Şahmat əqli qabiliyyətin inkişafını təmin edir

85

Muxtar respublikada idman sahəsi diqqət mərkəzində saxlanılır, gənclərin idmana və təhsilə cəlbi istiqamətində ardıcıl tədbirlər görülür, hər il bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı müşavirə keçirilir, qarşıda duran vəzifələr müəyyənləşdirilir. Buna görə də muxtar respublikada sağlam gənc nəsil yetişir, gənclər zərərli vərdişlərdən uzaq dururlar. Son illərdə Naxçıvanda  şahmat idman növünün kütləviliyinin təmin olunması istiqamətində kompleks işlər görülüb. Şahmat Federasiyasının yaradılması, müxtəlif səviyyəli rayonlararası, muxtar respublika birincilikləri və beynəlxalq şahmat turnirlərinin, ənənəvi  Beynəlxalq Şahmat festivallarının yüksək səviyyədə keçirilməsi bu sahəyə göstərilən dövlət qayğısını ifadə edir. Bu gün Naxçıvan şəhərində və bütün rayon mərkəzlərində şahmat məktəbləri fəaliyyət göstərir. Bununla bərabər, bütün ümumtəhsil məktəblərində də şahmat dərsləri keçirilməkdədir. Həmin dərslərdə şagirdlərə elə birinci sinifdən bu qədim və gözəl zəka oyununun sirləri öyrədilir.

Müşahidələr göstərir ki, şahmat şagirdlərin digər bacarıqlarının ortaya çıxarılması üçün  bir vasitədir. Bütün bu göstərilənləri nəzərə alaraq şahmatın şagirdlərin zehni və fiziki inkişafında və həyatda bir şəxsiyyət kimi formalaşmasında roluna aid düşüncələrimizi oxucularımızla bölüşürük. Çox qədim tarixə malik olan maraqlı və əyləncəli oyun indi idman növü hesab edilir və  planetin bütün guşələrində milyonlarla insan bu idman növü ilə yaxından maraqlanır.

Şahmat kompüter və televizordan ayrılmaq vasitəsidir

Son vaxtlar  həkimlər, müəllimlər və valideynlər həyəcan təbili çalırlar ki, uşaqlar həyətdə təmiz havada oynamaq əvəzinə daha çox vaxtlarını kompüter arxasında, sosial şəbəkələrdə keçirirlər. Ağıllı valideynlər müstəqil düşünə bilən, layiqli uşaq yetişdirmək üçün çalışarkən  uşaqların  kompüter arxasında vaxt keçirmələrini  məhdudlaşdırmağa  cəhd edirlər. Bunun üçün uşaqlarını müxtəlif  idman bölmələrinə göndərirlər. İnternet  və kompüter oyunlarından asılılığın qarşısını almaq üçün başqa bir yol – uşağa şahmat oynamağı öyrətməkdir. Şahmat uşaqlara  sevinc bəxş edir və  eyni zamanda onların əqli və psixi inkişafına böyük təsir göstərir.

Şahmat  məntiqi düşüncəni və təxəyyülü  inkişaf etdirir

Şahmat oynamaq ilk növbədə beynin intellektual bacarıqlarını artıran böyük bir məşqdir. Oyun zamanı beynin hər iki yarımkürəsi eyni zamanda və sinxron əməliyyat apararaq işləyir və nəticədə, məntiqi və mücərrəd təsəvvür fəal inkişaf edir. Şahmat oyunu zamanı məntiqi komponentlərin, savad və  ardıcıllıq  zəncirlərinin qurulması  işinə cavab verən beynin sol yarımkürəsi işə qoşulur. Qeyd edək ki, məntiq dərsi keçirilməyən məktəblərdə uşaqlar yalnız şahmatla tanışlığın ilk günlərindən məntiqi düşünmək və mükalimə yürütmək bacarığı əldə edirlər. Modelləşdirilmə və fəza təsəvvürlərinin inkişafına təsir edən beynin sağ yarımkürəsini də az əhəmiyyətli hesab etmək olmaz. Hadisələrin gedişini proqnozlaşdırmaq və təxmin etmək, bütün mövcud variantları və nəticələri anlamaq imkanı, tez və operativ  qərar qəbul etmək qabiliyyəti və  ən yaxşı çıxış yolu tapmaq üçün  hərəkət etmək şahmatçının aldığı əsas bilik və bacarıqlardır.

Yaddaş və diqqətin cəmlənməsi üçün məşq vasitəsi

Şahmatla məşğul olan uşaqlarda bir yerdə otura bilmək qabiliyyəti formalaşır, çünki bu zaman diqqət bir yerə cəlb olur. Ələlxüsus da hiperaktiv – yəni bir an belə dayanmadan hərəkətli olan  uşaqların şahmatla məşğul olması xüsusilə vacibdir. Çünki  şahmatla məşğul olarkən  onlar daha sakit və stabil olurlar. Şahmat  oynayarkən oyunçu gah uzunmüddətli, gah da qısamüddətli və həmçinin də operativ yaddaş deyilən yaddaşını işə salır ki, bu zaman da həm vizual, həm rəqəmli, həm də rəng məlumatlarından istifadə edir. Müşahidələr göstərir ki, şahmat oynayan uşaqlarda zəka reaksiyanın sürəti daha yüksək olur. Onlar dərslərində, xüsusən də dəqiq elmlərin öyrənilməsində daha müvəffəq olurlar.   

Müstəqildüşünmə və məsuliyyət hissinin artırılması

Şahmat oynayarkən uşaq məntiqi cəhətdən müstəqil düşünməyi və düşünərək qərar qəbul etməyi öyrənir. Hətta ilk baxışda sadə görünən “hansı fiqurla gediş edim?” fikri uşaqda düzgün düşünmə və vaxtında qərar qəbul etmə bacarığı yaradır. Onlarda  hətta məktəbəqədər yaş dövründə  lazım olan hərəkətlərin, məqsədə çatmaq üçün atılmalı olan addımların planlaşdırılması əsas amildir. Şahmat uşaqlara səhv olan qərarı tələsik qəbul etməməyi öyrədir. Statistik analizlər sübut edir ki, şahmat oynamağı bacaran insanlardan görkəmli mütəxəssislər, alimlər, bir sözlə, böyük insanlar yetişir. 

Yaradıcı özünütəsdiqetmə

Şahmatın əhəmiyyətli keyfiyyətlərindən biri də uşaqlarda yaradıcı təfəkkürün inkişafında bir məktəb rolu oynamasıdır. Şahmat təklikdən çıxış yolu, aktiv istirahət, özünütəsdiq vasitəsidir. Rəqiblə oyun oynayarkən uşaq yavaş-yavaş özü ilə oyun oynamanın yollarını tapır və başa düşür ki, vəziyyəti modelləşdirmək, gedişlər ardıcıllığını tapmaq onu praktikada tətbiq etməkdən effektlidir. Beləliklə, onun beyni zaman keçdikcə informasiyanı təkcə yadda saxlamağa  yox, həm də onu tətbiq etməyə uyğunlaşır. Bu zaman daha səmərəli ideyaların axtarışı, müəyyən nailiyyətə çatmaq üçün qeyri standart qərarların qəbul edilməsi bacarığı inkişaf edir.

Bundan başqa, uşaq yaşlarından şahmatla maraqlananlar güclü inkişaf üçün həm şəxsi, həm də intellektinin inkişafı üçün sanki təkan alır. Şahmat oynayan uşaqlar utancaqlıqdan xilas olmağa, bununla bərabər, münasibət yaratmaqda daha fəal olmağa başlayırlar. Bu zaman onlarda yaxşı mənada inadkarlıq, məqsədə doğru irəliləmələrində cəsarət müşahidə olunur. Şahmat taxtası arxasında yaranmış mübarizlik ruhu onda döyüşkənlik xarakteri formalaşdırır. Nəticədə, uşaq  yüksəkiradəli, qətiyyətli, qələbə əzmli, qələbəyə can atan şəxsiyyət kimi yetişir. İstənilən oyunçunun rastlaşdığı uduzmaq  hissi isə uşaqda məğlubiyyəti asanlıqla həzm edə bilmə, özünütənqid  hisslərinin yaranmasına, atdığı addımların məsuliyyətini hiss etməyə və bundan nəticə çıxarmağa sövq edir.

Bütün bu amillər nəzərə alınaraq bu gün muxtar respublikanın, eləcə də Babək rayonunun bütün ümumtəhsil məktəblərində olduğu kimi, Cəhri kənd 1 nömrəli tam orta məktəbində də şahmatın müasir təlim metodları ilə tədrisi üçün müasir şərait yaradılıb. Verilən tapşırıqlara uyğun olaraq hər il şahmatın tədrisi vəziyyətinə yenidən baxılır, müvafiq tədbirlər həyata keçirilir. Bu gün məktəbimizdə üç şahmat otağı fəaliyyət göstərir. Şahmat dərsləri həmin otaqlarda və yaxud elektron lövhəli siniflərdə tədris edilir. Şagirdlərimiz şahmatın sirlərini öyrənməyə xüsusi həvəs göstərirlər. Yaradılan şərait yaxın gələcəkdə Cəhri kəndindən, Babək rayonundan, ümumilikdə isə Naxçıvanımızdan beynəlxalq turnirlərdə uğurla iştirak edib nailiyyətlər qazanan qrossmeysterlerin yetişəcəyinə inam yaradır.   

Natiq  Məmmədov

Cəhri kənd 1 nömrəli tam orta məktəbin müəllimi

                                                                “Şərqin səhəri” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: