Sabah Bakıda QDİƏT Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası keçiriləcək

98

Dekabrın 14-də Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası keçiriləcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, Azərbaycanın sədrliyi ilə keçiriləcək iclasda təşkilata üzv ölkələrin yüksək səviyyəli rəsmilərinin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edəcək.

Azərbaycanın 2018-ci il iyulun 1-dən dekabrın 31-dək QDİƏT-də sədrliyi “Bağlantılar vasitəsilə ticarətin gücləndirilməsi” şüarı altında həyata keçirilir. Sədrliyimizin əsas prioritetləri arasında QDİƏT məkanında səmərəli, etibarlı və təhlükəsiz nəqliyyat və tranzit xidmətlərinin göstərilməsi, kənd təsərrüfatının ixrac qabiliyyətinin artırılması və turizmin daha da inkişaf etdirilməsi xüsusi yer tutur.

Sədrliyimiz dövründə QDİƏT regionunda və onun hüdudlarından kənarda inkişafa və ticarətin gücləndirilməsinə töhfə vermək məqsədilə Bakıda nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə nazirlərin iki iclası, müvafiq olaraq cari ilin 25 oktyabr və 4 dekabr tarixlərində keçirilib. Ümumilikdə, Azərbaycanın sədrliyi zamanı xarici işlər nazirləri səviyyəsində görüş də daxil olmaqla dörd nazirlər, 21 tematik işçi qrupunun və xüsusi işçi qruplarının iclasları keçirilib və bir sıra işçi qruplarının (turizm, İKT, enerji) fəaliyyət planları qəbul edilib. Həmçinin QDİƏT-in əlaqəli orqanlarının 10-dan çox toplantısı, təlim proqramları, seminarlar və digər tədbirlər təşkil olunub. Bundan əlavə, bu müddətdə Azərbaycanın müraciətləri əsasında QDİƏT-in işinin səmərəliliyinin artırılması məqsədilə müvafiq qiymətləndirmə sənədləri hazırlanıb.

Qeyd olunanlardan əlavə, Azərbaycanın sədrliyi zamanı “QDİƏT regionunda regional ticarətin asanlaşdırılması üzrə Strategiya” və “QDİƏT-in bir pəncərə əməkdaşlığı üçün Çərçivə” sənədlərinin layihələri üzərində işin başa çatdırılması məqsədilə müvafiq müzakirələr davam etdirilib. Sözügedən sənədlər regionda artan rəqabət qabiliyyətinə, eləcə də QDİƏT məkanında ölkələrin rifahı naminə ticarətin asanlaşdırılması prosesinə yeni təkan verilməsi məsələlərini özündə ehtiva edir.

Azərbaycandan sonra QDİƏT-ə sədrlik Bolqarıstana keçəcək.

Xatırladaq ki, QDİƏT Türkiyə Respublikasının təklifi ilə 1992-ci il iyunun 25-də İstanbul Bəyannaməsinin imzalanması ilə yaradılıb. Hazırda təşkilatın 12 üzvü var: Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukrayna. Habelə, 14 dövlət və 4 təşkilat QDİƏT-də müşahidəçi statusuna malikdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: