Naxçıvan Muxtar Respublikası: İnsan amili üzərində qurulan iqtisadiyyat

162

İntibah və tərəqqinin dəyişilməz ünvanı kimi ölkəmizin milli iqtisadi quruculuq proseslərinin çox zəruri hərəkətverici qüvvəsinə çevrilən Naxçıvan Muxtar Respublikası müasir müstəqillik illərinin qürurverici dövrlərini yaşamaqdadır. İstehsalın stimullaşdırılması və fasiləsizliyinin təmin edilməsi, rayon və kəndlərin bu sahədəki perspektivlərinin artırılması, yeni istehsal müəssisələrinin yaradılması, mövcud olanların fəaliyyətinin səmərəli təşkili, nəticə etibarı ilə ayrılıqda hər bir insanın, bütövlükdə isə cəmiyyətin rifahına xidmət edən potensial muxtar respublika iqtisadiyyatının mövcud inkişaf mənzərəsidir.

Qeyd edə bilərik ki, Naxçıvan Muxtar Respublikası ölkənin milli iqtisadi quruculuq proseslərinə təkan ola biləcək  amilləri düzgün müəyyən edib. Qətiyyətlə əldə edilən bu nailiyyət də əhalinin mənafeyinə birbaşa xidmət edir.

2004-cü ildən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının səmərəli icra mexanizmlərinin müəyyənləşdirilməsi sadalanan amillərin təsir gücünü daha da artırır. Bu, özünü muxtar respublikada bir-birini əvəz edən illərin sosial-iqtisadi inkişaf xronikasında aydın şəkildə göstərir. Bunu müvafiq Dövlət Proqramlarının nəticəsi olaraq 2004-cü ildən 2017-ci ilə qədər iqtisadiyyatda məşğul olanların sayındakı artım dinamikasında görə bilərik. Təbii ki, burada üçüncü Dövlət Proqramının yekunları üzrə daha böyük perspektivlər özünü göstərir.

Qeyd edək ki, son 15 ildə muxtar respublika iqtisadiyyatında məşğul və işsiz əhalinin ümumi sayında məşğul vətəndaşların işsizlərlə müqayisədə artım dinamikası daha yüksək olub.  Xüsusilə, təqdim etdiyimiz qrafikaya uyğun olaraq, iqtisadi fəal əhali ilə iqtisadiyyatla məşğul olanların arasında bərabərlik təmin olunub. Nəticədə işsizlik səviyyəsi sıfıra enib. Təbii ki, burada ikinci Dövlət Proqramının səmərəli icrası xüsusi əhəmiyyətə malikdir.

Ardıcıl davam edən islahatlar sosial və iqtisadi sahələrdə səmərəli nəticələrin əhatəsini daha da genişləndirir. Nəticədə isə, mülkiyyət münasibətlərinin inkişafı daha da sürətlənib. Muxtar respublika iqtisadiyyatında əldə olunan nailiyyətlər bazar münasibətlərinə əsaslanır və  xüsusi mülkiyyətin aktuallığını artırmaqla təmin edilir. Elə bunun nəticəsidir ki, əsas makroiqtisadi göstərici olan ÜDM-in istehsalında özəl bölmənin payı 90 faizə yaxınlaşır. Təbii ki, bunu iqtisadiyyatda məşğul olanların sayında və eləcə də onların mülkiyyət formaları üzrə bölgüsündə də görə bilərik.

Hesablamalar apararkən aydın olur ki, 2004-2017-ci illərdə muxtar respublikada iqtisadiyyatda məşğul olanların və onların tərkibində qeyri-dövlət sferalarında çalışanların sayı 1,5 dəfəyə qədər artıb. Bununla yanaşı, əgər 2004-cü ildə qeyri-dövlət sektorunda məşğul olanların sayı dövlət sektorundakı müvafiq göstəricidən 3,2 dəfə çox idisə, 2017-ci ildə bu artım 4,7 dəfə olub.

Təbii ki, bütün bunlar muxtar respublikada makroiqtisadi siyasətin insan amili üzərində qurulduğunu və sakinlərin rifahının daha da yüksəlməsinə xidmət etdiyini göstərir. Digər tərəfdən, bu, həm də ölkənin qeyri-neft sektorunun davamlı və perspektivli inkişafı istiqamətində muxtar respublikanın verdiyi töhfələrin ifadəsidir. Təkcə onu qeyd etmək yerinə düşər ki, 2014-2018-ci illərdə muxtar respublikada ÜDM -in və onun hər bir nəfərə düşən həcmi 1,2 dəfə artıb. Əlbəttə, bütün bunların sosial-iqtisadi üstünlüyü ilə yanaşı, eyni zamanda qətiyyətli idarəetmənin nəticəsi olaraq qeyd edilməlidir. Çünki, yaxşı məlumdur ki, indi dünya ölkələrinin bir çoxu hərbi, siyasi və iqtisadi böhran, nizamsızlıq və tənəzzülə məruz qalıb, sosial siyasəti demək olar ki, iflasa uğrayıb. Məhz dünya mövcud olan bu şəraitdə Azərbaycan Respublikasında milli iqtisadi quruculuq proseslərinin inam və qətiyyətlə davam etdirilməsi və bu fonda onun regionlarının, o cümlədən də Naxçıvan Muxtar Respublikasının bu proseslərdəki çevik iştirakının çox yüksək tarixi və iqtisadi əhəmiyyəti vardır. Məhz belə bir vəziyyətdə yuxarıda bəhs edilən göstərici, yəni makroiqtisadi nailiyyətlərin əhalinin sosial rifahına təsiri imkanları da artır. Fikrimizi məşğul əhalinin hər bir nəfərinə düşən ÜDM-in həcmindəki artım dinamikası ilə ifadə edə bilərik.

İqtisadiyyatın sosiallaşması, dövlətin bu sahələr üzrə tənzimləmə siyasətinin səmərəliliyi və əhalinin alıcılıq qabiliyətliliyinin gücləndirilməsindən ibarət strateji məsələlər qarşıya qoyulan məqsədlərin, müəyyən edilən hədəflərin və prioritetlərin səmərəliliyi, eləcə də perspektivliyinin mühüm göstəricilərindən ibarətdir. Diqqət edəndə aydın olur ki, 2004-2017-ci illərdə muxtar respublikada məşğul olan əhalinin hər bir nəfərinə düşən ÜDM-in həcmi 8,4 dəfədən çox artıb.

Beləliklə, təhlillər göstərir ki, Naxçıvan Muxtar Respublikası özünün sosial-iqtisadi dayaqlarını daha da gücləndirir. Artıq 2018-ci ilin sonlarına doğru addımladığımız hazırkı mərhələdə bəhs edilən iqtisadi artım göstəricilərinin daha da perspektivli olacağı görünməkdədir.

Cavadxan Qasımov

İqtisad üzrə fəlsəfə doktoru, dosent

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: