nə deyək? Biz də nənəmə qoşuluruq: gətirməsin o qışları… Amma uşaqların həsrətlə gözlədiyi qarı gətirsin, uzun qış gecələrindəki şirin “qış nağılını” gətirsin. Hamının – hətta böyüklərin də həsrətlə gözlədiyi qarı gətirsin…

Biz də uzun bir qış gecəsində şirin bir qış nağılına qulaq asaraq deyək: YENƏ QIŞ GƏLDİ QONAQ!

Məmməd Babayev

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: