Ordubad heyvası bir çox dərdin dərmanıdır

271

Yurdumuzun ləziz nemətlərindən söhbət düşəndə rəngi və ətri ilə insanda xoş ovqat yaradan heyva yada düşür. Bir neçə gündən sonra ağacların üzərinə şeh düşdükcə dadlı Ordubad heyvaları da ətə-qana gələrək yetişməyə başlayacaqlar. Bu zaman Əndəmic heyvasının ətrindən heç cürə doymaq olmur. Heyva qızılgül ailəsindəndir. Gəlin etiraf edək ki, bir neçə meyvə növü var ki, dünyanın heç bir yerində Ordubadda yetişdirilənlərin tamını, dadını, rəngini, qoxusunu vermir. Bunlardan cəviz, limon, ərik, şaftalı və heyvanı xüsusi qeyd etmək gərəkdir. Doğurdan da Ordubad hevyvası dünyada məşhurdur.

Son illər Ordubad rayonunda meyvəçiliyin əvvəlki şöhrətinin geri qaytarılması üçün mühüm işlər həyata keçirilmiş, 160 hektardan çox ərazidə yeni meyvə bağları salınmışdır. Bu zaman yox olub getməkdə olan meyvə sortlarının artırılması xüsusi diqqətdə saxlanılmışdır. Əlbəttə ki, yeni salınan bağlarda heyva tinglərinin əkilməsi də ön planda olmuşdur.

İlk öncə onu qeyd edək ki, heyva, uşaqlarda sağlamlığı qoruyur, böyümə və inkişafı sürətləndirir. Bir çox xəstəliyə şəfa olan heyva, ürək, ağciyər, boğaz, mədə, göz, bağırsaq və ağız narahatlıqlarının müalicəsində faydalıdır. Hər yaşda sinir sistemini gücləndirir, mədə və bağırsaqları zərərli mikroblardan qoruyaraq həzmsizlik kimi problemləri önləyir. Dərini və dırnaqları gümrah, parlaq və daha sağlam hala gətirir.

Qrip və soyuqdəymədə yaxşılaşmağı sürətləndirir. Heyva və ya heyva şərbəti ishalın keçməsi üçün çox faydalıdır. Meyvəsi və ya meyvəsindən hazırlanan sirop və kompot ishala yaxşı gəlməkdədir. Bədənin gücünü artıraraq, gümrah tutmağa köməkçi olaraq yorğunluq və düşkünlükdən qoruyur. Ağız qoxusunu önləyir. Ehtiva etdiyi vitamin və minerallarla ürək və damar xəstəliklərindən qoruduğu bildirilməkdədir. Qandakı pis xolesterolu salaraq damar sərtliyindən qoruyur. Heyva hoşafı ağızdakı yaraların yaxşılaşmasını sürətləndirir. Kərəyağında bişirilən heyva, bəlğəmi sökür, xroniki öskürəyə, tənəffüs sistemi xəstəliklərinə və bronxitə yaxşı gəlməkdədir. Heyva öz-özlüyündən meyvə əmələ gətirir və tozlayıcıya ehtiyacı yoxdur. Meyvələrin kiçik konus şəklində, sarı rəngdə olub, ağ tüklərlə örtülüdür. Turş və şirin növləri vardır. Əti zərifdir. Sentyabr-oktyabrda yetişən sortları var. Meyvələrin daşınmaya, saxlanmaya davamlıdır. Konserv sənayesi üçün əlverişlidir. Quraqlığa davamlıdır. Xəstəlik və zərərvericilərə qarşı dözümlüdür. Meyvəsindən qax, mürəbbə, cem, pavidla, şərbət, kompot, doşab hazırlanır. Heyva doşabı bal qədər qiymətlidir. Ordubadda heyva əsasən yerli sortlar, xalq seleksiyası ilə çoxaldılmışdır. Rayonumuzda “Gülabi”, “Sarı heyva”, “Ordubad”, “Novrəst”, “Armudu”, “Cardam”, “Pencər” və sair sortlar becərilir ki, ən qiymətlisi “Ordubad” və “Gülabi” sortlarıdır.

“Ordubad” sortunun meyvəsi yumru, ağırlığı 250-300 qram olur. Kasacıq tərəfi xırda və iri qabırğalıdır. Qabığı sarı, ətirli, çəhrayıdır. Əti ağ, kövrək, şirin, sulu və ətirlidir. Toxumluq kisəsi xırda dairəvidir. Toxumları qaradır. Oktyabrın əvvəli yetişir və dərildikdən sonra növbəti ilin aprelinə qədər saxlamaq mümkündür.

“Gülabı” heyva qədim Ordubad sortudur. Mart ayı yarpaqları cücərir. Aprelin ortaları çiçəkləyir. Ağaclar kasa formada gözəl görünür. 40-50 santimetr boy atdıqdan sonra tinglərə forma verilir və bunun nəticəsində ağaclar çox şaxəli olur. Bu heyvanın meyvələri yumuru, ətirli və tamlı olur. Dadında gülab ətri var. Xüsusi qulluq tələb edir. Xəstəliklərə qarşı davamlıdır. Hər il heyva ağacının dibinə 10 kiloqram təbii gübrə verilməlidir. Əlavə gübrəsi isə kalium və kalsiumdur. Onlar payızda ağacın dibinə verildikdən sonra torpaq çevrilir. Yayda isə ağacların dibinə bir neçə dəfə azot gübrəsi verilməlidir. Meyvələri oktyabrda və noyabrın əvvəlləri tam yetişir. Kompotu və mürəbbəsi gözəl olur. Bu növ heyva ağacı az suvarıldıqda meyvələri keyfiyyətini itirir. Rütubət və suya tələbatı vardır.

Heyvadan söz düşəndə onun insan sağlamlığı üçün əvəzedilməzliyini xüsusi qeyd etmək lazımdır. Tərkibində bir çox faydalı və müalicə əhəmiyyətli maddələr olduğunu elm çoxdan sübut etmişdir. Heyvanın tərkibində 4-5 faizə qədər şəkər, 2 faizə qədər üzvi turşular, karotin və C vitaminləri, aşı maddələri, efir yağı, dəmir duzları və sairə vardır.

Ordubadın qədim elm təbabətində heyvanın yarpaqlarının qurudulub çay kimi dəmləyərək içilməsi ürək ağrısına qarşı sakitləşdirici dərman kimi tövsiyə olunur. Dilim-dilim doğranaraq bişirilən heyva mürəbbəsi isə ürək zəifliyində faydalıdır, qüvvətverici xassəsi vardır. Bu mürəbbə həzm prosesinə də yaxşı təsir göstərir. Bu mürəbbəni bişirmək üçün iri heyvalar təmizlənir, yuyulur, qabığı nazik soyulur və dilimlənir, suya salınıb biraz portülür. 1 kiloqram heyva üçün 1 kiloqram şəkər götürülüb şirə hazırlanır. Şirəni heyvanın pörtüldüyü su ilə hazırlamaq məsləhətdir. Pörtülmüş heyva şirəyə tökülür, vam odda qaynadılır, qaynayan zaman kəfi alınır. Heyva bişdikdən sonra şirənin qatılığı yoxlanılır, mətləşibsə, oddan götürülür.

Heyvanı adi halda yemək o qədər də münasib hesab edilmir, çünki çiy və tam yetişməmiş heyva çətin həzm olunur, onu artıq yedikdə isə qəbizlik yaranmasına səbəb olur. Bunun üçün də heyvanın kompotunun və ya mürəbbəsinin qəbul edilməsi daha məqsədəuyğundur.

Rayonumuzda heyvanı qovurulmuş cəviz ilə yeməyin ayrı ləzzəti var. Bu zaman ağız boşluğunda xüsusi tam əmələ gəlir.

Heyvadan bir sıra xörəklər də hazırlanır. Heyvaqələ deyilən ləzzətli bir yemək növü də Ordubad mətbəxində mövcuddur. Maş şorbası kimi tanıdığımız ətsiz bişirilən bu yeməyin içərisinə cəviz ləpəsi ilə doğranmış heyvanın qatılaraq bişirilməsi ona ayrı bir ləzzət verir. Heyvadan hazırlanan başqa bir xörək növü də mövcuddur. Bu yemək şirin olur. Bunun üçün heyvanın saplaq tərəfi dairəvi kəsilib, içi çıxarılır. Yerinə şəkər tozu doldurularaq 6-8 saat saxlanılır (şəkər tozu əvəzinə baldan da istifadə etmək olar). Sonra bura döyülmüş cəviz, ədviyyat, kişmiş, bir qədər soyulmuş badam doldurulur, kəsilmiş üst qat şirə və ya balla yerinə yapışdırılır. Belə doldurulmuş heyva sobada bişirilir, süfrəyə verəndə şirin kütlədən hazırlanmış heyva budağı və ya yarpaqları ilə bəzədilir.

Mətbəximizdə üzüm yarpağı əvəzinə heyva yarpağına bükülən yarpaq dolması bişirilməsi də mövcuddur. Ağbirçəklərimiz heyva bəhməzi hazırlayaraq ağciyər xəstəliklərinin müalicəsində istifadə edirlər. Eləcə də heyva ağacının qol-budaqlarının qabıqlarını soyub qurudur, sonra ondan çay dəmləyib soyuqdəymə zamanı içirlər. Heyvanın toxumunu ilıq suda dəmləyib bəlğəmgətirici və sinəyumuşaldıcı dərman kimi qəbul edirlər.

Ordubadda heyvanın yetişmiş meyvəsini budağı ilə birlikdə qıraraq otaqda divardan asarlar. Həmin heyvanın ətri xoş əhval-ruhiyyə yaradır, stresin aradan qaldırılmasına müsbət təsir göstərir.

“El həyatı” qəzeti

Rahim KƏRİMOV,

bağban

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: