Naxçıvan dağlarının vurğunu olan rus rəssam

97

Dünyada məşhurların portretlərini işləməklə yaxşı tanınan rus rəssamı Nikas Safronov Naxçıvanla bağlı maraqlı fikirlər səsləndirib. Ümummilli lider Heydər Əliyevin portretini işləmək üçün 1998-ci ildə onun məsləhəti ilə Naxçıvana gələn rəssam ilk baxışdan Naxçıvana və ümumiyyətlə Azərbaycana vurulduğunu dəfələrlə etiraf edib. Rusiyalı rəssam özünü həmişə azərbaycanlı sayıb.

NUHÇIXAN xəbər verir ki, bu günlərdə məşhur rəssam publika.az-a müsahibəsində  Naxçıvanla  bağlı bunları deyib, : – “Elə ölkələr var, deyirsən ki, məsələn, orda elə gözəl dağ var, ya şəlalə var. Azərbaycan mozaikdir, orada hər şey var – dəniz, dağ, göllər, çəmənlər. Mən Naxçıvanı çəkmişəm. İlahi, necə gözəldir… Necə rənglər var orada. Havadakı qoxu, çiçəklərin, bal arılarının yaratdığı ətir, sadəcə bihuş olursan… Heydər Əliyevin portretini işləyəndə Naxçıvana getdim. Haçadağın  portretin fonu kimi düşünmüşdüm. Sonra ideyamı dəyişdim və həmin dağı ayrıca əsər kimi işlədim. Bəzən biz yaşadığımız yerlərin gözəlliyini görmədən, kəşf etmədən gözəllik ardınca uzaq ölkələrə gedirik. Bulaqlar, müalicəvi sular, dağların sərin havası, torpağın ətri, qədim abidələr – nə yoxdur Naxçıvanda? Elə Azərbaycanın hər yerində. İndi bizdə Moskvada nəyisə, məsələn, tərəvəzi  tərifləmək istəyəndə, deyirlər, alın, əladır,  Bakıdan gətirilib.  Ancaq bu təbiət gözəlliklərini tamamlayan insandır. Ürəyi pozitivlə dolu insan olmadan təbiət gözəllikləri yarımçıq qalardı. Mən Bakıda olanda şəhəri tək gəzirdim, xüsusən gecələr. Səhərə qədər… Səhər açılanda bazara gedirdim. Yarıyuxulu insanlar mənə qarpız, yemiş bağışlayırdılar, mağazadan nəsə almaq istəyirdim, heç kim məndən pul almırdı ki, siz Azərbaycanı sevirsiz, biz sizdən pul ala bilmərik. Dünyanın heç yerində belə münasibət görməzsən. İnan, mən heç bir ölkəni və xalqı ruhuma bu qədər yaxın bilmirəm. Ona görə, dostlarımın içində qürurla deyirəm ki, mən azərbaycanlıyam”.

 

                                                                           Səməd Canbaxşiyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: