Ordumuz qürurumuzdur

176

Güclü, qüdrətli ordusu olan hər bir dövlətin müstəqilliyi də sarsılmaz və əbədidir. Azərbaycanın zəngin dövlətçilik tarixində güclü, mütəşəkkil, peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Güclü siyasi iradəyə, yüksək sərkərdəlik məharətinə malik dahi şəxsiyyətin rəhbərliyi ilə milli ordumuzun yaradılmasına ötən əsrin 90-cı illərində Naxçıvanda başlanılıb. Xalqımızın böyük oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçiləndən cəmi ­ 4 gün sonra – 1991-ci il sentyabrın 7-də Müdafiə Komitəsi yaradıldı. O dövrdə ümummilli liderimizin muxtar respublikamızda ordu quruculuğu istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər blokada şəraitində yaşayan Naxçıvanı düşmən hücumlarından qorumaqla bərabər, həm də müstəqil Azərbaycanda Milli Ordu quruculuğu prosesinin başlanğıcı oldu. Belə ki, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi, uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində  Naxçıvan Muxtar Respublikasının Ermənistan Respublikası ilə həmsərhəd əraziləri nəzarət altına götürüldü, etibarlı müdafiə sistemi yaradıldı. 1992-ci ilin iyul-avqust aylarında Naxçıvan ərazisində yerləşən Rusiya Federasiyası Silahlı Qüvvələrinin 75-ci motoatıcı diviziyasının silah və texnikası, yaşayış binaları Müdafiə Komitəsinə təhvil verildi. 15 sentyabr 1992-ci ildə Müdafiə Komitəsinin bazasında 5-ci əlahiddə gücləndirilmiş motoatıcı briqada yaradıldı və 1992-ci il  oktyabrın 9-da Naxçıvanda ilk dəfə hərbi parad keçirildi. 21 may 1995-ci ildə həmin briqada motoatıcı diviziyaya, 8 dekabr 1998-ci ildə Ordu Korpusuna, 18 dekabr 2013-cü ildə isə Əlahiddə Ümumqoşun Orduya çevrildi.

Dövlət müstəqilliyinin qazanıldığı ilk illərdə muxtar respublika  əhalisinin ümummilli liderimiz Heydər Əliyevin ətrafında sıx birləşməsi və dahi liderin uzaqgörən siyasəti nəticəsində Naxçıvan düşmən hücumlarından qorundu. Xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkədə ictimai-siyasi sabitlik təmin edildi, ordu  quruculuğunda genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə başlanıldı, hərbi təhsil sistemi yenidən quruldu.

Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş ordu quruculuğu siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dünyanın ən güclü 50 ordusu sırasında yer alan yüz yaşlı Azərbaycan Ordusunun həm silah arsenalı, həm də maddi-texniki bazası genişlənir, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşır, mənəvi-psixoloji hazırlığı və döyüş ruhu daha da yüksəlir. Ordumuzun bu gücə qovuşmasında xalq-ordu birliyinin mühüm rolu var. Bu gün xalqla ordu arasında möhkəm əlaqənin, sarsılmaz birliyin mövcud olması nəticəsində məğlubedilməzliyi və qələbə əzmi daha da artan Azərbaycan Ordusunun şəxsi heyəti bütün döyüş tapşırıqlarının öhdəsindən layiqincə gələrək işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadirdir.

Ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlər Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə hərbi hissələrin maddi-texniki təminatı möhkəmləndirilir, əsgəri-məişət-yaşayış kompleksləri tikilir, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, şəxsi heyətin döyüş və mənəvi hazırlığı əhəmiyyətli dərəcədə artırılır. Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin daha da artırılması, bir mərkəzdən idarəetmənin təkmilləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən, 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordu yaradıldı.

Bu gün Əlahiddə Ümumqoşun Ordunun döyüş qabiliyyətinin artırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi, xidmətin nümunəvi təşkili, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev 2014-cü il aprelin 8-də Naxçıvan Muxtar Respublikasının 90 illik yubiley tədbirində, 2017-ci il yanvarın 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun “N” hərbi hissəsindəki 900 yerlik əsgər yataqxanasının və Əsgəri-Məişət Kompleksinin açılışında iştirak edərkən Əlahiddə Ümumqoşun Ordunu güclü ordu adlandırıb və deyib: “Bu gün Naxçıvanın hərbi potensialı ən yüksək səviyyədədir. Ən müasir texnika, silah, sursat buraya göndərilir və döyüş qabiliyyəti artır, xidmət şəraiti yaxşılaşır. Bu gün olduğum hərbi hissədə ən yüksək şərait yaradılıb. Yəni, Naxçıvanın hərbi potensialı və müdafiə qabiliyyəti daim diqqət mərkəzindədir. Mən çox şadam ki, bu məsələlər də uğurla öz həllini tapır və əlbəttə ki, respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı çox önəmli addımlar atılır.”

Müdafiə  qüdrəti durmadan artan Naxçıvan Muxtar Respublikasında yeni hərbi hissələrin yaradılması, mövcud hərbi hissələrdə infrastrukturun müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür, böyük əhəmiyyətə malik layihələr icra olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun yüksək diqqət və qayğısı sayəsində uzun illər müxtəlif mərhələlərdən keçərək formalaşmış Əlahiddə Ümumqoşun Ordu bu gün yerləşdiyi coğrafi mövqeyə, kontingentinə və döyüş qabiliyyətinə görə keçmiş SSRİ və indiki MDB ölkələrinin silahlı qüvvələri səviyyəsində analoqu olmayan statusa malikdir. Ali Məclis Sədrinin tez-tez hərbi hissələrdə olması, xidmətin vəziyyəti, əsgərlərin xidmət şəraiti ilə maraqlanması şəxsi heyətə mənəvi-psixoloji dəstək verməklə bərabər hərbi qulluqçularda vətənpərvərlik hisslərinin daha da güclənməsinə səbəb olur.

Təlimlərdə tər tökərək daha da bərkiyən hərbi qulluqçularımız 2017-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümünə həsr olunmuş hərbi paradda böyük qürurla iştirak edərək xalqımıza qürur, düşmənlərimizə qorxu hissi yaşatdı. 1992-ci ildən sonra 25 il ərzində daha da güclənən Ordumuzun hərbi paradı Azərbaycan Silahlı Qüvvələrinin muxtar respublikadakı Ordu, birləşmə və hissələrinin güc və qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdi. Naxçıvanda yerləşən ordu, birləşmə və hissələrin şəxsi heyət, silah və texnikasının yalnız cüzi bir hissəsinin nümayiş olunduğu hərbi parad düşməni vahiməyə salıb, xalqımızın qürur və qələbəyə inam hisslərini daha da artırıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun “N” hərbi hissəsində yaradılan şəraitlə, silahlanmaya yeni qəbul edilən hərbi texnika ilə tanış olması və yeni hərbi xəstəxananın açılışında iştirak etməsi dövlət qayğısını hər zaman üzərlərində hiss edən hərbi qulluqçularımızda böyük ruh yüksəkliyi yaradıb.

Silahlanmaya yeni qəbul edilən hərbi texnika ilə tanışlıq zamanı “ORBİTER-3B” pilotsuz uçuş aparatı, 60, 82 və 120 millimetrlik minaatanlar üçün simulyator dəsti, minaatan və artilleriya batareyaları üçün rabitə və avtomatlaşdırılmış idarəetmə dəsti, “Su-25” hücum təyyarəsi, “S-125-2 TM” zenit-raket kompleksinin nəqliyyat doldurucu maşını, “SAND CAT” zirehli avtomobilinin taktiki-texniki göstəriciləri barədə məlumat verilib. Bildirilib ki, “SAND CAT” avtomobili 12,7 millimetrlik pulemyot, 2 raketdən ibarət ”Spike-LR” tank əleyhinə idarə olunan kompleks və 120 millimetrlik “Spear Mk 2” avtomat minaatan kompleksi ilə təchiz edilib. Ali Baş Komandana təqdim olunan 152 millimetrlik “QİASİNT-B” topu, “BTR-82A” zirehli transportyor, “XRİZANTEMA-S” özüyeriyən tank əleyhinə raket kompleksi və 220 millimetrlik “TOS-1A” ağır odatan yaylım atəş sistemi haqqında ətraflı məlumat verilib.

Qeyd etmək yerinə düşərdi ki, Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi və hərb tariximizə qızıl hərflərlə yazılan uğurlu “Günnüt əməliyyatı” Azərbaycan əsgərinin rəşadət əzmini bir daha bütün dünyaya nümayiş etdirdi. Belə ki, 2018-ci ilin may ayında Naxçıvan Muxtar Respublikasının 11 min hektar ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhəddi boyunca əlverişli hədlər ələ keçirildi. Hərtərəfli düşünülmüş və dəqiqliklə planlaşdırılmış tədbirlərin həyata keçirilməsi ilə bölmələrimiz ilkin mövqelərdən dərinliyə irəliləyərək daha əlverişli mövqelərdə möhkəmləndi, Günnüt kəndi ətrafındakı yüksəklikləri, Qızılqaya dağı  və Qaraqaya dağlarında yeni mövqeləri ələ keçirdi. Dərələyəz mahalının Arpa  kəndində və Mehridərə vadisində düşmən fəaliyyəti nəzarət altına götürüldü. Ümumilikdə 11 min hektar ərazi olmaqla sağ cinahda Axsaldağı-Qaraqayadağı istiqamətində 459, mərkəzdə Danzik-Qızılqayadağı istiqamətində 1089, sol cinahda Ardıcdağı-Kömürlüdağı istiqamətində 1184 hektar ərazi bölmələrimizin nəzarətinə keçdi.  Sağ cinahda 1242, mərkəzdə 2291, sol cinahda 3107 və Qarağac-Həsənqulubağ dağı istiqamətində 1200 hektar ərazinin təhlükəsiz istifadəsi təmin edildi. Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etmək imkanına malik olmasıdır. Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyat nəticəsində paytaxt İrəvanı Ermənistanın cənubu ilə və eləcə də işğal altındakı Qarabağ ərazisi ilə birləşdirən əsas magistral yolun mühüm bir hissəsinin Əlahiddə Ümumqoşun Ordu bölmələrinin bir neçə istiqamətdə tam vizual nəzarəti altına keçməsi mühüm hərbi üstünlük deməkdir. İrəvandan ermənilər üçün ən həyati vacib istiqamətlərə aparan bu yolun mühüm bir hissəsi bu gün Azərbaycan əsgəri tərəfindən daim vizual müşahidə edilir və atəş vasitələrinin birbaşa zərbəsi altındadır. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili  üçün ətrafdakı hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub.

1992-ci ildən bəri 26 illik yurd həsrəti sona çatan Günnüt camaatı maşın karvanı ilə  doğma yurdlarına qayıdaraq əzizlərinin məzarlarını ziyarət etdilər. Günnüt məzarlığında 26 il sonra Quran oxundu. Öz ata-baba yurdlarına, doğma ocaqlarına qayıdan Günnüt kəndinin sakinləri  əcdadlarının uyuduğu qəbiristanlıqda dünyasını dəyişmiş günnütlülərin və şəhidlərimizin ruhlarına dualar edib, məzarların üstünə gül düzdülər. Günnüt camaatı qüdrətli ordumuzun onlara bəxş etdiyi sevinc və xoşbəxtliyə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

İyulun 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Ordumuz tərəfindən nəzarət altına götürülərək etibarlı müdafiə sistemi qurulan Günnüt kəndindəki hərbi hissədə şəxsi heyətlə görüşdü, yeni mövqelərdə xidmətin təşkili ilə maraqlandı, “Günnüt əməliyyatı”nda iştirak edən əsgər və zabitlərə hədiyyələr təqdim etdi. Bütün təxribatlara baxmayaraq məqsədlərinə nail ola bilməyən düşmən qüvvələri bizdəki birliyi, qorxmazlığı və qətiyyəti həzm edə bilmirlər. Çünki Günnüt əməliyyatının bütün Ermənistanda çaxnaşma yaratmasının səbəbi ermənilərin bir səhər ayılıb başlarının üzərində Azərbaycan əsgərini görməsidir.

İyunun 26-da Azərbaycan Ordusunun yaranmasının 100 illiyi ilə bağlı keçirilən möhtəşəm paradda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı  cənab İlham Əliyev ordumuzun digər uğurları ilə yanaşı, Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi Günnüt əməliyyatı haqqında da dəyərli fikirlər səsləndirib, bu əməliyyatı peşəkarlıq və məharətlə həyata keçirilən uğur adlandırıb: Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağı Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində azad edildi. Çox böyük mühəndislik və kəşfiyyat işləri aparıldı. Naxçıvan əməliyyatı yüksək məharətlə, peşəkarlıqla həyata keçirildi. Azərbaycan hərbçisi bir daha qəhrəmanlıq, rəşadət göstərmişdir. Naxçıvan əməliyyatı bir daha onu göstərdi ki, Azərbaycan Ordusu güclü ordudur”.

2017-ci ilin hazırlıq planında göstərilmiş tədbirlərin tam yerinə yetirilməsi nəticəsində Silahlı Qüvvələrdə döyüş hazırlığı, intizamın nəticələrinə görə Əlahiddə Ümumqoşun Ordu birinci yeri tutub. 2018-ci tədris ilində də Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələri döyüş hazırlığı planına uyğun olaraq qarşıya qoyulmuş bütün tapşırıqları uğurla yerinə yetiriblər.

Bu baxımdan Azərbaycan və Türkiyə Respublikaları arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq keçirilən birgə döyüş atışlı taktiki təlimlər xüsusi əhəmiyyət kəsb edir. Naxçıvanda və Türkiyə Respublikasının Qars şəhərində keçirilən döyüş atışlı birgə taktiki təlimlər hər iki qardaş ölkənin hərbi qüdrətindən və şəxsi heyətlərimizin yüksək vətənpərvərliyindən xəbər verir. Təlimlərin davamı kimi Naxçıvanda 2017-ci il iyunun 15-də Azərbaycan-Türkiyə “Birgə əməliyyat-taktiki təlimi” keçirildi. 2018-ci il may ayının 29-dan 31-dək Türkiyə Respublikasının Qars şəhərində keçirilmiş “Türkiyə-Azərbaycan döyüş atışlı birgə tabor tapşırıq qüvvəsi təlimi”ndə əməliyyatların birgə icra edilməsində uzlaşmış fəaliyyətə nail olunub və müxtəlif döyüş tapşırıqları praktiki icra edilib. Təlimdə Əlahiddə Ümumqoşun Ordudan cəlb edilmiş bölmələr bütün döyüş tapşırıqlarını uğurla yerinə yetirərək yüksək nəticələr göstəriblər.

2018-ci il ərzində Türkiyə Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun təlimatçı qismində iştirak etdiyi Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı, kəşfiyyat və xilasetmə bölmələrinin cəlb edildiyi “Kəşfiyyat” və “Dağçılıq” təkmilləşdirmə kursları, eləcə də snayper hazırlığı kursu uğurla təşkil olunaraq keçirilib. Hər iki qardaş ölkənin hərbi qulluqçularının kurslarda vətənpərvərlik hissləri ilə peşəkarlıq nümayiş etdirməsi hərbi əməkdaşlığın yüksək səviyyədə olduğunun əyani göstəricisidir.

Bu il oktyabrın 30-da keçirilmiş Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələrinin birgə taktiki-xüsusi təlimində xüsusi təyinatlılarımız tapşırıqları yüksək peşəkarlıqla icra etdilər. Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı birləşmə və hissələrinin, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı bölmələrinin ümumilikdə mindən artıq şəxsi heyəti, 80-ə yaxın zirehli və avtomobil texnikası, 20-dən artıq hava hücumundan müdafiə vasitələri, 40-a yaxın artilleriya qurğusu, 10-dan çox aviasiya texnikası və pilotsuz uçuş aparatları iştirak edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov hərbi təlimi izləyiblər. Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələrinin qarşılıqlı əlaqədə birgə fəaliyyəti nəticəsində təlimdə qarşıya qoyulmuş məqsədlərə tam nail olunub, yaradılmış hədəf qrupları və maketləri məhv edilib. Xüsusi təyinatlı qruplar tərəfindən təlim ərazisindəki ən yüksək zirvədə üçrəngli bayrağımız qaldırılıb və işğaldan azad edilmiş Günnüt kəndi ilə bağlı “Günnüt Azərbaycan əsgərinin rəşadət əzmidir” şüarı nümayiş olunub.

Təlimdən sonra şəxsi heyətlə görüş olub, zabit, gizir və əsgərlər qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Şəxsi heyət birlik və bərabərliyin ifadəsi olan “Hamı bir nəfər, bir nəfər hamı üçün” şüarını səsləndirib.

Naxçıvan Muxtar Respublikasının etibarlı müdafiə təminatı ilə bağlı həyata keçirilmiş tədbirlər çərçivəsində son illər yüzlərlə hərbi obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Ordu, birləşmə və hissələrdə əsgər yataqxanaları, Əsgəri-Məişət Kompleksləri, Təlim-Tədris Mərkəzləri, Qərargah binaları, xəstəxanalar tikilib, sıra meydanı, idman şəhərcikləri salınıb. Həyata keçirilən tədbirlər dislokasiya yerləri daimi yaşayış məntəqələri olan hərbi hissələrlə bərabər ön xətdə yerləşən hissə və bölmələri də əhatə edir. Hətta hərb tariximizə qızıl hərflərlə yazılan uğurlu “Günnüt əməliyyatı” nəticəsində işğaldan azad edilmiş yeni mövqelərdə qısa zaman kəsiyində inşa olunan əsgəri-məişət kompleksləri ön xətdə xidmətin rahat və etibarlı təşkilinə müsbət təsir göstərir.

Oktyabrın 8-də Əlahiddə Ümumqoşun Ordunun yeni hərbi hissəsinin istifadəyə verilməsi muxtar respublikamızda ordu quruculuğu sahəsində görülən işlərin məntiqi davamıdır. Yeni hərbi hissədə ikimərtəbəli texniki nəzarət məntəqəsi və qarovul evi, 160 yerlik 80 texnika saxlancı, texniki qulluq və təmir, yanacaqdoldurma, eləcə də gündəlik texniki xidmət məntəqələri yaradılıb. Burada hərbi texnika və avtomobillərin saxlanması, təlimata uyğun istifadə və istismarı, eləcə də qarovul xidmətinin düzgün təşkili üçün hərtərəfli şərait yaradılıb.

Naxçıvan Muxtar Respublikasında Vətənə sədaqətli, peşəkar hərbçi kadrların yetişdirilməsi diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə Heydər Əliyev adına Hərbi Liseyin maddi-texniki bazası möhkəmləndirilərək kursantlar üçün müasir tədris, rahat məişət və yaşayış şəraiti yaradılıb. Artıq hərbi lisey ölkəmizdə gələcəyin peşəkar zabitlərinin yetişdirilməsinə mühüm töhfə verən mötəbər təhsil ocağıdır. Hazırda Heydər Əliyev adına Hərbi Liseyin məzunları Azərbaycan Ordusunda öz xidməti vəzifələrini şərəflə yerinə yetirirlər.

Bu gün Azərbaycan əsgəri dövlətin qayğısını hər zaman üzərində hiss edərək, xalqdan güc alaraq torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanır. Hər bir vətəndaşımız da rahat, sabitlik şəraitində yaşayır və Azərbaycan əsgərinə güvənərək öz gündəlik fəaliyyəti ilə məşğul olur. Xalqımızın ordumuzu güvənc yeri bilməsi qəlbi vətən eşqi ilə döyünən vətəndaşlarımızın əsgərlərimizə sevgi və ehtiramının göstəricisidir. Göründüyü kimi əldə olunan uğurların, qazanılan zəfərlərin arxasında xalq-ordu birliyi dayanır. Deməli, nə bu gün, nə də gələcəkdə heç bir düşmən əli bu torpaqlara uzana bilməz.

Nəriman Nəcəfov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: