Tələbələr rahat yataqxanalarla təmin olunublar

305

Muxtar respublikanın ucqar rayonlarından, Azərbaycanın digər bölgələrindən, eləcə də xarici ölkələrdən muxtar respublikamızda təhsil almağa gələnlər çoxdur. Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetində təhsil alan bu cür tələbələrin yataqxana problemi də öz həllini tapıb. 

Naxçıvan Dövlət Universitetinin tələbə yataqxanası 2011-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə əsaslı şəkildə yenidən qurularaq tələbələrin istifadəsinə verilib. İki korpusdan ibarət olan yataqxana 200 nəfər qız, 252 nəfər oğlan olmaqla 452 yerlikdir. Burada ümumilikdə 183 otaq var ki, bunun da 96-sı oğlanlar, 87-si qızlar üçün nəzərdə tutulub. 

Bina zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarətdir. Birinci mərtəbədə oğlanlar və qızlara aid oxu zalı və istirahət otağı vardır. Yataqxananın qızdırılması üçün müasir tələblərə uyğun qazanxana quraşdırılıb. Hər mərtəbədə oğlanlar və qızlar üçün mətbəx, zirzəmidə isə camaşırxana fəaliyyət göstərir. Bütün bu üstünlüklərinə baxmayaraq, burada bir tələbə üçün yataqxananın aylıq qiyməti 30 manatdır. 

Qeyd edək ki, yataqxana kompleksinə Naxçıvan Dövlət Universitetinin Qonaq Evi də daxildir. Yataqxanaya müraciət universitetə qəbul olan tələbələrin qeydiyyatı ilə başlayıb. Universitetdən aldığımız məlumata görə, artıq yataqxananın qızlar üçün nəzərdə tutulan bütün otaqları tələbələrə verilib. Yataqxananın oğlanlar üçün nəzərdə tutulan otaqlarında isə hələ də 25 nəfərlik boş yer var.

“Naxçıvan” Universitetinin yataqxanası isə 2014-cü ildə istifadəyə verilib.  O universitetin şəhərciyində yerləşir. Yataqxanada tələbələrin rahat yaşaması üçün ideal şərait yaradılıb, telefon və internetlə təmin edilib. Tələbələrin asudə vaxtının maraqlı və səmərəli təşkili ilə əlaqədar burada idman zalı və meydançalar fəaliyyət göstərir. Müasir standartlara uyğun tikilən yataqxanada tələbələrin akademik və sosial  inkişafını təmin etmək məqsədilə oxu zalları istifadəyə verilib. 

Zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət olan yataqxana binasının hər mərtəbəsində mətbəx və tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün istirahət otağı  yaradılıb. 282 yerlik yataqxanada 3 nəfərlik olmaqla 94, həmçinin qonaqlar üçün 2 nəfərlik olmaqla əlavə 8 otaq vardır. Bu yataqxanada da tələbələrin müraciəti onların universitetə ərizə qəbulu ilə başlayıb. Yataqxanaya müraciət edən tələbələrlə müqavilə də bağlanıb. Burada bir tələbə üçün aylıq ödəniş 35 manatdır. “Naxçıvan” Universitetinin yataqxanasında da kifayət qədər boş yer var.

Qeyd edək ki, hər iki yataqxanada ölkəmizdən olan tələbələrlə yanaşı, xarici ölkələrdən gələn tələbələr də yaşayır. Təbii ki, yaşayış üçün yataqxana və ya kirayə ev seçimi onların öz ixtiyarındadır. Ancaq unutmaq olmaz ki, yaşayış yeri probleminin həlli, yaxşı şəraitlə təmin olunmaq həm də dərslərə daha çox vaxt ayırmaq deməkdir.

Aydan HÜSEYNLİ

“Nuh yurdu” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: