Neft lampası - Sahil Tahirli yazır

Tarix şəxsiyyətləri yaratmır, şəxsiyyətlər tarixi yaradırlar.

1. 030

XATIRLATMA

Ötən əsrin 90-cı illərinin sərt sazağı Naxçıvanın təbiəti kimi insanlarının da sabaha olan ümidlərini dondurmuşdu. Dağa-daşa, buz bağlayan çaylara belə lal süküt hakim kəsilmişdi. Ermənistan tərəfindən real işğal təhlükəsi, aclıq, çörəksizlik, dərin iqtisadi böhran həyatı iflic etmişdi. Ən pisi də o idi ki, həmişə sonda ölən ümidlər öz yerini ümidsizliyə verirdi. Qırılıb kömür peçlərində yandırılan ağacların da gücü ürəklərimizi isitməyə çatmırdı. Bir də o dövrdən yaddaşımızda xıs verə-verə yanan neft lampaları qalıb. Ölkəmiz dünyanın neft səltənəti olsa da Naxçıvan qonşu ölkələrdən zor-bəla ilə gətirilən bir qırıq neftin ümidinə qalmışdı.

Xəfif və nigaran-nigaran gözərən neft lampalarının…

TƏƏSSÜRAT

Naxçıvana dünən 14-cü səfərini edən Prezident İlham Əliyev 25 il əvvəlki yaxın tarixi vərəqləyir: Mənim yadımdadır, 1990-cı illərin əvvəllərində atamın yanına gələrkən qaranlıq içində yaşayırdıq, biz özümüzü şam işığı ilə təmin edirdik. Ulu öndər Heydər Əliyev iş kabinetində neft lampasının işığında işləyirdi. Yəni, biz o günləri yaxşı xatırlayırıq. Bu gün elektrik enerjisi ilə bağlı bütün problemlər həll olunub. Son illərdə 8 elektrik stansiyası tikilib. Hazırda tikilməkdə olan 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyası işə düşəndən sonra Naxçıvan Muxtar Respublikası öz enerji tələbatının 100 faizini bərpaolunan enerji hesabına təmin edəcək. Bu, dünya miqyasında bəlkə də yeganə belə bir hal olacaqdır”.

GÜC

Məktəbimizin (Cəhri kənd məktəbi) hərbi hazırlıq müəllimi, rəhmətlik Qəhrəman Novruzov bizə əliyalın, silah-sursatsız işğalçı ermənilərin qabağına necə çıxmalarından tez-tez danışardı. Və həmişə deyərdi ki, Heydər Əliyev olmasaydı Naxçıvan getmişdi. Nə texnika vardı, nə də bacarıqlı hərbi mütəxəssis. Bir dəfə birtəhər bir topçu tapıb gətirdik. O da düşmən səngərini nişan almaq əvəzinə tövləni vurub dağıtdı…

Və budur… Qəhrəman müəllimin dediklərindən 20 il keçir. İşğalçı ölkə mətbuatı demək olar ki, hər gün Naxçıvan ordusunun gücündən, yeni silahlarından, peşəkar hərbiçilərindən, döyüş təyyarələrindən, raket sistemlərindən yazır, bar-bar bağırıb bütün dünyaya car çəkir.

Prezidentimizin muxtar respublikaya son səfərindən. Sitat:

“Naxçıvanın hərbi potensialının gücləndirilməsində böyük işlər görülüb. Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi olan Naxçıvan Ordusu ən müasir silahlar, texnika ilə təchiz edilmişdir. Biz son illər ərzində Azərbaycan Ordusunu böyük dərəcədə gücləndirə bilmişik. Alınan müasir texnikanın demək olar ki, bütün növləri, yaxud da ki, əksər növləri Naxçıvana göndərilir. Naxçıvanın coğrafi yerləşməsinə, relyefinə uyğun şəkildə bütün müasir texnikalar göndərilir. Bu gün Naxçıvan Ordusu böyük qüvvəyə malikdir və düşmənin istənilən təxribatının qarşısını ala bilər və eyni zamanda, uğurlu əks-hücum əməliyyatı keçirə bilər. Naxçıvanda yerləşdirilmiş müasir silahlar, o cümlədən uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər. Yəni, təhlükəsizlik məsələləri tam təmin olunub. Bu məsələ daim diqqət mərkəzindədir”.

SEVGİ

Böyük quruculuq və inkişaf yolu keçərək dünyanın mühüm mədəniyyət mərkəzlərindən birinə çevrilən Naxçıvan bu il həm də İslam Mədəniyyətinin Paytaxtıdır. Min illərdir ki öz tarix və mədəniyyəti ilə könüllərdə taxt quran diyarımız bu adı qürurla daşıyır. İndi Naxçıvanı hamı sevir: sən də, mən də, turist də, qonaq da, can da, sirdaş da… Prezidentimizin Naxçıvan sevgisi öz sözləri ilə daha təsirlidi:

“Bu il Naxçıvan “İslam Mədəniyyətinin Paytaxtı” kimi şərəfli adı daşıyır…Bilirəm ki, bu gözəl hadisə ilə bağlı təntənəli tədbirlər keçiriləcəkdir, çoxlu qonaqlar gələcəklər, bir daha görəcəklər ki, dünyada belə gözəl məkan var. Gözəl təbiəti, iqlimi, havası, mənzərəsi, binaları və ən önəmlisi, gözəl insanları olan gözəl məkan var – bu məkanın adı Naxçıvandır”.

QİYMƏT

Bu gün konkret və mübaliğəsiz deyə bilərik ki, Ulu öndər Heydər Əliyevin Azərbaycan naminə həyata keçirdiyi taleyüklü tədbirlərdən biri məhz Naxçıvan Muxtar Respublikasını özünün dövlətçilik məktəbində yetişib formalaşan Cənab Vasif Talıbova etibar etməsi idi. Gəlin, səmimi etiraf edək ki, Ali Məclisin Sədri Heydər Əliyev yoluna dərin sədaqət göstərərək Prezidentimizin yüksək diqqət və qayğısı ilə yeni bir Naxçıvan qurub yaratdı. Bir vaxt adı olub, lakin lazımi inkişaf və infrasturuktura sahib olmayan Naxçıvan Muxtar Respublikası indi inkişaf etmiş ölkələrə belə nümunə göstərilir. Qısası, cənab Vasif Talıbov həqiqi və çiçəklənən bir MUXTAR DÖVLƏT qurmağı bacardı. Özünün qətiyyəti, Vətənə dərin məhəbbəti ilə.

Cənab Prezidentimizin son səfərindəki qiymət:

“Son 15 il ərzində respublikanın ümumi daxili məhsulu on dəfəyə yaxın artıbdır. Bu, məncə, dünya miqyasında rekord göstəricidir. Bütün uğurlar münasibətilə Naxçıvan Muxtar Respublikasının rəhbərliyini, bütün sakinlərini ürəkdən təbrik etmək istəyirəm…Yəni, bu mühüm işlərin görülməsi bir daha onu göstərir ki, Naxçıvanın çox böyük potensialı var. Bir daha demək istəyirəm ki, burada görülən işlər çox böyük qiymətə layiqdir”.

QAYĞI

Dünən etdiyi səfərlə Naxçıvana əsl bayram əhval-ruhiyyəsi yaşadan Prezidentimiz bu diyara davamlı qayğısını həm də imzaladığı 4 sərəncamla bir daha göstərdi. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha sürətlə davam etdirilməsi üçün  55 milyon manat ayrıldı. Və 16 may həm də tariximizə və yaddaşımıza ölkə başçımızın iştirakı ilə yeni sosial və hərbi təyinatlı bir neçə müasir obyektin açılışı ilə yazıldı.

SON SÖZ

Tarix şəxsiyyətləri yaratmır, şəxsiyyətlər tarixi yaradırlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: