Qazançı körpüsünə yeni həyat veriləcək

545

Muxtar respublikamızın ərazisində mövcud olan yüzlərlə abidə keçmişimizi bu günə daşıyan, maddi və mənəvi həyatımızın güzgüsü rolunu oynayan sənət və təbiət inciləridir. Abidələr təkcə tarixin yaddaşı və yadigarları deyil, eyni zamanda maddi-mədəniyyət nümunələridir. Ona görə də onların qorunması və gələcək nəsillərə çatdırılması olduqca  vacibdir. Son illər qədim diyarımızda 70-ə yaxın abidəyə ikinci həyat verilmişdir. Onların içərisində rayonumuzda öz əzəməti, möhtəşəmliyi və zərifliyi ilə seçilən Əlincəqalası, Gülüstan türbəsi və Xanəgah Abidələr Kompleksi də vardır. Bu abidələr qədim yurdumuzun tarixi keçmişini özündə yaşatmaqla bərabər, həm də müasir dövrdə turizm potensialının artmasında əhəmiyyətli rol oynayır. Çünki Naxçıvan tarixi abidələr və gəzməli-görməli yerlər baxımından səyahət turizminin ən ideal məkanlarındandır. Muxtar respublikaya səfər  edən hər bir turist buradan xoş təəssüratla ayrılır.

Xatırladım ki, bu il rayonumuzun Qazançı kəndində yeni tikilən sosial obyektlərlə yanaşı, daha bir abidəyə-Qazançı körpüsünə də yeni həyat veriləcək. Tikinti texnikasına görə 15-18-ci əsrlərə aid edilən bu abidə xalq arasında “Qozbel körpü” adlanır. Bu abidə nisbətən yaxşı qalsa da, nəqliyyat üçün yararsızdır. Qazançı körpüsü Azərbaycan Respublikası ərazisində biraşırımlı körpülərin ən yaxşı nümunələrindəndir. Müdriklərin belə bir kəlamı var: – “Hər bir xalqın qədimliyi onun abidələrində yaşayır. Abidələr xalqı, xalq isə abidələri yaşadır”.

Tarixi-mədəni irsimizi qorumaq isə hər birimizin vətəndaşlıq borcudur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Hər bir yerin tarixi yalnız kitablarda deyil, onun torpağında, tikililərində, abidələrində yaşayır. Tarixini, Vətənini sevən insanlar abidələri qoruyub gələcək nəsillərə ötürməlidir. Hər birimiz tariximizlə qürur hissi keçirməli, bütün dünyaya göstərməliyik ki, ulu babalarımız, əcdadlarımız belə zəngin tarixə malik olublar”.

Tariximizə göstərilən bu diqqət və qayğıya görə Qazançı sakinləri adından dövlətimizə minnətdarlığımı bildirirəm.

Hicran MUSAYEV,

Qazançı kənd tam orta məktəbinin tarix müəllimi

“Arazın səsi” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: