Muxtar respublikada özəl sektorun inkişafı sosial rifah halının yüksəldilməsinə xidmət edir

142

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, sahibkarlara güzəştli kreditlərin verilməsi özəl bölmənin maliyyə resursları ilə təmin olunması istiqamətində əsas mexanizmlərdəndir. Son illər ərzində 1269 layihəyə 142 milyon manatdan çox güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində yüzlərlə yeni iş yerinin açılması imkanı yaradılıb. Güzəştli kreditlərin 18,7 faizi aqrar sektorun, 60,8 faizi sənayenin və 20,5 faizi xidmət sektorunun inkişafına yönəldilib.

Sahibkarlığın inkişafına dəstək mexanizminin təkmilləşdirilməsi, özəl sektorda innovativ texnologiyalara əsaslanan yeni istehsal və emal müəssisələrinin, infrastruktur sahələrinin yaradılması, ixrac əməliy­yatlarının maliyyələşdirilməsi, real sektora investisiya qoyuluşlarının sürətləndirilməsi və özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 2018-ci il 7 avqust tarixli Fərmanı ilə Sahibkarlığa Kömək Fondu ləğv edilərək İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi yaradılıb. Güzəştli kreditlərdən daha səmərəli istifadə məqsədilə Sahibkarlığın İnkişafı Fondunun kreditlərinin illik faiz dərəcəsi 6 faizdən 5 faizə endirilib, nəzarət mexanizmi təkmilləşdirilib. Yeni qaydaların tətbiqi sahibkarların güzəştli maliyyə resurslarına çıxışına, eləcə də özəl sektorda məhsul istehsalının və ixracının genişlənməsinə, istehsal xərclərinin azalmasına, məhsulun maya dəyərinin aşağı düşməsinə, yeni istehsal sahələrinin yaradılmasına, özəl bölmənin dövlət dəstək mexanizmlərindən daha geniş istifadəsinə imkan yaradacaq.
Özəl bölmənin inkişafında əhəmiyyətli mexanizmlərdən olan “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti vasitəsilə 2005-ci ildən kənd təsərrüfatı texnikası lizinqə verilir, pestisidlər, texnoloji avadanlıqlar, tinglər, toxumlar, damazlıq cins heyvanlar güzəştli şərtlərlə istehsalçılara çatdırılır, aqrotexniki xidmətlər göstərilir.
Bundan başqa, Almaniya-Azərbaycan Birgə Proqramı çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkar və menecerlər Almaniyanın tədris mərkəzlərində ödənişsiz ixtisasartırma kursu keçir, beynəlxalq təcrübəyə yiyələnir, işgüzar əlaqələr qururlar. İndiyədək muxtar respublikada fəaliyyət göstərən 50-dən çox sahibkar və menecer bu proqramdan yararlanaraq ixtisasartırma kursu keçib.
Dövlət başçısının yeni qlobal çağırışların nəzərə alındığı iqtisadi islahatlar paketinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci ilədək dayandırılıb. Sahibkarların hüquqlarının daha etibarlı müdafiəsi məqsədilə apellyasiya şuraları yaradılıb, ixracın və investisiyaların təşviqi mexanizmləri formalaşdırılıb, dövlət satınalmalarında yerli mallar üçün güzəştlər müəyyən olunub, gömrük prosedurları sadələşdirilib, tələb olunan sənədlərin sayı azaldılıb və konkretləşdirilib, idxal-ixrac əməliyyatları sahəsində mütərəqqi mexanizmlər tətbiq edilib.
Ötən dövr ərzində lisenziya və icazə sisteminin tənzimlənməsinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edən “Lisenziyalar və icazələr haqqında” Qanun qəbul edilib. Həmin qanuna əsasən lisenziya tələb edilən fəaliyyət növlərinin sayı 40-dan 22-yə endirilib, lisenziyanın verilməsi üçün zəruri olan prosedurlar sadələşdirilib. Yeni lisenziyalaşdırma sisteminin tətbiqi azad rəqabətin inkişafını, istehsal olunan məhsulun, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi prosesini daha da sürətləndirib.
2016-cı ildən etibarən investisiya fəaliyyətinin genişləndirilməsi və təşviqi, sərmayə qoyuluşunun stimullaşdırılması məqsədilə sahibkar­lara investisiya təşviqi sənədləri verilir. İndiyədək sahibkarlıq subyektləri tərəfindən icra edilən 5 layihəyə investisiya təşviqi sənədi təqdim edilib. İnvestisiya təşviqi mexanizminin tətbiqindən sonra icra edilən layihələr üzrə investisiya qoyuluşunun həcmi 11 milyon manatdan çoxdur. Bu layihələrin icrası nəticəsində 106 iş yeri yaradılıb.
Yeri gəlmişkən, investisiya təşviqi sənədi Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanunda müəyyən edilən güzəştləri əldə etməyə əsas verən sənəddir. Bu güzəştlərə 7 il müddətinə mənfəət və ya gəlir vergisinin 50 faizindən, əmlak vergisindən 100 faiz, layihə çərçivəsində texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə gömrük rüsumlarından və əlavə dəyər vergisindən tam azad­olma aiddir. Eyni zamanda investisiya təşviqi sənədi əsasında texnikanın, texnoloji avadanlıq və qurğuların güzəştli şərtlərlə idxalı üçün 5 layihəyə 6 təsdiqedici sənəd təqdim olunub. Həmin sənədlər əsasında muxtar respublikaya idxal olunmuş ümumi dəyəri 10 milyon manatdan çox istehsal təyinatlı avadanlıq və qurğular vergilərdən azad edilib.
Muxtar respublikada yaradılmış əlverişli biznes və investisiya mühiti beynəlxalq təşkilatların hesabatlarında da müsbət qiymətləndirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədri olduğu “Caspian European Club”un ölkəmizin iqtisadi regionları üzrə 2017-ci ildə elan etdiyi illik investisiya reytinqində Naxçıvan Muxtar Respublikasının ən yüksək bal toplayaraq birinci yerə çıxması bunu bir daha təsdiqləyir.
Göründüyü kimi, milli sahibkarlığın hərtərəfli dəstəklənməsi ilə bağlı atılan addımlar özəl sektorun inkişafına, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına, yeni iş yerlərinin açılmasına, fərdi məşğulluğun təmin edilməsinə, rəqabətqabiliyyətli məhsul ixracının gücləndirilməsinə, bütövlükdə, iqtisadiyyatın davamlı inkişafına bundan sonra da böyük töhfələr verəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: