Sahibkarlara lizinq yolu ilə yeni texnika verilib

555

İyulun 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikaya alınıb gətirilən yeni texnikalara baxıb və “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rayon bazalarının texnikalarla təminatı, kənd təsərrüfatı texnikalarının satışının davam etdirilməsi, yeni texnikalardan səmərəli istifadə olunması və digər məsələlər barədə tapşırıqlar verib.

Verilən tapşırıqların icrası diqqətdə saxlanılıb. NUHÇIXAN-nın məlumatına görə iyulun 31-də “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində muxtar respublikaya yeni gətirilmiş texnika və texnoloji avadanlıqlardan 9-u lizinq yolu ilə sahibkarlara satılıb.

Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev çıxış edərək qeyd edib ki, hazırda muxtar respublikamızda aqrar sahədə kompleks islahatlar həyata keçirilir, hər il yeni kənd təsərrüfatı texnikaları alınıb gətirilir.

 Bildirilib ki, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti dövründə muxtar respublikaya ümumilikdə 2299 texnika və texnoloji avadanlıq alınıb gətirilib. Bunların  245-i 2018-ci ildə alınıb. Həmin texnikalardan 171-i cari ildə olmaqla ümumilikdə 1801-i lizinq yolu ilə, 42-si 2018-ci ildə olmaqla 156-sı nəğd və köçürmə yolu  ilə sahibkarlara satılıb.

Elşad Əliyev vurğulayıb ki, cari ilin iyun ayında muxtar respublikaya daha 79 yeni texnika və avadanlıq alınaraq gətirilib. Alınan texnikalar dünyanın qabaqcıl ölkələrinin istehsalıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına uyğun olaraq bu texnika və texnoloji avadanlıqların  lizinq, nəğd və köçürmə yolu ilə sahibkarlara satılması həyata keçirilir. Qeyd edilib ki, hazırda kənd təsərrüfatı texnikaları lizinqə verilərkən dəyərinin 20 faizi ödənildikdə dövlət büdcəsi hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilir.

Sonra lizinq yolu ilə satılan yeni texnikaların sənədləri sahibkarlara təqdim olunub. Eyni zamanda “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin bütün rayon bazalarına da yeni texnika və texnoloji avadanlıqlar verilib.

                                                              Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: