Şərur Rayon İcra Hakimiyyətində 2018-ci ilin yekunlarının müzakirəsi olub

581

NUHÇIXAN xəbər verir ki, Şərur Rayon İcra Hakimiyyətində 2018-ci ilin yekunları və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov məruzə edib. Bildirilib ki, şəhər və rayon mərkəzlərində, kəndlərdə istifadəyə verilən sosial obyektlər, tikilən inzibati binalar, yaradılan istehsal sahələri insanların məskunlaşmasını, rahatlığını təmin edib, 7 kənd və 7 xidmət mərkəzi tikilərək istifadəyə verilib. Ötən il Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə “Şərur şəhər və ətraf kəndlərinin  içməli su təchizatı və  kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin birinci mərhələsinin açılışı olub. Eyni zamanda Ərəbyengicə, İbadulla, Kosacan kəndlərində kompleks quruculuq işləri aparılıb, sosial obyektlər istifadəyə verilib. Yengicə kəndində Şərq hamamı əsaslı bərpa olunub. Şərur şəhərində Naxçıvan Avtomobil Zavodunun texniki servis mərkəzinin, Tarix-Diyarşünaslıq Muzeyinin  yenidənqurulması başa çatdırılaraq istifadəyə verilib. Hazırda  Kərimbəyli, Xətai, Yeni Havuş, Qışlaqabbas və Alışar kəndlərində  kompleks quruculuq işləri aparılır, Şərur şəhər Uşaq Xəstəxanasının, yaşayış binalarının tikintisi davam etdirilir. Bununla yanaşı rayonda digər  obyektlər də inşa olunur.

Uzun illərdir ki, işğal altında olan Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklərlə birlikdə 11 min hektar ərazinin Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi uğurlu əməliyyat nəticəsində işğaldan azad edilməsi hər bir şərurluda ruh yüksəkliyi yaradıb.

Ötən il Şərur mədəniyyəti üçün də əlamətdar olub. 2018-ci ilin 26 noyabr-01 dekabr tarixlərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında qəbul edilən qərarla “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilib. Bu sahədə görülən işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı Sərəncam  mədəniyyət işçilərinin üzərinə mühüm vəzifələr qoyub. 

Kamal Cəfərov 2018-ci ildə müəyən nailiyyətlər əldə edilməsinə baxmayaraq təşkilatların fəaliyyətində bir sıra nöqsanların da olduğunu diqqətə çatdırıb, 2019-cu ildə bu nöqsanların aradan qaldırılması üzrə müvafiq tapşırıqlar verib.  Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci çağırış doqquzuncu sessiyasında 2019-cu il “Ailə təsərrüfatları” ili elan olunub. Bu istiqamətdə ardıcıl iş aparılmalı, yeni ailə təsərrüfatları formalaşmalı, məhsul istehsalı artırılmalıdır. Kənd icra nümayəndələri, bələdiyyələr kəndin təmizliyinə diqqəti artırmalı, qarşılıqlı fəaliyyət göstərməlidirlər.

Məruzəətrafında çıxışlar olub. Çıxış edənlər ötən ildə görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat veriblər.

Müşavirədə Rayon İcra Hakimiyyətinin 2019-cu ilə aid İş Planı təsdiq edilib.

                                                                               Turab Hacızadə

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: