“Vətənə sədaqətlə xidmət edəcəyik”

175

Naxçıvanda ilk hərbi təhsil müəssisəsi olaraq 1998-ci ildən filial kimi fəaliyyətə başlayan Heydər Əliyev adına Hərbi Lisey ötən dövr ərzində ordu quruculuğuna öz layiqli töhfələrini verib. Ulu öndər Heydər Əliyevin xatirəsini əbədiləşdirmək və ordunun  peşəkar  kadrlara olan tələbatının ödənilməsi işini yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 fevral 2004-cü il tarixli sərəncamından sonra təhsil müəssisəsi müstəqil Hərbi lisey kimi fəaliyyətini daha da genişləndirib. Müasir tədris imkanlarına malik olan Hərbi liseyin  kollektivi yaradılan imkanlardan maksimum faydalanaraq peşəkar zabit kadrların formalaşması istiqamətində səylərini əsirgəmir. Hərtərəfli dövlət qayğısı ilə əhatə olunan təhsil müəssisəsinin ötən dövr ərzində qazandığı nailiyyətlər də az deyil.

Belə ki, son 5 il ərzində Hərbi liseyi 4 nəfər qızıl, 4 nəfər gümüş və 11 nəfər fərqlənmə attestatı ilə bitirib. 10 nəfər kursant Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən fənn olimpiadalarının qalibi olub. 2 nəfər qızıl, 1 nəfər gümüş, 7 nəfər bürünc medal qazanıb. Yeni tədris ilində II kurs kursantı Cəmşid İsmayılov Rusiyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən rus dili fənni üzrə olimpiadanın qalibi olub.

Ötən 20 il ərzində Hərbi liseyi 3 minə yaxın kursant bitirib. Liseyin yetirmələri bu gün Silahlı Qüvvələrdə və digər güc strukturlarında ləyaqətlə xidmət edirlər. Azərbaycanın ərazi bütövlüyünün qorunmasında iştirak edən liseyin şəhid məzunları isə kursantlar üçün vətənpərvərlik nümunələridir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2018-ci il tarixli qərarı ilə Hərbi liseylərə qəbul qaydalarında dəyişikliyə əsasən bu ildən etibarən təhsil müddəti iki il müəyyənləşdirilib. Bu ümumi təhsil pilləsinin tam orta (X-XI siniflər) təhsil səviyyəsini əhatə edir. 15 yaşı tamam olmuş, 17 yaşı tamam olmayan gənclər oxumaq üçün liseylərə sənəd verə bilərlər. Bu səbəbdən Heydər Əliyev adına Hərbi liseyə bu il qəbul qismən keçirilib. İmtahanda iştirak edən 328 nəfər arasından yüksək bal toplayan 29 nəfər seçilərək liseyin birbaşa II kursuna qəbul olunublar. Həmin kursantlardan bir neçəsi ilə həmsöhbət olduq.

Kursant Rüstəm Əliyev Şərur rayonunun Axaməd kəndindəndir. Əmisi oğlu Əli Əliyev də liseyin kursantıdır. “O həmişə formada kəndə gələndə həsədlə baxırdım. İndi özüm əynimdə kursant forması ilə kəndə gedəndə qürurlanıram”, – deyən Rüstəmi Hərbi liseyə gətirən əsas səbəb peşəkar bir zabit kimi Silahlı Qüvvələrdə xidmət etmək istəyidir: “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə keçirilən hərbi paradı televiziya vasitəsilə izlədim. Müxtəlif növ ən yeni silah və texnikaların nümayiş etdirildiyi parad bir daha Azərbaycan Ordusunun gücünü nümayiş etdirdi. Bir gənc olaraq ordumuzla fəxr etdim. Gələcəkdə peşəkar zabit kimi ordu sıralarında xidmət edəcəyim günü səbirsizliklə gözləyirəm. Bunun üçün dərslərimi yaxşı oxuyuram. Biz əgər müasir silah və texnikanın dilini bilmək istəyiriksə, ilk növbədə biliklə silahlanmalıyıq”.

“Babək rayonunun Kərimbəyli kənd tam orta məktəbinin hələ V sinfində oxuyarkən kursant formasında kəndə gələn qonşularımıza həsəd aparırdım. Qohumlarım arasında da hərbçilər var. İndi özüm bir kursant kimi özümdən kiçik olan qonşu uşaqlarını həvəsləndirirəm”, – deyir  kursant Mirad Qasımov. “Liseydə bizim yaxşı təhsil almağımız üçün hər bir şərait yaradılıb. Dərslərimizi fənlər üzrə müvafiq laboratoriya və kabinələrdə keçirik. Dərs saatlarından sonra sərbəst məşğələlərdə də müəllimlərimiz bizimlə məşğul olur. Zabit bilikli olmaqla yanaşı, fiziki cəhətdən də güclü olmalıdır. İdman dərslərimiz xüsusilə maraqlı keçirilir. Liseyin həyətində futbol meydançası və idman qurğuları var, tədris korpusundakı idman zalı lazımi idman avadanlıqları ilə təmin olunub. Bura gələndə idmandan zəif idim, amma indi bütün normativləri yerinə yetirirəm”.

Kursant Nağı Əliyev Şərur rayonunun Ələkli kəndindəndir. Vətənpərvərlik mövzusunda filmləri izləməyi xoşlayır. Deyir ki, Mübariz İbrahimov nəinki mənim üçün, hər bir gənc üçün  örnəkdir. Qəhrəmanımızın keçdiyi şərəfli döyüş yolundan bəhs edən film və digər materialları izlədikcə məndə hərbçi olmaq arzusu yaranırdı. Bu arzu ilə də sənədlərimi Hərbi liseyə verdim. Bu gün artıq məqsədimin astanasındayam. Məqsədimə çatmaq üçün yaxşı oxumalı, mənəvi və fiziki cəhətdən özümü hazırlamalıyam.

Kursant Əli Əlioğluya görə isə hərb peşəsi çətin, lakin şərəfli və qürurvericidir: “Gələcəkdə dövlətimə, Vətənimə layiqli vətəndaş olmaq üçün bu yolu seçmişəm. Bizim orduya bacarıqlı və savadlı zabitlər gərəkdir. Mən özümdə bu gücü hiss edirəm. Atam hərbçidir. Geydiyi forma uşaqlıqdan diqqətimi çəkib. Atamın da arzusu məni zabit kimi görmək idi. İndi həm o, həm də mən arzumuza çatmışıq. Gələcəkdə Ali Hərbi məktəbi də bitirəndən sonra peşəkar bir zabit kimi ordu sıralarında öz xidməti vəzifəmi şərəf və ləyaqətlə yerinə yetirəcəyəm”.

Kursant Qüdrət Məhərrəmli Gəncə şəhər 13 nömrəli tam orta məktəbin şagirdi olub:  “Amalım Vətənə xidmətdir. Elə bu məqsədimə çatmaq üçün yolumu Heydər Əliyev adına Hərbi Liseydən saldım. Naxçıvanda xidmət edən  yaxın bir qohumum mənə buranı məsləhət bildi. Özüm də bu liseyi seçdiyimə peşman deyiləm. Yaşayışımız, təhsilimiz üçün yaxşı şərait yaradılıb. Müəllim və zabitlərin xoş rəftarı liseyi mənim üçün doğma ocağa çevirib. Dərslərimi daha yaxşı oxumağa həvəslənmişəm. Burada günümüz nizam qaydalarına uyğun olaraq çox səmərəli keçir. Hər şey yüksək təhsil almağımıza, fiziki və mənəvi-psixoloji cəhətdən hazırlığımıza hesablanıb”.

Müxtəlif bölgələrdən olan gəncləri Hərbi liseydə bir amal birləşdirir: Peşəkar bir zabit kimi ordu sıralarında təmsil olunmaq, Vətənimizin keşiyində sədaqətlə dayanmaq. Bu şərəfli yolda məqsədlərinə doğru addımlayan kursantlara uğurlar arzulayırıq.

Ruhiyyə Rəsulova

Naxçıvan televiziyasının baş redaktoru

“Azərbaycan ordusu” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: