Naxçıvan şəhərinin tarixi Naxçıvan duzunun çıxarılma tarixi ilə bağlıdır

97

Dünya sivilizasiya mərkəzlərindən olan Naxçıvan diyarı tarixi, mədəniyyəti və təbii zənginlikləri ilə həmişə diqqəti cəlb etmişdir.

Geosiyasi mövqeyi, əlverişli yerdə yerləşməsi, bərəkətli torpaqları, zəngin yeraltı və yerüstü sərvətləri insanların 500 min il bundan əvvəl burada məskunlaşmasına şərait yaratmışdır. İnsanlar Daş dövründən başlayaraq bu ərazidə yaşamış və təbii zənginliklərindən istifadə etməyi öyrənmişlər. Ərazinin qədim sakinləri Naxçıvanın təbii zənginliklərə malik çay vadilərində, dağ yamaclarında, Qazma, Kilit, Daşqala, Ərməmməd mağaralarında yaşamışlar.

Naxçıvan Nuh Peyğəmbər və Dünya tufanı ilə sıx surətdə bağlıdır. Nuh Peyğəmbərin torpağa endiyi ehtimal olunan yerlərdən biri də Naxçıvan ərazisindəki Gəmiqayadır. Nuh Peyğəmbərin ailəsi və tərəfdaşları Naxçıvan ərazisində quruya çıxmış, burada yurd salmış və Nuh Peyğəmbər Naxçıvan şəhərinin əsasını qoymuşdur. “Naxçıvan” sözü Nuhçıxan ifadəsindən yaranmışdır. Naxçıvan Nuhçıxanın varisidir, davamıdır. Nuhçıxan şəhərin formalaşması mərhələsi, Naxçıvan isə artıq inkişaf etmiş şəhərdir.

Tarixdə ilk dəfə olaraq yunan alimi Klavdi Ptolomey bizim eranın II əsrində Naxçıvanı Nuh Peyğəmbərin məskəni kimi xatırlatmışdır. Sonrakı dövrlərdə dünyanın müxtəlif ölkələrindən buraya səfər etmiş səyyah və coğrafiyaşünasların əsərlərində də Naxçıvanın Nuhla bağlılığı diqqətə çatdırılmışdır.
XIX əsrin 80-ci illərində Naxçıvanda yaşayıb-işləmiş tanınmış rus maarifçi ziyalısı Konstantin Nikitinin əhali arasından topladığı materiallarda Naxçıvan şəhərinin Nuh Peyğəmbər tərəfindən salınmasına dair konkret fikirlər ifadə olunmuşdur: “Nuh hazırda Naxçıvan şəhərinin olduğu yerdə məskunlaşmışdır. O, burada gələcək şəhərin əsasını qoymuş və ailəsini orada yerləşdirmişdir. Şəhərin “ilk məskunlaşma yeri”, yaxud “birinci dayanacaq” mənasını bildirən adı da buradan əmələ gəlmişdir… Nuh və onun nəsli uzun illər Naxçıvanda yaşamışdır. Rəvayətə görə, ilk insan nəsilləri buradan yayılmışdır. Nuhun özü, bacısı və ailənin bəzi digər üzvləri Naxçıvanda vəfat etmiş və orada dəfn olunmuşlar”.
Nuh Peyğəmbərin məzarının da Naxçıvan şəhərində olduğu mənbələr əsasında müəyyən edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun xüsusi sərəncamı əsasında Naxçıvan şəhərindəki Nuh türbəsi yenidən bərpa olunmuşdur. Nuh Peyğəmbərin məzarı üzərində ucaldılmış türbə yeni sivilizasiyanın Naxçıvan diyarındakı izlərinə və böyük tarixi-əfsanəvi şəxsiyyətə bəslənilən ehtiramı dolğun şəkildə ifadə edir.

K.A.Nikitin Naxçıvan şəhəri ilə yanaşı, bu şəhərdən bir qədər aralıda yerləşən Duzdağın da əsasının Nuh Peyğəmbər tərəfindən qoyulduğu fikrini irəli sürmüşdür. Rus tədqiqatçısı Nuh Peyğəmbərin özünün duz mədənində ilk çalışanlardan olmasını və şəhər əhalisinə duz çıxarmağı öyrətməsini qeyd etmişdir. Belə olduqda Naxçıvan şəhəri ilə Duzdağ, təxminən, yaşıddır.
Sovetlər birliyi dövründə milli tarix və mədəniyyətimizin öyrənilməsinə qoyulan məhdudiyyətlər bəhs etdiyimiz Naxçıvanın ilkin şəhər mədəniyyətinin yaranmasına, bunun Nuh Peyğəmbərin Naxçıvanla əlaqəsinə, Duzdağın və duzun çıxarılmasının tarixinə də aiddir. Lakin ölkəmiz ikinci dəfə dövlət müstəqilliyini bərpa etdikdən sonra muxtar respublikamızın da hərtərəfli öyrənilməsinə və inkişaf etdirilməsinə şərait yarandığı kimi, diqqət də artırılmışdır.
1996-cı ildə “Uluslararası qaynaqlarda Naxçıvan” beynəlxalq simpoziumun keçirilməsi və simpo­zium­un qərarları Naxçıvan tarixinin öyrənilməsində əhəmiyyətli addım olmuşdur. Beynəlxalq simpozium iştirakçılarını təbrik edən ulu öndər Heydər Əliyev demişdir: “Öz əlverişli coğrafi mövqeyi, təkrarolunmaz mədəniyyət və incəsənət abidələri ilə seçilən bu diyar dünyanın bir çox tarixçi, səyyah və alimlərin diqqətini cəlb etmiş, onların əsərlərində dərin iz qoymuş və özünəməxsus yer tutmuşdur. Həmin qaynaqların araşdırılması, onlarda Naxçıvan haqqında qeyd olunmuş məlumatların toplanıb tədqiq və nəşr olunması Azərbaycan tarixinin obyektiv elmi şəkildə işlənib hazır­lanması üçün misilsiz əhəmiyyət kəsb edir”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun beynəlxalq simpoziumun keçirilməsinə qərar verməsi və ona rəhbərlik etməsi muxtar respublikamızın tarixinə, müasir dövrünə və gələcəyinə vermiş olduğu mühüm dəyərin ifadəsi idi.
Sonrakı illərdə Ali Məclis Sədrinin müvafiq sərəncamları ilə keçirilən “Nuh Peyğəmbər, dünya tufanı və Naxçıvan”, “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi”, “Naxçıvan: ilkin şəhər və Duzdağ” və başqa beynəlxalq konfranslar Naxçıvan diyarının tarixinin, mədəniyyətinin, təbii zənginliklərinin öyrənilməsində də mühüm rol oynamışdır. Xüsusilə 2012-ci il 20 aprel tarixdə keçirilməsinə Sərəncam verilmişdir: “Naxçıvanda ilkin şəhər mədəniyyətinin formalaşmasına təsir göstərən mühüm amillərdən biri də son illər aşkara çıxarılan və elmi tədqiqata cəlb olunan Duzdağ mədəniyyətidir. Duzdağda aparılan araşdırmalar sübut edir ki, Eneolit dövründən başlayaraq Naxçıvanda mədənçilik mövcud olmuş, eradan əvvəl 4-cü minillikdə bu proses daha geniş miqyas almış, mübadilə məqsədi ilə tələbatdan artıq duz tədarük olunmuş, bu isə, öz növbəsində, şəhərlərarası əlaqələrə və ticarətin inkişafına, eləcə də insanların Duzdağ ətrafında məskunlaşmasına gətirib çıxarmışdır”.

“Naxçıvan: ilkin şəhər və Duzdağ” mövzusundakı elmi konfransda Naxçıvan ilkin şəhər mədəniyyətinin formalaşmasının Duzdağla, duz çıxarılması ilə sıx bağlı olduğu qeyd edilmişdir.
Sərəncamdan irəli gələn vəzifələrə uyğun olaraq əvvəlki illərdə aparılan arxeoloji tədqiqatların fəaliyyəti bir qədər də canlanmışdır. Naxçıvan Duzdağının tarixi əhəmiyyəti nəzərə alınaraq bu ərazidə arxeoloji tədqiqatlar aparılmış, bizim eradan əvvəl V-III minilliklərə aid maddi-mədəniyyət nümunələri aşkar edilmiş, tarixi əhəmiyyət daşıyan nəticələr əldə olunmuşdur. Müəyyən edilmişdir ki, Naxçıvan Duzdağı dünyanın ən qədim duz mədənidir. Burada duz mədən üsulu ilə eramızdan əvvəl V minillikdən çıxarılmağa başlanılmışdır. Naxçıvan arxeoloqlarının və beynəlxalq arxeoloji ekspedisiya üzvlərinin araşdırmaları zamanı Eneolit və Erkən Tunc, Dəmir dövrlərinə və Orta əsrlərə aid keramika məmulatları, daş çəkiclər tapılmışdır. Mədənlərdən aşkar edilmiş maddi-mədəniyyət qalıqları, xüsusilə daş çəkiclər əsasında müəyyən olunmuşdur ki, bu duz yataqlarından eramızdan əvvəl V-III minilliklərdə geniş istifadə edilmişdir. Tədqiqatlar bu ərazidə Eneolit dövründən başlayaraq duz mədənçiliyinin əsasının qoyulmasını və bunun da beşminillik Naxçıvan şəhər mədəniyyətinin formalaşmasına güclü təsir göstərdiyini təsdiq etmişdir.
İnsanlar duzun çıxarılması üçün müəyyən çapacaqlardan, daş baltalardan və bu kimi əmək alətlərindən istifadə etmişlər. Əmək alətlərini isə onlar iş prosesində zəruri ehtiyac nəticəsində düzəltmişlər. Əmək alətlərinin düzəldilməsi sənətkarlığın inkişafına səbəb olmuşdur. Tədqiqatçılar Duzdağ ərazisində 1 kiloqramdan başlamış 30 kiloqrama qədər daş baltalar, gürzlər aşkar etmişlər. Tarixi faktlardan məlumdur ki, 1870-ci ildə yerli duz mədənlərinin keçmiş nəzarətçisi olmuş Beyer daş çəkiclər aşkar etmişdir. Həmin çəkiclərdən 2 ədədini Naxçıvan məktəbinə, qalanlarını isə Tbilisi və Peterburq muzeylərinə göndərmişdir. Təbii ki, duzun çıxarılması üçün istifadə olunan daş alətlər, balta və çəkiclərdən ibtidai dövrlərdə, dəmirdən istifadənin hələ insana məlum olmadığı Daş dövründə istifadə olunmuşdur. Sonrakı dövrlərdə dəmir əmək alətlərindən istifadə etmişlər. Nəticədə, əməyin məhsuldarlığı xeyli artmışdır. Barıtın kəşfindən sonra duz laylarının barıtla partladılması sayəsində gün ərzində bir işçi 40 puda qədər duz çıxara bilmişdir.
Duz istehsalının ən böyük təsirlərindən biri də mübadilənin, duz ticarətinin əsaslı inkişafına səbəb olmasıdır. Naxçıvan mədənlərindən çıxarılan duz İrəvan vilayətinin Gərniçay və İlançay vadilərindəki kənd­lərə, Dərələyəz mahalına, Göyçə gölü, Qarabağ və Gəncə ətrafına, Şuşaya, Zəngəzura aparılırdı. Ümumiyyətlə, duzun əsas istifadə bölgələri Naxçıvan, Ordubad, Yeni Bəyazid qəzaları, İrəvan quberniyası, Şuşa və İran idi. Qafqaz Dağ İdarəsinin 1889-1907-ci illər (19 il ərzində) hesabatında Naxçıvan mədəninin orta illik istehsal gücünün 164,4 puda bərabər olduğu göstərilir. 1868-ci ildən Sust duz mədənindən də duz çıxarılmağa başlanılmışdır.
Beləliklə, bir neçə min il bundan əvvəl Duzdağın insanlara məlum olması, duzun çıxarılması, istifadəsi, daşınması, satışı Naxçıvanda yaşayış məskənlərinin genişlənməsinə və şəhərləşmə işinin inkişafına təkan vermişdir. Duzdağ Naxçıvanda şəhərtipli mədəniyyətin əsasında dayanan ən mühüm amil olmuşdur.
Naxçıvanın tarixində Duzdağın və duzun oynadığı mühüm rol nəzərə alınaraq aparılan elmi tədqiqatların nəticələrinin sistemləşdirilməsini, arxeoloji tədqiqatlar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələrinin qorunub saxlanılmasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 12 sen­tyabr tarixli Sərəncamına əsasən Naxçıvan Duz Muzeyinin yaradılması qərara alınmışdır. Bu günlərdə həmin muzeyin açılışı olmuşdur. Naxçıvan Duz Muzeyinin açılışında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Naxçıvanın tarixi Naxçıvan duzunun çıxarılma tarixi ilə bağlıdır. Naxçıvan tarixini tədqiq etmək üçün, ilk növbədə, Naxçıvan duzunun tarixini öyrənmək lazımdır. Çünki Naxçıvanın şəhər kimi formalaşmasında Naxçıvan duzunun, Duzdağın böyük əhəmiyyəti olmuşdur… Naxçıvan şəhəri məhz duzun çıxarıldığı bu ərazilərdə salınmışdır. Bu da o qənaətə gəlməyə imkan verir ki, Naxçıvan şəhərinin formalaşması 5-7 min il bundan əvvəl Naxçıvanda ilk dəfə duzun çıxarılması ilə başlanmışdır”.
Ali Məclisin Sədri Naxçıvan tarixinin araşdırılması ilə bağlı görülmüş işləri ümumiləşdirmiş və görüləcək işlərlə bağlı Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi, müvafiq dövlət qurumları və ziyalılar qarşısında duran vəzifələrdən bəhs edərək demişdir: “Naxçıvan şəhərinin yaranmasının duzun çıxarılması ilə bağlılığı sahəsində tədqiqat işləri genişləndirilməli, arxiv sənədləri toplanılmalı, yeni kitablar və elmi məqalələr yazılmalıdır”.
Naxçıvan Muxtar Respublikasında mövcud olan 30-dan çox muzey sırasına yeni bir muzey – Naxçıvan Duz Muzeyi də daxil olmuşdur. Bu muzey öz əhəmiyyətinə və oynadığı rola görə muzeylər arasında çox böyük və mühüm yer tutur. Çünki bu, bilavasitə ilkin şəhər mədəniyyətinin yaranması və inkişaf tarixi ilə bağlıdır. Naxçıvan duzu Naxçıvanın şəhər kimi formalaşmasında tarixi rol oynamışdır. Naxçıvan Duz Muzeyinin yaradılması xalqımızın tarixinə, mədəniyyətinə, milli-mədəni dəyərlərinə göstərilən böyük qayğının ifadəsidir. Ona görə tədqiqatçılarımız bu qayğıya öz əməli işləri ilə layiqli töhfələr verməlidirlər.

İsmayıl HACIYEV
AMEA Naxçıvan Bölməsinin sədri, akademik

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: