Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin 2019-cu ilə dair iş planı təsdiq olunub

631

NUHÇIXAN xəbər verir ki, Təhsil Nazirliyində beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında qarşıya qoyulan vəzifələr və 2018-ci ildə görülmüş işlərlə bağlı kollegiya iclası keçirilib. Keçirilən kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Təhsil naziri Rəhman Məmmədov məruzə edərək bildirib ki, 2018-ci il ərzində Naxçıvan şəhərində 6№-li, Şərur rayonunda İbadulla, Ərəbyengicə, Kosacan, Babək rayonunda Aşağı Buzqov, Yuxarı Buzqov, Culfa rayonunda Dizə, Qazançı kənd tam orta məktəbləri, Ordubad Rayon Təhsil Şöbəsi üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Ümumtəhsil məktəblərinə 15 elektron lövhə və 260 kompüter verilib.

Vurğulanıb ki, 2018-ci ildən etibarən ümumtəhsil məktəblərinin pedaqoji kadrlarla təminatı müsabiqə yolu ilə aparılır.  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilən müsabiqədə yüksək nəticə göstərən 44 müəllim,13 psixoloq, 7 uşaq birliyi təşkilatı rəhbəri, 1 kitabxana müdiri, 1 tərbiyəçi və 7 laborant işlə təmin olunub. 29 dekabr 2018-ci il tarixdə yekunlaşan işə qəbul imtahanlarının nəticələrinə uyğun olaraq 75 gənc müəllim ümumtəhsil məktəblərində ixtisaslarına uyğun olaraq müəllimlik fəaliyyətinə başlayıb. 

Qabaqcıl müəllimlərin əməyi dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. 2018-ci ildə müəllimlərdən 5-i “Azərbaycan Respublikasının Əməkdar müəllimi”, 15-i “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adlarına layiq görülüb, 4 müəllim “Tərəqqi” medalı ilə təltif olunub. 

Bildirilib ki, muxtar respublikada təhsilə göstərilən dövlət qayğısının və yaradılan müasir şəraitin nəticəsidir ki, 2017-2018-ci tədris ilinin nəticələri uğurlu olub, qəbul imtahanlarında yüksək göstəricilər əldə edilib, məzunlardan 1781-i ali məktəblərə, 615-i isə orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Onlardan 331-i 500-700 arası bal toplayıb, 6 məzun isə Prezident təqaüdünə layiq görülüb.

Qeyd olunub ki, peşə təhsili sahəsində həyata keçirilən tədbirlərin nəticəsində Təhsil Nazirliyinin tabeliyindəki ilk peşə-ixtisas təhsili müəssisələrindən 2018-ci il ərzində ümumilikdə 18 ixtisas üzrə 125 qrupda 2753 müdavim təhsillərini başa vuraraq müvafiq təhsil sənədi alıblar.

Təhsil naziri 2018-ci il ərzində buraxılmış nöqsanlardan, onların aradan qaldırılması məqsədilə həyata keçirilmiş tədbirlərdən  və 2019-cu ildə qarşıda duran vəzifələrdən danışıb.

Sonra çıxışlar dinlənilib.

Sonda kollegiya iclasında  2019-cu ilə dair iş planı təsdiq olunub.

                                                             Aygün Hüseynli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: