Sədərək Rayon İcra Hakimiyyətində 2019-cu ilə aid İş Planı təsdiq edilib

518

NUHÇIXAN xəbər verir ki, Sədərək Rayon İcra Hakimiyyətində 2018-ci ilin yekunları və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib. Müşavirədə Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov bildirib ki, muxtar respublikada geniş vüsət alan tikinti-quruculuq işləri Sədərək rayonunu da əhatə edib. Rayonda yeni inzibati binalar və digər infrastruktur obyektləri tikilərək istifadəyə verilib. Hazırda Sədərək rayonu üzrə içməli su və kanalizasiya xəttinin çəkilişi və Heydərabad qəsəbəsində 48 mənzilli yaşayış binasının tikintisi davam etdirilir. Həmçinin ətraf mühitin mühafizəsi məqsədilə monitorinq laboratoriyasının yaradılmasına başlanılıb.

Həbib İbrahimov bildirib ki, ötən il rayonda kənd təsərrüfatı sahəsində də uğurlu işlər həyata keçirilib, qəbul olunmuş Dövlət Proqramlarının icrası diqqətdə saxlanılıb. “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın qəbul olunması ilə əlaqədar rayonda bu sahənin inkişafına diqqət artırılıb.

İcra başçısı 2018-ci ilin yaz və payız aylarında keçirilən yaşıllaşdırma tədbirləri çərçivəsində meşəsalma və bərpa işlərini də önə çəkib.

Bütün bunlarla yanaşı ötən ildə digər sahələrdə də görülən işlərdən danışan Həbib İbrahimov hesabat dövründə təşkilatların fəaliyyətində bir sıra nöqsanların olduğunu da diqqətə çatdırıb. Bildirib ki, rayonun ümumtəhsil məktəblərində müəllimlərin dərslərə hazırlıq səviyyəsinin aşağı olması, dərs prosesində informasiya-kommunikasiya texnologiyalarından lazımi qaydada istifadə edilməməsi, dərslərdə əyaniliyin təmin olunmaması, təcrübi məşğələlərin formal xarakter daşıması şagirdlərin bilik səviyyəsinə mənfi təsir göstərir. Rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən test-sınaq imtahanlarında şagirdlərin fənlər üzrə zəif nəticə göstərməsi fənn müəllimlərini dərindən düşündürməlidir.  Həbib İbrahimov 2019-cu ildə qeyd olunan nöqsanların aradan qaldırılması istiqamətində  aidiyyətı üzrə müvafiq tapşırıqlar verib.

Sonra məruzə ətrafında çıxışlar olub. Çıxış edənlər ötən ildə görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat veriblər.

Müşavirədə Rayon İcra Hakimiyyətinin 2019-cu ilə aid İş Planı təsdiq edilib.

                                                                                Turab Hacızadə

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: