Türk Şurası Gənc Liderlərinin Naxçıvan Forumunun iştirakçıları mədəniyyət müəssisələri ilə tanış olublar

136

Türk Şurası Gənc Liderlərinin Naxçıvan Forumu çərçivəsində “Təbriz” otelinin iclas zalında şuranın gənclər platformasının strukturunun və idarəetmə formasının təqdimatı keçirilib.

NUHÇIXAN xəbər verir ki, tədbir iştirakçıları səfər çərçivəsində “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində olublar. Xan sarayında bildirilib ki, bu muzey Naxçıvan xanlığının milli dövlətçiliyimizdəki rolu, Azərbaycanın bu ərazisindəki torpaqlarının qorunub saxlanılmasındakı xidmətləri nəzərə alınaraq yaradılıb. Hazırda 8 ekspozisiya zalından ibarət olan muzeydə minə yaxın eksponat var.

Milli memarlığımızın möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən olan Möminə xatın türbəsi və açıq səma altında nümayiş etdirilən daş abidələr qonaqlarda böyük maraq oyadıb.

Sonra qonaqlar Naxçıvan şəhərindəki Dövlət Bayrağı Meydanı və Muzeyi ilə tanış olublar. Burada onlara məlumat verilib ki, Dövlət Bayrağı Meydanı və Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 22 avqust tarixli Sərəncamına əsasən yaradılıb və 2014-cü il noyabrın 17-dən fəaliyyətə başlayıb. Muzeydə Naxçıvanda müxtəlif dövrlərdə qəbul edilmiş bayraqlar və dövlət atributları nümayiş etdirilir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis edilmiş üçrəngli bayrağımız ikinci dəfə ulu öndər Heydər Əliyev tərəfindən 1990-cı il noyabrın 17-də Naxçıvanda qaldırılıb. Muzeydə həmin illərdə qəbul olunmuş tarixi qərarlar, Azərbaycan Respublikasının Dövlət Bayrağı və digər dövlət atributları haqqında ətraflı məlumatlar yerləşdirilib.

Ziyarətçilərə ekspozisiyadakı qədim dövlətlərin bərpa olunmuş bayraqları, gerbləri və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş dövlət rəmzləri və konstitusiyaları haqqında ətraflı məlumat verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: