Qələmin iti, qılıncın kəskin olsun, AZƏRBAYCAN!

425

Azərbaycan ədəbiyyatında tarixi roman məktəbinin banisi kimi şöhrət tapan Məmməd Səid Ordubadinin Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnələşdirilən “Qılınc və qələm” əsərinin tamaşasını səbrsizliklə gözləyirdik. Ötən əsrin 70-ci illərinin əvvəllərində Azərbaycan teatrında ilk dəfə səhnəyə qoyulan bu əsərə indiyədək müraciət edilməmişdi. Naxçıvan teatrında ilk dəfə səhnələşdirilən bu möhtəşəm əsərin  tamaşa kimi də uğurlu alınacağına şübhə yox idi. Elə də oldu. Səhnə əsəri tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Bunun başlıca səbəbi əsərin ideya-məzmun dəyərinin tamaşaçıya olduğu kimi çatdırılması idi. XII əsrdə Azərbaycanın ictimai-siyasi durumu fonunda böyük mütəfəkkir şair Nizaminin həyat və yardıcılığından bəhs edən “Qılınc və qələm”də o dövrün ruhu tam dolğunluqla yaradılmışdı.  

Əsər haqqında ədəbiyyatşünasların rəylərindən ibarət kitabları nəşr olunmuş, bu əsər haqqında yüksək fikirlər söylənilmişdir. Bu baxımdan “Qılınc və qələm”ə səhnədə yeni həyat verilməsi  təqdirolunasıdır. Romanı bir də  tamaşa əsəri kimi də seyr eləməklə o dövrün hadisələri  insanın ürəyinə canlı, iti və odlu təsir edir, qəlbində  emosional hisslər yaradır. Tamaşaya baxdıqca bir daha əmin olursan ki, “Qılınc və qələm” Azərbaycan ədəbiyyatında tarixi roman janrının zirvəsində dayanır. Roman təkcə Nizami dövrünün ədəbi salnaməsi deyil, həm də XII əsr tariximizin müasir dövr üçün zəngin və misilsiz qaynağıdır. Çünki bu romanı  hələ keçən əsrin 30-40-cı illərində xalqa soykökünü, tarixini unutdurmaq istəyən sovet ideologiyasına qarşı ən böyük mübarizə aparan  möhtəşəm abidə saymaq olar. Tamaşadan sonra yaradıcı heyətlə görüşən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov  əsərin səhnə həllini yüksək dəyərləndirərək kollektivə təşəkkür etdi. Ali Məclisin Sədri dedi ki, dövlətçiliklə bağlı səhnə əsərlərinin yaradılması istedad tələb edir. Bunun üçün gərək böyük yazıçı, dramaturq olasan, öz ölkənin, xalqının tarixini və əsərin əhatə etdiyi dövrü yaxşı biləsən. “Qılınc və qələm” tamaşasında aktyor seçimindən tutmuş səhnə tərtibatına qədər bütün işlər ustalıqla görülmüşdür. Hər tamaşada bir obraz daha çox diqqəti cəlb edir. Bu tamaşada da Qətibə xatın obrazı mükəmməl yaradılmışdır. Bu cür obrazların yaradılması üçün gərək aktyorda istedad olsun. Tamaşada hər bir aktyorun istedadı görünürdü. Zəhmət çəkiləndə istənilən uğura nail olmaq mümkündür. Ancaq çəkilən zəhmətə, o tamaşaya, o rola ürəklə bağlananda isə həmin obraz təkcə oynanılmır, həm də yaradılır və yaşadılır. “Qılınc və qələm” tamaşasında da obrazları yaradan hər bir aktyor həm də öz vətəndaş sevgisini ortaya qoymuşdu.

Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidovun quruluş verdiyi tamaşa 2 pərdəli və 17 şəkillidir.  Tamaşa Gəncə əmiri Əmir İnancın evində baş verən hadisələrin təsviri ilə başlayır. Əmirin və Gəncə xətibinin fitvası ilə ustad şairə Məhsəti şəhərdən sürgün edilir, Nizaminin onunla məktublaşması şübhəli bir şəxs kimi saraya çağırılmasına səbəb olur. Elə tamaşanın ilk səhnəsində Nizaminin öz qürurunu itirməməsi, ləyaqətini və yenilməzliyinin yüksək səviyyədə nümayiş etdirməsi diqqət çəkir. Nizami obrazını ustalıqla canlandıran Nəsimi Məmmədzadə tapşırılan rolun məsuliyyətini yaxşı dərk edir. Onun səhnə geyimi, jestləri də bunu sübut edirdi. Hansı səhnə olursa-olsun, bu gənc yalnız Azərbaycanın taleyini düşünür, qılıncın məsuliyyətini və şərəfini qələmin qüdrətində görürdü. Qələmi təmsil edən Nizami milli birlik istəyirdi, “bütünləşmiş Azərbaycan” istəyirdi, öz ana dilini istəyirdi. Səhnədə Nizamini izlədikcə bir daha aydın olur ki, Ordubadi sadəcə əsər yazmayıb, o həm də qələmlə haqsızlıqlara qarşı mübarizə aparıb. Nizaminin timsalında tarix, siyasət və ədəbiyyatın vəhdətini  yaradaraq günümüz üçün möhtəşəm sənət əsəri ərsəyə gətirib.

Gənc aktyor Səyyad Məmmədov mərd və igid qəhrəman, döyüş meydanında heç bir rəqibinin qabağından qaçmayan Fəxrəddini ustalıqla canlandırdı. Bütün səhnələrdə o, hər şeydən əvvəl,  igid döyüşçü, basılmaz sərkərdə təsiri bağışlayır. Tamşada ən çox diqqət çəkən bir məqamı oxucularla tanış etmək istəyirəm. Cahan Pəhləvanın Gəncədə təşkil etdiyi məclisdə Fəxrəddinin ərəb mənşəli adlar daşıyan Azərbaycan kəndlərinin əsl tarixilə əlaqədar söylədiyi fikirləri dinlədikcə onun xalqına, xalqın tarixi keçmişinə, şanlı ənənələrinə bağlılığın ifadəsini bir daha aydın görürsən.

Tamaşadakı bir obraz da tarixiliklə bədii təfəkkürün vəhdətindən yoğrulmuş parlaq, bənzərsiz surət kimi tamaşaçının yaddaşına həkk olundu. Hətta mən deyərdim ki, günün ən yaddaqalan obrazı  oldu. Bu, gənc aktirisa Nurbəniz Niftəliyevanın yaratığı Qətibə xanım obrazı idi. Gənc aktirisa obrazı təsirili və dolğun yarada bildi. Aktirsanın təqdim etdiyi  obraz öz canlılığı və təbiiliyi ilə seçilirdi. O, aydın nitqi, kaloritli səhnə görkəmi, peşəkar  oyun üslubu  ilə  bu obraza  yaddaqalan səhnə həyatı verməyə müvəffəq oldu.

Xalq artistləri Rövşən Hüseynov, Həsən Ağasoy, Azərbaycan Respublikasının Əməkdar artistləri Behruz Haxverdiyev, Əbülfəz İmanov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Vüsal Rzayev, aktyor və  aktrisalardan Nazlı Hüseynquliyeva, Ələsgər Quliyev, Vəli Babayev, Məmməd Mehdiyev, Həcərxanım Cavanşir, Mehri Nəbiyeva, Fatimə Yusifli, Anar Eyvazov da  əsərin uğurlu səhnə həllinə və müəllif ideyasının açılmasına nail ola bildilər.

  Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramovun tamaşaya verdiyi səhnə tərtibatı da yüksək dəyərləndirilməlidir. Hadisələr cərəyan etdikcə ümumi fonda baş verən olayların məkan yerdəyişimi inandırıcı olması ilə diqqəti çəkir.

Tamaşadan çıxan nəticəyə görə qılınc güc, qələm isə zəka deməkdir. Onlar birləşdiyi zaman xalq daha qüvvətli olur. Bu birlik tamaşa boyu əsərin ideya leytmotivinə çevrilir. Tamaşada əsrlər öncə müstəqil, bütöv Azərbaycan yaratmaq arzusunu görmək, hiss etmək insana möhtəşəm hislər yaşadır. İndi Azərbaycan müstəqil və azaddır. Bu əsər də Azərbaycanda milli-mənəvi özünüdərk proseslərinin tarazlığını qoruyub saxlamağa, dərinləşdirməyə şərəflə xidmət göstərən əsərlər içərisində öndə dayanır. Akademik İsa Həbibbəylinin təbirincə desək “Qılınc və qələm” müstəqil Azərbaycanın romanıdır. Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanında ümid etdiyi qılıncın və qələmin birliyi əsasında yaranan milli dövlətçilik ideyası Azərbaycanda dövlət müstəqilliyinin qurulması ilə həyata keçirilib.

Bəli, bu gün qələm yoluyla gedən Azərbaycan, yeri gələndə qılınca sarılıb addım-addım torpaqlarını yağı düşməndən azad etməyə qadirdir. Gün gələcək Azərbaycanın bir qarış torpağı belə yad eldə olmayacaq. Qələmin iti, qılıncın kəskin olsun, AZƏRBAYCAN! Bayramımız mübarək!

Sara ƏZİMOVA

                                                                                    Jurnalist

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: