Muxtar respublikada arı ailələrinin sayı 71 mini ötüb

266

Bu gün Naxçıvan Muxtar Respublikasında 4070 sahibkar arıçılıqla məşğuldur. Onların 549 nəfəri 20-250 arı ailəsi olan sahibkardır. Aqrar sahədə aparılan islahatlardan əvvəl muxtar respublikada cəmi 6045 arı ailəsi var idisə, hazırda bu rəqəm 71 min 66-ya çatdırılıb. Arı ailələrinin bu artımının nəticəsidir ki, ötən il muxtar respublikada 1424 ton bal istehsal olunub.

“2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası istiqamətində ötən müddətdə xeyli iş görülüb. Həyata keçirilən tədbirlərdən biri də 2016-2017-ci illərdə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Arıçılıq məhsulları-bal festivalı”nın təşkilidir. Festivalda arıçılıq məhsullarının, balın sərgi və satışının təşkili bu sahəyə marağı xeyli artırıb.

NUHÇIXAN xəbər verir ki, muxtar respublikanın Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı İntiqam Hüseynbəyli AZƏRTAC-a bildirib ki, Naxçıvanda arıçılığın yem bazasını aran, dağətəyi və dağlıq ərazilərin bitki örtüyü təşkil edir. Naxçıvanın təbii-coğrafi iqlim şəraitini, eyni zamanda, bitki örtüyünün müxtəlifliyini nəzərə alaraq arı ailələrinin normal inkişafını təmin etmək üçün onların mövsüm ərzində azı beş dəfə köçürülməsi vacibdir.

İlk olaraq qışlamadan çıxmış arı ailələri dağətəyi bölgələrdən aran bölgələrinə köçürülür. Bu dövrdə aran bölgələrində hava şəraitinin başqa bölgələrə nisbətən isti keçməsi arı ailələrinin oyanmasına və ana arıların yuva daxilində daha erkən yumurta qoymasına səbəb olur. Arı ailələri bu zaman yuva daxilində ehtiyat baldan və çiçək tozundan istifadə edərək inkişafa başlayır. Bu zaman şanlarda balın möhürünün arıçı tərəfindən az miqdarda açılması diqqətdə saxlanılmalıdır. Möhürü açılmış balın iyi arıları özünə cəlb edir. Balla qidalanma arı ailələrinin daha tez oyanmasına və inkişafın erkən başlamasına səbəb olur. Arı ailələri mart ayının ikinci ongünlüyünə qədər yuvadaxili qidanın hesabına inkişaf edərək keyfiyyətcə yeni, cavan nəsil ilə əvəz olunur.

Mayın 15-nə kimi aran bölgələrində işləyən arı ailələrini yenidən dağətəyi bölgələrə aparmaqla onların ikinci köçürülməsi təşkil edilir. Arı ailələrini, əsasən, bitkilərin nektar əmələgətirmə dövründə dağətəyi bölgələrə, ilin ən isti aylarında isə (iyulda) dağlıq bölgələrə aparmaqla üçüncü köçürülməsi təşkil edilir. Avqust ayında arı ailələrini aran bölgələrinə yenidən qaytarmaqla onların dördüncü köçürülməsi həyata keçirilir. Arıların son işləmə dövrü avqust və sentyabr aylarıdır. Bu dövrdə arılar nektar və çiçək tozunu yoncadan, üzümdən və payız çiçəklərindən toplayırlar. Oktyabr ayının əvvəlindən arı ailələrinin yuvası qış üçün yığılır və respublikanın dağətəyi bölgələrinə aparmaqla onların sonuncu – beşinci köçürülməsi təşkil edilir. Arıçılar arı ailələrini yerli şəraitdən asılı olaraq əsas nektar əmələgəlmə dövründə bir dəfə əvəzinə, iki və ya üç dəfə köçürə bilərlər. Arı ailələri vaxtında, planlı qaydada köçürülməlidir. Bunun üçün arıçı öz bölgəsinin hər bir hektarında olan bitki örtüyündəki nektarın, təxminən, nə qədər olmasını bilməlidir.

Bal arılarının əlverişli uçuş diametri 3 kilometrdir. Bu, o deməkdir ki, pətəyin olduğu yerdən bütün istiqamətlərə tərəf 3 kilometr uzaqlıqda olan bitkilərdən arılar nektar toplaya bilər.

Arı ailələrinin nektar əmələgəlmə dövrünə qədər inkişafının başa çatması, onun gücünün standarta uyğun gəlməsi və arı ailələrinin planlı surətdə, mövsüm dövründə köçürülməsinin optimal təşkili bal məhsuldarlığının artırılmasında əsas amillərdir. Köçürülmə işinin düzgün təşkil edilməsi, ilk növbədə, arı ailələrinin standart gücdə inkişaf etməsinə səbəb olur. Arıçılıqla məşğul olan fermerlər arı ailələrinin yonca və xaşa bitkiləri olan əkin sahələrinin, təbii biçənəklərin, meşəliklərin yaxınlığına, bir sözlə, çiçək bol olan ərazilərə köçürülməsinə üstünlük verməlidirlər. Çünki bu, məhsuldarlığın yüksəldilməsində mühüm əhəmiyyət kəsb edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: