Peşəkar məsləhəti

143

Hörmətli oxucular, NUHÇIXAN bu rubrikanı yaratmaqla peşəkarlarımızdan  bütün sahələrdə  fəaliyyət göstərən gənclərə dəstək olmağı , öz məsləhətlərini verməyi  gözləyir.

Biz peşəkar olaraq gənc və bu sahədə təcrübəsi az olan televiziya junalistləri üçün bir sıra məsləhətləri təqdim edirik.

Televiziya jurnalistikası- nə bilirik?

Televiziya – indiyədək mövcud olan Kütləvi İnformasiya Vasitələrinin ən güclüsüdür. Radionun əsas gücü  səsdir, qəzetdə isə statik şəkillər və mətn üstünlük təşkil edir. Televiziya isə jurnalistə ən zəngin seçim imkanı verir- burada səsdən,  mətndən və video görüntüdən yetərincə istifadə etmək olar. Dünyanın müxtəlif ölkələrində aparılan sosioloji sorğular onu göstərir ki, əhalinin 70 faizinin informasiya mənbəyi məhz, televiziya, daha dəqiqi isə televiziya  xəbərləridir. Bu fakt istər-istəməz televiziya jurnalistlərinin  üzərinə çox böyük məsuliyyət qoyur. Televiziya jurnalistləri unutmamalıdır ki, onların hazırladığı materiallar nəinki yaşadıqları şəhərin, hətta yayım əhatəsinin imkanları daxilində yaşayan müxtəlif yaş həddində olan  tamaşaçı auditoriyası,  onların ailələri, bir sözlə, hamı üçün maraq kəsb etməlidir. Əgər bu yanaşma düzgün qurulmasa televiziya jurnalisti istər-istəməz həmin auditoriyanı tez bir zamanda itirəcəkdir. Buna digər bir səbəb isə təbii ki, digər televiziyalarla yaranan rəqabətdir.

Müasir mediada televiziya jurnalistikası tam ixtisas kimi qəbul edilir. Düzdür jurnalistikanın bütün sahələrində yaradıcılığın kökündə  yaxşı yazmaq  dayanır. Yəni istər qəzet, istər internet jurnalistikası, istər televiziya ,istərsə  də radioda çalışan jurnalist yaxşı və səlis yazmağı bacarmırsa onun işinin tez bir zamanda fiaskoya uğrayacağı danılmaz faktdır. Ona görə də bəzən televiziyada çalışanlar onun görüntü üstünlüyündən və canlı danışmaq faktoruna arxayın olub yazmağa ikinci dərəcəli iş kimi baxırlar. Amma bu cür yanaşma qəti şəkildə düzgün deyil. Yazı sözün canlı formasıdır. Onu görəndə deməli sözü də görürsən. Ona görə də düzgün danışıq üçün düzgün yazmaq vərdişinə birmənalı şəkildə  mütləq yiyələnmək lazımdır.

Müasir televiziya cəmiyyətin aynası olduğu üçün onunla birlikdə sürətlə inkişaf edir. Bu inkişaf tempini tutmaq üçün isə televiziya jurnalisti öz üzərində işləməlidir. Ən sadə variant mütailədir. Bu sahəni seçən jurnalistlər təkcə öz ətrafında, yaşadığı şəhərdə, ölkədə deyil, regionda, bütün dünyada gedən proseslərdən xəbərdar olmalıdır.  Bunun üçün isə ilk növbədə müxtəlif mənbələrdən informasiya əldə etmə vərdişi yaradılmalıdır.  Yəni jurnalist özü də  dünyanın müxtəlif yerlərində çalışan həmkarlarının oxucusuna, tamaşaçısına çevrilməyi bacarmalıdır. Əks halda hazırlanan materiallar bəsit, bütün təfərrüatlarına dəqiqliklə varılan məlumat olmayacaq.

Mediya sahəsində çalışan hər kəs yaxşı bilir ki, oxucuya və tamaşaçıya çatdırılan məlumatın, verilişlərin arxasında konkret məqsəd dayanır. Yəni ki, mən hazırladığım videomaterialla, verilişlə, yazdığım yazı ilə nə demək istəyirəm və  hansı məqamı qabartmaqda maraqlıyam. Əgər məqsəd və konkret hədəf yoxdursa onda təqdim edilən qəzet yazısı söz yığınına,  televiziya verilişi isə sadəcə “efir vaxtını dolduran” yorucu bir materiala çevrilir. Nəticədə isə bununla qane olmayan oxucu qəzeti kənara atır, tamaşaçı isə daha qəddar davranır- öz “silahı” –televiziya pultu ilə digər kanalı seçməklə həmin verilişi “məhv edir.” Buna görə də televiziya jurnalistləri hazırladıqları verilişlərdə seçdikləri mövzuya, apardıqları araşdırmaya peşəkar yanaşmalı, təkcə öz nəzər nöqtəsini  deyil, tamaşaçı marağını da nəzərə almalıdır. Günün nəbzini tutan verilişlər hazırlamaq üçün jurnalist hərtərəfli biliyə və məlumata malik olmalıdır.

Televiziyada daha çox diqqəti çəkən məqam müsahiblə söhbətdir. Hər hansı bir sahənin mütəxəssisi və ya hadisələrin iştirakçısı,  şahidi ilə həmsöhbət olmaq efirdə tamaşaçıya məlumatın birinci mənbədən təqdim edilməsinə xidmət edir. Müsahibin daxilində olan emosiya, hisslərlə yanaşı ondakı informasiyanı da tamaşaçılara  çatdırmaq , etiraf edək ki çox çətindir. Çünki jurnalistin qarşısında çox vaxt  öz işinin peşəkarı və ya hadisələrin içərisində olan bir adam dayanır. Bu məqamda hələ efir məhdudluğu faktı nəzərə alınmalıdır. Ona görə də efirdəki müsahibədən əvvəl  mütləq efirə çıxarılan mövzu  jurnalist tərəfindən dəqiq araşdırılmalı, müsahiblə  səmimi şəkildə “öz ürəyini açmaq” üçün isti təmas qurulmalıdır. Suallar isə mütləq şəkildə əvvəlcədən hazırlanmalı və üzərində işlənməlidir. Bu məqamda televiziya jurnalisti həm də söhbət əsnasında ortaya çıxan əlavə suallara da hazır olmalıdır. Efirdə müsahibə zamanı  bəzən mövzuya hazır olmayan jurnalist  təşəbbüsü qonağına verməklə özünü ikinci plana keçirir. Bu isə peşəkar televiziyada yolverilməzdir. Çünki mövzunun  “sahibi” və istiqamətləndirəni   qonaq yox,  jurnalist olmalıdır. Qəzetdə redaktə işi olduğu üçün bu məqamı “pərdələmək” asan olur. Amma televiziya bu baxımdan səhvləri bağışlamayan bir sahədir.  Digər bir tərəfdən isə, tamaşaçı  bütün diqqətini məhdud sahəyə- dördkünclü çərçivədən televiziya ekranına yönəltdiyi üçün burdakı səhvlər və naşılıqlar da tez nəzərə çarpır. Ona görə də peşəkar jurnalist olmaq üçün yeni  başlayan hər kəs peşə prinsiplərinə ciddi şəkildə əməl etməlidir.

Bu istiqamətdə məlumatlarımızı gələcəkdə də çap etdirmək niyyətindəyik. Məqsəd muxtar respublikada fəaliyyət göstərən gənc  jurnalistlərin peşəkarlığını artırmaq və yenicə bu sahədə addım atmaq istəyən tələbə- jurnalistlərə öz köməyimizi etməkdir.

Səməd Canbaxşiyev

Naxçıvan televiziyası

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: