Qida məhsullarının keyfiyyəti sağlamlığımız üçün əsas şərtdir

227

Görkəmli alim Qalileo Qalileyin belə bir sözü var: “Ölçüləni ölçmək lazımdır və elə etmək lazımdır ki, ölçüyə gəlməyəni də ölçmək mümkün olsun”. Bəs şərabın, pendirin, yağın dadını, keyfiyyətini necə ölçmək olar? Ölçü aparmaq üçün üsullar çoxdur, lakin dad ölçmək üçün kifayət qədər dəqiq nəticələr almaq mümkün deyil. Bu halda hər bir adam öz duyumuna görə seçim aparmalı, dadmaqla məhsulun keyfiyyətini müəyyən etməlidir. Bu üsulla xüsusi cihazlar olmadan,  az vaxtda istənilən məhsulun keyfiyyətini müəyyən etmək mümkündür. Bu halda seçici hisslərinin köməyindən istifadə edir. Dad və iybilmə isə bu analizdə çox böyük rol oynayır.

Bu gün bizim üçün kifayət qədər ciddi problem qidanın keyfiyyətli tərkibidir. Unutmaq olmaz ki, insana lazım olan iyirmi amin turşusundan orqanizm yalnız on ikisini sintez edə bilir. Qalanlarını isə zülallarla zəngin qida vasitəsi ilə almalıyıq. Heyvan və bitki mənşəli qidaların tərkibində zülallardan başqa çoxlu bioloji əhəmiyyətli maddələr də var ki, insanlar hələ uzun müddət bundan istifadə edəcəklər. Müəyyən edilmişdir ki, məhsul nə qədər təzədirsə, onun keyfiyyəti bir o qədər yüksək olur. Məsələn, süd sağılan an keyfiyyətli hesab edilir. Bir qədər sonra isə o, mütləq qaynadılmalıdır.

Tərkibində çox miqdarda zülal olan bitki və heyvan mənşəli qida məhsulları isti mühitdə tez xarab olur. Bir sıra meyvə, giləmeyvə və tərəvəzlərin tərkibi yoxlanılaraq belə bir nəticəyə gəlinmişdir ki, çox faydalı olan bəzi qidaların vaxtı keçdikdə, yəni onlar köhnəldikdə insan orqanizminə daha çox zərərli our və ciddi zəhərlənmə verirlər. Alimlərin apardığı tədqiqatlara əsasən, ətirli çiyələk özünün bir sıra faydalı xüsusiyyətləri ilə yanaşı, pestisidlərlə də zəngindir. Tərkibində olan zərərli maddələrin miqdarına görə çiyələk ən təhlükəli giləmeyvə hesab edilib.

Sonrakı yerlərdə ispanaq və alma gəlir. Armud, şaftalı, üzüm, kərəviz və albalının da orqanizm üçün zərərli təsirləri olduğu müəyyən olunub. Kartof, şirin bibər, pomidor, ananas, kivi, qreypfrut,  soğan, gül kələm, badımcan və qulançar daha az zərərli hesab edilir. Bu mənada ərzaq məhsullarının xilas yolu onları soyuq mühitdə saxlamaqdır.  Yalnız soyuq mühit onları qoruyub saxlamaq iqtidarındadır. Əminliklə demək olar ki, gündəlik həyatımızda su, qaz, elektrik nə qədər böyük rol oynayırsa, soyuducu da eyni rolu icra edir. 1875-ci ildə həyatımıza daxil olan soyuducular artıq hər bir ailənin ən zəruri yaşam vasitəsinə çevrilmişdir. Bu gün kənd və şəhər həyatı öz varlığına görə süni soyuğa borcludur. Artıq ev soyuducularının mobil sistemi qida məhsullarının itkisini minimum həddə yendirmək gücündədir.

Hər il planetimizdə milyonlarla insan qida çatışmazlığından əziyyət çəkir. Bu vəziyyət xüsusən Asiya və Afrika xalqları üçün ağır nəticələrə səbəb olur. Ona görə də dünyada ən ciddi problemlərdən biri də qida və onun keyfiyyət məsələsidir. İnsan qida vasitəsi ilə bitki və heyvani zülallar qəbul edir. İl ərzində insanlar iyirmi milyon ton zülal alır ki, onun da üç milyonu “dənizin hədiyyəsi” olan dəniz məhsulları, qalanları isə kənd təsərrüfatı məhsullarıdır. Bitki zülallarının dörddə birini isə dənli məhsullar verir. Bunun da əksər hissəsi birbaşa insanlar tərəfindən mənimsənilir. Qalanları isə heyvanların qidasına əlavə olunur. Sonuncunun bir hissəsi ət, süd, yumurta və s. şəklində yenidən bizə qayıdır. Lakin insan təbiətin imkanlarından tam istifadə edə bilmir. Yeni imkanlar isə bioloji dəyişmələrlə əldə edilən süni qidaların hesabına yaranır.

Ərzaq problemlərindən biri də qida məhsullarının tez xarab olması və itirilməsidir. İstehsal olunan və alınan qidanın təqribən üçdə biri  süfrəyə gəlib çatmır. Deməli, qida ehtiyatını itki olan yerdə axtarmaq lazımdır. Xaricdə istehsal edilən aşağı keyfiyyətli ərzaq məhsullarının Azərbaycanın daxili bazarına yol tapdığı bir zamanda keyfiyyətli qida məhsullarının seçim etmək imkanları xeyli dərəcədə məhdud olduğundan, keyfiyyət göstəriciləri ilə xarici məhsullardan yüksəkdə dayanan yerli ərzaq məhsullarına üstünlük vermək daha məqsədəuyğundur. Bir faktı xüsusilə qeyd etmək lazımdır ki, xaricdən gətirilən qida məhsullarının uzunömürlülüyünü təmin edən maddələrin insan orqanizminə təsiri axıradək aydınlaşdırılmayıb. Bu maddələrin bəzilərinin insan sağlamlığına əks təsiri isə heç kəsə sirr deyil. Deməli, qida məhsullarının effektiv təsiri onların keyfiyyəti ilə birbaşa əlaqədardır. Ekoloji təmiz və keyfiyyətli məhsulları isə ancaq ölkəmizdə istehsal olunan və ana təbiətin bizə bəxş etdiyi nemətlərlə əldə etmək olar.

Bildiyimiz kimi, Naxçıvanın torpaq-iqlim şəraiti müxtəlif giləmeyvə və meyvə ağaclarının inkişafı, bol və yüksəkkeyfiyyətli məhsul vermək baxımından olduqca əlverişlidir. Burada düzən, dağətəyi və dağlıq ərazilərdə alma, armud, şaftalı, gavalı, alça, badam, cəviz və s. meyvə bağlarının salınması üçün münbit ekoloji mühit mövcuddur. Muxtar respublikada meyvəçilik və tərəvəzçiliyin inkişafını diqqət mərkəzində saxlamaq, məhsul istehsalını daha da artırmaq üçün 2016-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən adıçəkilən sahələrin inkişaf etdirilməsi ilə bağlı  növbəti Dövlət Proqramı təsdiq edilib. Ali Məclis Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın qəbul edilməsi muxtar respublikada aqrar sektorun bu vacib və iqtisadi cəhətdən səmərəli sahələrinin inkişaf etdirilməsində yeni mərhələnin başlanmasına şərait yaradıb. Əvvəlki Dövlət Pro­qramında olduğu kimi, bu dövlət proqramında da meyvəçiliyin və tərəvəzçiliyin inkişafı ilə bağlı qarşıya konkret vəzifələr qoyulub. Bu  Dövlət Proqramı muxtar respublikada ekoloji təmiz ərzaq məhsullarının təbii yolla alınmasına zəmin yaradaraq geni dəyişdirilmiş və ya genetik modifikasiya edilmiş məhsulların idxalına yol verilməməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu, bir tərəfdən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları istehsalının genişlənməsinə, digər tərəfdən müasir texnologiyalarla təchiz edilmiş emal müəssisələrinin yaradılmasına və ekoloji təmiz məhsullara olan tələbatın yerli istehsal hesabına ödənilməsinə səbəb olacaqdır.

Beləliklə, yurdumuzda üçüncü minilliyin süfrəsi öz zənginliyini xaricdən gətirilən geni dəyişdirilmiş növlərdən deyil, doğma diyarımızın çox zəngin və keyfiyyətli ərzaq məhsullarından götürəcəkdir. Biz də qida rasionumuzda doğma təbiətimizin və bərəkətli torpaqlarımızın bizə verdiyi ekoloji təmiz məhsulların sağlamlığımızın rəhni olduğunu unutmamalı, gündəlik həyatımızda onlardan daha səmərəli istifadə etməliyik.

Fizzə MƏMMƏDOVA,

AMEA Naxçıvan Bölməsinin əməkdaşı

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: