Türkiyənin Kastamonu şəhərində TURKSOY Daimi Şurasının növbəti iclası keçirilib

109

Türkiyənin Kastamonu şəhərində TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının 36-cı iclası keçirilib.

NUHÇIXAN xəbər verir ki, iclasda Azərbaycanı Mədəniyyət Nazirliyinin məsul əməkdaşı Günay Əliyeva və ölkəmizin TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı təmsil ediblər.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin ev sahibliyi ilə qədim “Kurşunlu” sarayında təşkil edilən iclasda TÜRKSOY-a üzv ölkələrin rəsmi nümayəndə heyətləri, o cümlədən türkdilli dövlətlərin ortaq təşkilatlarının rəhbərləri iştirak ediblər.

Rəsmi açılışda Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Әrsoy, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Kastamonu valisi Yaşar Qaradəniz, Kastamonu şəhər bələdiyyəsinin sədri Tahsin Babaş, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyev, Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Altınbek Mamayusupov, Beynəlxalq Türk Akademiyasının prezidenti Dərxan Kıdırali, Azərbaycan Mədəniyyət Nazirliyinin məsul əməkdaşı Günay Əliyeva, o cümlədən TÜRKSOY-a üzv ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və digər rəsmi şəxslər çıxış ediblər.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə ümumi məlumat verib.

Vali Yaşar Qaradəniz “Kastamonu 2018-ci ildə türk dünyasının mədəniyyət paytaxtı” layihəsi çərçivəsində görülən işlərdən, həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb.

Çıxışlarda TÜRKSOY-un fəaliyyəti yüksək dəyərləndirilib, həyata keçirilən layihələr və qarşıya qoyulan vəzifələrin türk dünyası üçün vacib olduğu vurğulanıb.

İclasın ikinci hissəsində TÜRKSOY-un 2018-ci ilə dair fəaliyyətini əks etdirən film nümayiş olunub.

Təşkilatın illik hesabatı, 2019-cu il üçün üzv ölkələrin fəaliyyət proqramı təsdiqlənib. Tərəflər bu məsələlərə dair sənədləri imzalayıblar.

Sonra Qırğız Respublikasının Oş şəhərinin tarixini və müasir inkişafını əks etdirən sənədli film nümayiş olunub.

Yekdilliklə Oş şəhəri “2019-cu ildə türk dünyasının mədəniyyət paytaxtı” seçilib.

Göstərilən etimada görə TÜRKSOY rəhbərliyinə və üzvlərinə səmimi minnətdarlığını ifadə edən Oş şəhərinin bələdiyyə sədri Taalaybek Sarıbaşev əminliklə bildirib ki, Oş özündən əvvəlki şəhərlər kimi türk dünyasının mədəniyyət paytaxtı statusunu şərəflə daşıyacaq.

Bundan başqa, iclasın qərarı ilə 2019-cu il, anadan olmasının 650-cı ildönümü şərəfinə böyük Azərbaycan şairi İmadəddin Nəsimi və anadan olmasının 125-ci ildönümü münasibətilə Türkiyənin görkəmli el sənətkarı Aşıq Veysəl ili elan olunub.

Qərara alınıb ki, 2019-cu il üçün TÜRKSOY-un Mədəniyyət Nazirlərinin Daimi Şurasının koordinatorluğu Türkiyədən Qırğızıstana keçsin.

İclasdan sonra TÜRKSOY-un ortaq təşkilatçılığı ilə V Beynəlxalq Kaşkaylı Mahmud hekayə müsabiqəsinin qalibləri mükafatlandırılıb. Münsiflər heyəti Azərbaycan da daxil olmaqla 25 ölkədən yazıçıların hekayəsini dəyərləndirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: