Naxçıvan və Türkiyə  jurnalistləri əməkdaşlığa başlayır

288

Türkiyənin Anadolu bölgəsi ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında əlaqələr son illər getdikcə inkişaf edir. Təməli hələ 1992-ci ildə ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan “Ümid körpüsü”nün açılışından sonra bu əlaqələr demək olar ki, bütün sahələrdə özünü göstərir. İstər iqtisadi, istərsə də mədəni sahələrdə hər iki tərəf arasında yetərincə səviyyədə münasibətlər qurulub. Bu günlərdə isə daha bir istiqamətdə-jurnalistika sahəsində qarşılıqlı əməkdaşlıq üçün addımlar atıldı. Türkiyə Jurnalistləri Konfederasiyasının sədr müavini,  Şərqi Anadolu Jurnalistlər Federasiyasının rəhbəri Firudin Fazil Özsoyun başçılığı ilə bir qrup media nümayəndəsi Naxçıvana birgünlük səfər etdi. Bu səfərə təkcə Anadolunun deyil, ümumiyyətlə Türkiyənin tanınmış kütləvi informasiya vasitələrinin nümayəndələri qatılmışdı. Onların sırasında cəmiyyət rəhbəri, baş redaktor, qəzet yazarı, tanınmış Anadolu Agentliyinin əməkdaşları və televiziya jurnalistləri var idi. Türkiyənin İğdır şəhərində keçirilən Anadolu Jurnalistlərinin toplantısında iştirak etmək üçün yığışan  jurnalistlər, Naxçıvanla yaxından tanışlıq və buradakı media mühitini öyrənmək üçün bu addımı atıblar. Əlbəttə bu həm də peşəkar jurnalist həmrəyliyinin təcəssümü idi. 

Əslində peşəkar jurnalistika baxımından bu gün fəaliyyət mahiyyəti eyni olsa da, qardaş Türkiyə ilə Azərbaycan jurnalistikasının arasında müəyyən fərqlər var. Bu da, təbii ki, qədim ənənələrdən yadigar qalan üslublardır. Türkiyə qazetəçiliyi Avropa, Azərbaycan jurnalistikası isə uzun illər Rusiya məktəbinin təsiri ilə yetişib. İndi isə hər iki ölkə özünün müstəqil kütləvi informasiya vasitələrinə malikdir və demək olar ki, hər biri özünün məktəbini yaradıb. Anadolu jurnalistlərinin naxçıvanlı həmkarları ilə gələcəkdə qarşılıqlı əməkdaşlıq üçün atdığı bu addım hər iki tərəfin jurnalistikasına bu baxımdan mühüm töhfə verə bilər. Hətta jurnalistikada yeni məktəb də yarana bilər. 

Naxçıvanda keçirilən görüşdə ikitərəfli əməkdaşlıqdan başqa muxtar respublikada  yeni fəaliyyətə başlayan Nuhçıxan İnformasiya Agentliyinin Türkiyənin Şərqi Anadolu Jurnalistlər Federasiyasına üzvlük məsələsi də təklif olundu. Bu təklifi qarşı tərəf-Türkiyə Jurnalsitləri Konfederasiyasının sədr müavini,  Şərqi Anadolu Jurnalistlər Federasiyasının rəhbəri  Firudin Fazil Özsoy və digər nümayəndələr məmnuniyyətlə qarşıladılar. Yaxın zamanda  bu məsələnin Türkiyənin Jurnalistlər Konfederasiyası qarşısında qaldırılacağı bildirildi. Əgər bu təklif qəbul edilərsə, o zaman Nuhçıxan İnformasiya Agentliyi Türkiyə Şərqi Anadolu Jurnalistlər Federasiyasının Azərbaycandan olan  ilk üzvü olacaqdır. 

Səməd Canbaxşiyev

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: