Ötən il istedadlı qadınların  8626 manat dəyərində rəsm və əl işi satılıb

173

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib. 

Komitənin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, hesabat dövründə komitə tərəfindən müxtəlif konfranslar, tədbirlər, eləcə də “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik”, “Ailə dəyərlərimiz film və fotolarda” mövzusunda müsabiqələr  keçirilib.

Qeyd olunub ki, muxtar respublikada yaşayan aztəminatlı və sağlamlıq imkanları məhdud ailənin üzvü olan 72 qadın peşə kurslarına göndərilib. Qadınların özünüməşğulluğunun təmin edilməsi və istedadlarının üzə çıxarılması məqsədilə Naxçıvan şəhərində təşkil olunan istedadlı qadınların əl işlərinin sərgi-satışında 158 istedadlı qadının 8626 manat dəyərində 681 rəsm və əl işi satılaraq dəyəri iş sahiblərinə ödənilib. Həmçinin sərgi-satışındakı istedadlı qadınların  toxuduqları yun geyimlər 63 aztəminatlı ailədən olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşağa hədiyyə olunub.

Vurğulanıb ki, muxtar respublikada uşaq hüquqlarının qorunması ilə əlaqədər 20 uşaq müəssisəsində, eləcə də  valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 13 uşağın yaşadığı evlərdə monitorinq keçirilib, muxtar respublikada uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankına 5194 uşaq haqqında fərdi məlumatlar daxil edilərək uşaqların sayı 16956 nəfərə çatdırılıb. Eləcə də, sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası ilə bağlı işlər görülüb, 74 uşaq müəssisəsində monitorinq, 3 tam orta məktəbdə müvafiq uşaqlarla bağlı görüş keçirilib, 85 uşaq məktəbəqədər, məktəb, məktəbdənkənar təlim-tərbiyə və müalicə-reabilitasiya müəssisələrinə göndərilib.

Sonra məruzə ətrafında çıxışlar olub.

  Röyal Kərimov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: