Narahat günlərdən nurlu sabahlara… - FOTOLAR

Gənc jurnalist Sara Əzimova yazır

139

Müstəqilik illərində böyük quruculuq və inkişaf yolu keçərək müsir mərhələyə çatan qədim Naxçıvan diyarı bu gün hər birimizin qəlbini qürurla doldurur. İstedadlı gənc jurnalist Sara Əzimovanın naxcivantv.az-a təqdim etdiyi “Narahat günlərdən nurlu sabahlara”… sərlövhəli məqaləsində zülmətin bağrını yararaq işıqlı günlərə qovuşan Naxçıvan və onun son illərdəki inkişafı canlandırılıb.

Ötən ilin uğurları göstərdi ki, böyük yaradıcı gücə malik olan Heydər Əliyev ideyalarının, Heydər Əliyev quruculuq xəttinin davam etdirilməsi və yurda bağlılıq prinsipi əsas götürülərək Naxçıvan bütün sahələrdə inkişafı ilə nümunə göstəriləcək bir diyar səviyyəsinə yüksəlib. Bu yerdə ölkə başçısı cənab İlham Əliyevin muxtar respublikaya səfəri çərçivəsində söylədiyi bu fikirləri xatırlamaq yerinə düşər: “…Bu gün Naxçıvanın gələcək inkişafı ilə bağlı əlavə sözlərə ehtiyac yoxdur. Çünki bütün işlər burada ən yüksək səviyyədə görülübdür. Bir daha qeyd etmək istəyirəm ki, siz bütün məsələləri – quruculuq, abadlıq işlərini, enerji təhlükəsizliyi, hərbi potensial, infrastruktur layihələrinin icrası, ərzaq təhlükəsizliyi məsələlərini həll etmisiniz. Bundan sonra ancaq bu uğurlara yeni uğurlar əlavə etmək lazımdır”.

Bəli, 2016-cı ildə uğurlar üzərinə uğurlar əlavə olundu. Ötən illərdəki kimi, 2016-cı ildə də üç prinsip əsas götürüldü: muxtar respublika sakinlərinin rahat yaşaması, regionda təhlükəsizliyin təmin edilməsi, iqtisadi və sosial həyatın bütün sahələrində inkişaf tempinin qorunub saxlanılması. Bəhs olunan qısa zaman kəsiyinin muxtar respublikamızda “Nizam-intizamın daha da möhkəmləndirilməsi ili” elan olunması bu məqsədə çatmaqda əhəmiyyətli rol oynadı, görülən işə görə məsuliyyət hissi daha da artdı. Bu fikirlər yanvarın 7-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasında vurğulandı.

Bəs 2016-cı il hansı hadisələrlə yadda qaldı? Hər il olduğu kimi, bəhsedilən dövrdə də müxtəlif kənd yaşayış məntəqələrində şəhər rahatlığının yaradılması davam etdirilib, müasirləşən kəndlər sırasına Kəngərli rayonunun Yurdçu, Babək rayonunun Xəlilli, Yarımca, Məzrə, Hacıvar, Badaşqan, Şərur rayonunun Oğlanqala, Arbatan, Şahbuz rayonunun Daylaqlı, Kiçikoba, Culfa rayonunun Saltaq, Gülüstan, Xanəgah, Ordubad rayonunun Baş Dizə, Naxçıvan şəhərinin Bulqan kəndləri də qoşuldu. İçməli su sarıdan əziyyət çəkən kəndlərimizə su xətləri çəkilib. Bu böyük quruculuq tədbirləri barədə danışanda “Şərq qapısı” qəzetinin 1994-cü ildə dərc olunan saylarında bəzi problemlərdən ürək­ağrısı ilə bəhs edilən yazılar yadıma düşür. O yazıların içərisində “Su həsrəti” və “İçməli su dərdi” adlı məqalələri oxuyarkən o dövrün çətinlikləri göz önündə canlanır. Naxçıvan şəhərinin Qaraçuq kəndindən olan bir müəllimin qələmə aldığı yazıda oxuyuruq: “Yazıq camaat indi gözünü dikib kolxozun bir sınıq traktoruna. O da ki, bəzən işləyir, bəzən işləmir, bəzən də yanacağı olmur. İşləyəndə isə arxasına qoşduğu çənlə 15-20 gündən bir su paylaya bilir. Amma həmin sudan da kənar məhəllələrin, təzə məhəllələrin sakinləri içə bilmir. Çünki yollar elə bərbad vəziyyətdədir ki, bu yollarda traktorlar belə, hərəkət etməyə çətinlik çəkir. Bilmirəm daha nəyi deyim, necə deyim ki, bu camaata ürəyi yanan tapılsın. Vallah elə ki, traktorun səsi eşidilir, qab-qacaq zanqıltısı adamların səsinə qarışır. Su çəninin krantına azı 25-30 əl birdən uzanır. Kimin ki, bir babət gücü var bu gücün hesabına vedrələrini doldura bilir. Fağırlar, zəiflər isə baxa-baxa qalırlar. Bütün bu acı mənzərəni həm kəndin, həm hər iki təsərrüfatın rəhbərləri, həm də əlaqədar təşkilatların başçıları yaxşı görürlər. Amma heç kimin vecinə deyil”.

İndi həmin xoşagəlməz mənzərələrdən o kənddə əsər-əlamət qalmayıb. Yollara asfalt örtük salınıb, yeni sosial obyektlər tikilib istifadəyə verilib. 2016-cı ildə bu kəndə içməli su xətti çəkilib. Bir zamanlar Araz çayının suyunun əriməsini həsrətlə gözləyən kənd sakinlərini artıq sərt qış qorxutmur. Qışda da, yayda da həyətlərdən gur sular axır. Qeyd edim ki, 2016-cı ildə Naxçıvan şəhərinin Tumbul, Bulqan və Qaraxanbəyli kəndlərində içməli su və kanalizasiya şəbəkəsi, Culfa rayonunun Gülüstan kəndində içməli su sistemi istifadəyə verilib.

Yeni torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunması üçün görülən tədbirlər də diqqət mərkəzində saxlanılıb. Ötən il Babək rayonunda yeni nasos stansiyasının, həmin rayonun Kərimbəyli və Kültəpə kəndlərində 217 hektar yeni torpaq sahəsinin əkin dövriyyəsinə qatılmasını təmin edən suvarma şəbəkəsinin, Şərur rayonunun Xanlıqlar, Vərməziyar və Ələkli kəndlərində 589 hektar sahənin su təminatını yaxşılaşdırmağa imkan verən suvarma boru xəttinin, Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərində 117 hektar ərazini əhatə edən qapalı suvarma şəbəkəsinin tikintisinin başa çatdırılması suvarma suyuna olan tələbatın ödənilməsinə imkan verib.

2016-cı ilin fevral ayında Naxçıvan Biznes Mərkəzində sahibkarlarla işgüzar, may ayında isə ərzaq məhsulları ilə mərkəzləşdirilmiş qaydada təmin olunacaq dövlət müəssisə və təşkilatlarının rəhbərləri və sahibkarlarla görüşlərin keçirilməsi sahibkarlığın inkişafına hesablanmış mühüm tədbirlər kimi yadda qalıb. Belə ki, həmin dövrdə  47 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb, ümumi daxili məhsul istehsalında özəl bölmənin xüsusi çəkisi 87 faizi ötüb.

Ötən əsrin 90-cı illərinin əvvəllərində çörək qıtlığı ilə üz-üzə dayanan muxtar respublikada indi yüzlərlə çörək və şirniyyat sexləri fəaliyyət göstərir. O da xüsusi vurğulanmalıdır ki, 2016-cı ildə Naxçıvan şəhərində ilk dəfə olaraq həm istehsal, həm də xidmət sahəsi kimi fəaliyyət göstərən “Fərda” unlu-qənnadı məmulatları və dondurma istehsalı müəssisəsi istifadəyə verilib. Bundan başqa, bəhs edilən dövrdə “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal sahələrinin və anbarlarının fəaliyyətə başlaması muxtar respublikada istehsal olunan məhsulların daxili bazarda dövriyyəsini təmin etməyə və onların ixrac potensialını artırmağa şərait yaradıb.

Ötən il məktəb binalarının tikintisi sürətlə davam etdirilib, müasir avadanlıqlarla təchiz olunan 3414 şagird yerlik 12 məktəb binası istifadəyə verilib. Yeni quruculuq ünvanları sırasına 380 şagird yerlik Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin, Naxçıvan Dövlət Texniki Kollecinin və Ordubad Texniki Peşə və Sürücülük Məktəbinin binaları əlavə olunub.

Uzun illərdir təhsil sahəsində çəkilən zəhmət 2016-cı ildə də hədər getməyib, öz bəhrələrini verib. 2016-cı ildə ali məktəblərə qəbul imtahanlarında iştirak edən məzunlardan 1737-si ali məktəblərin, 567-si isə orta ixtisas məktəblərinin tələbəsi adını qazanıb. Tələbə adını qazananlardan 338-i imtahanlarda 500-dən çox bal toplayıb. Müqayisə üçün qeyd etmək lazımdır ki, 1996-cı tədris ilində bu göstəriciyə 5 nəfər nail olmuşdu.

Bu gün Naxçıvan turizm üçün ən ideal məkanlardan biridir, – desək, yanılmarıq. Çünki turist o yerə ayaq basır ki, orada əmin-amanlıq, sabitlik olsun.Bundan başqa, iqtisadi inkişaf, zəngin tarixi-mədəni irs, ekoloji cəhətdən təmiz qida məhsulları hər bir turistin diqqətini cəlb edir. Təbii ki, bu sahənin inkişafı üçün həyata keçirilən tədbirləri də xüsusilə qeyd etmək lazımdır. Elə ötən il mart ayının 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı müşavirə keçirilməsi, turizmin düzgün təbliği və təşviqi üçün aid təşkilatların üzərinə konkret vəzifələr qoyulması bu sahənin inkişafına böyük təkan olub. Turistlərə yüksək xidmət üçün ötən il mayın 2-də Naxçıvan şəhərdaxili turist marşrutu fəaliyyətə başlayıb. Bu müddət ərzində turistlər marşrut üzrə Naxçıvan şəhərinin tarixi abidələri, mədəniyyət obyektləri, görməli yerləri və müasir inkişafı ilə yaxından tanış olublar. Bir məsələni də qeyd edək ki, həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, 2015-ci illə müqayisədə muxtar respublikaya gələn turistlərin sayı artaraq 403 mini keçib.

Turizmin inkişafında keçirilən festivalların da rolu az olmayıb. Bəhs olunan il festival ili kimi yadda qalıb. Bir zamanlar Naxçıvanı yadelli hücumlarından qoruyan qalalarımız bu gün Naxçıvanın müasir mədəniyyətinin qoruyucusuna çevrilib. “Əlincəqala” tarixi abidəsində “Naxçıvan – bəşəriyyətin beşiyi” III Beynəlxalq Rəsm, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Göycə”, “Naxçıvan çörəkləri”, “Plov”, “Yallı”, “Arıçılıq məhsulları və bal” festivallarının keçirilməsi muxtar respublikaya marağı daha da artırıb.  Həm də bu tədbirlərin dünyaya bir ismarıcı olub. Bir gün ermənilər mahnılarımızı oğurlayır, bir gün xalçamızın surətini istehsal edirlər. Abidələrimizi özlərinin adlarına çıxmağa çalışırlar, başqa mədəni sərvətlərimizə göz dikirlər. 2016-cı ildə keçirilən festivallarla Naxçıvan milli sərvətlərimizə necə sahib çıxdığını bütün dünyaya sübut etdi.

2016-cı ilin əvvəllərində Naxçıvan-Batumi-Naxçıvan beynəlxalq avtobus marşrutunun, sentyabr ayında Naxçıvan Beynəlxalq Hava Limanının “Qərb terminalı”nın, ilin son günlərində isə Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarının fəaliyyətə başlaması dövlətlərarası və xalqlararası münasibətlərin inkişaf göstəricisi kimi yadda qaldı.

Deyirlər kimliyini bilmədən, keçmişini tanımadan gələcəyi qorumaq özülsüz qala ucaltmağa bənzəyir. Ulu öndər çıxışlarının birində həmin məsələyə xüsusilə toxunaraq deyib: “Naxçıvanın qədim, zəngin tarixi Azərbaycan tarixinin çox parlaq səhifələrindəndir. Əgər Azərbaycanın tarixi haqqında, ümumiyyətlə, bir çox işlər görülübsə, Naxçıvanın tarixi haqqında, qədim tarixi haqqında və Naxçıvanın bir diyar kimi öyrənilməsi barədə çox az iş görülübdür”. Bu gün muxtar respublika ərazisində aparılan tədqiqatlar, əldə olunan elmi nəticələr, mühüm elmi nəşrlərin hazırlanması ulu öndərin arzularının gerçəkləşməsi, Naxçıvanın qədim tarixinin öyrənilməsi sahəsində qarşıya qoyduğu vəzifələrin uğurla yerinə yetirilməsinin göstəricisidir. 2016-cı ildə Əlincəqalada bərpa işləri başa çatdırılıb, “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi yaradılıb. Memarlığın nadir incilərindən sayılan Gülüstan türbəsinə də belə qayğıdan pay düşüb. Şərur rayonunun Xanlıqlar kəndindəki “İmamzadə” dini-tarixi abidəsində yenidənqurma işləri aparılıb. “Naxçıvan qalaları: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfransın keçirilməsi isə tariximizin öyrənilməsi və təbliği işinə çox mühüm töhfə olub. Bundan başqa, Naxçıvan tarixi ilə bağlı ölkə arxivlərində aşkar edilən yeni sənədlərin Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsinə təqdim olunması bu istiqamətdə həyata keçirilən tədbirlərin davamlı xarakter aldığının göstəricisi kimi dəyərləndirilməlidir.

Mənzil insanın rahat yaşayışını, sağlamlığını və ailə xoşbəxtliyini təmin edən əsas amillərdən biridir. Muxtar respublikada tikinti sektorunun əsas istiqamətlərindən birini də əhalinin yeni mənzillərə olan tələbatını ödəmək təşkil edir. 2016-cı ildə də Naxçıvan şəhərində, rayon mərkəzlərində bir neçə yaşayış binası əsaslı təmir olunub, mənzillərin sahəsi genişləndirilib, binaların təməli möhkəmləndirilərək əlavə mərtəbələr artırılıb, binalar müasir kommunikasiya xətləri ilə təmin edilib. Bəhs edilən dövrdə 2 ictimai yaşayış binası tikilərək istifadəyə verilib, 9 yaşayış binasında yenidənqurma və əsaslı təmir işləri aparılıb. O da xüsusi vurğulanmalıdır ki, sosial qayğıya ehtiyacı olanların mənzillə təmin edilməsi də diqqət mərkəzində saxlanılıb, 4 şəhid ailəsinə və sağlamlıq imkanı məhdud 7 Azərbaycan Vətən Müharibəsi iştirakçısına yeni mənzil verilib. Ötən il gənc ailələrin mənzillə təmin olunmasına kömək məqsədilə “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması gənclərimizin böyük sevincinə səbəb olub. Qısa zamanda fondun xətti ilə gənclərə 951 min manat həcmində kreditlərin verilməsi təmin edilib.

Muxtar respublikada təsadüfən, yaxud özünü idarə edə bilməmək ucbatından cinayət və ya qanun pozuntusu törətmiş şəxslərin yenidən cəmiyyətə qaytarılması üçün də görülən tədbirlər 2016-cı ildə davam etdirilib. Belə ki, fevral ayında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində yeni yaradıcılıq və istehsalat binasının istifadəyə verilməsi bu funksiyanın yerinə yetirilməsi məqsədi daşıyıb. Bu, muxtar respublikada insan amilinə nə qədər dəyər verildiyinin göstəricisi kimi qiymətləndirilir.

Naxçıvan Muxtar Respublikasında yaşayıb-yaradan qadınlar xoşbəxtdirlər.Niyə də olmasınlar? İstər ev, istərsə də iş qadını olan xanımlarımız hərtərəfli qayğı ilə əhatə ediliblər. Son illər muxtar respublikada onların ictimai fəallığının yüksəldilməsi, eləcə də ahıl, tənha, xüsusi qayğıya ehtiyacı olan qadınların həyat şəraitlərinin yaxşılaşdırılması məqsədilə zəruri tədbirlər görülür. Bu gün qadınlar dövlət quruculuğunda, ictimai həyatda fəal iştirak edir, muxtar respublikamızın sosial, elmi və mədəni inkişafına öz töhfələrini verirlər. Martın 7-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 8 Mart –  Beynəlxalq Qadınlar Günü münasibətilə “Naxçıvan qadınları müstəqillik illərində” mövzusunda tədbirin keçirilməsi, müxtəlif sahələrdə çalışan qadınların fəxri adlara layiq görülməsi onların fəaliyyətinə böyük stimul oldu. Bəhs edilən dövrdə rayonlarda istedadlı qadınların əl işlərindən ibarət sərgi-satışın təşkil olunmasının muxtar respublikamız üçün əhəmiyyəti böyük idi.

2016-cı ilə qısa bir nəzər saldıq. 1996-cı ildən başlayaraq yola saldığımız digər illər kimi, 2016-cı ildə də görülən işlər barədə fəxrlə, qürurla söhbət açılacaq. 2017-ci ilin ilk ayı isə muxtar respublika üçün daha əlamətdar oldu. Azərbaycan Prezidentinin muxtar respublikaya səfəri, burada görülən işlərə yüksək qiymət verməsi sevincimizə sevinc, qürurumuza qürur qatdı. Biz hamımız əminik ki, Naxçıvan Muxtar Respublikası  Ali Məclis Sədrinin rəhbərliyi altında Naxçıvan bundan sonra da inkişaf yolu ilə gedəcək, böyük qələbələrə imza atacaqdır. Ən böyük uğur isə, sözsüz ki, dövlətçilik irsimizin bundan sonra da qorunması və yaşadılması olacaqdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: