Muxtar respublikada 5242  idmançı futbol ilə məşğuldur

120

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirə ilə bağlı yığıncaq keçirilib. 

Yığıncağı giriş sözü ilə açan Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev gündəlikdə duran məsələlərlə bağlı məlumat verib. Sonra Futbol Federasiyasının sədr müavini Hafiz Əliyev 2018-ci ildə görülən işlər və keçirilən yarışlar barədə danışıb. 

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi altında muxtar respublikamızda da idman və idmançılara dövlət qayğısı yüksək səviyyədədir. Hesabat ilində nazirlik kütləvi bədən tərbiyəsi və idman sahəsində 330 tədbir keçirib. Eyni zamanda Naxçıvan idmançıları respublika səviyyəli yarışlarda 105, beynəlxalq miqyaslı turnirlərdə 84, dünya çempionatlarından 2, Avropa çempionatlarında 3, Yeniyetmələrin III Olimpiya Oyunlarında 1 medal olmaqla, ümumilikdə, muxtar respublikadan kənar yarışlarda 195 medal qazanıblar. 

Futbol idman növü ötən il Naxçıvan Muxtar Respublikasının idman həyatında kütləviliyi və qazanılan uğurları ilə idman ictimaiyyətinin diqqət mərkəzində olub. Muxtar respublikamızda 5242 idmançı 296 qrupda bu idman növü ilə məşğuldur. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi muxtar respublikamızda 2002-ci ildə yaradılan Futbol Federasiyası ilə birgə idmanın bu növünü inkişaf etdirmək və kütləviliyinin təmin edilməsi məqsədi ilə çoxsaylı tədbirlər həyata keçirib. Həmçinin, 12-16 iyun 2018-ci il tarixlərində Naxçıvan Muxtar Respublika Stadionunda ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş futbol üzrə “Heydər Əliyev Kuboku” uğrunda turnir də respublika futbol ictimaiyyətinin diqqətinin ikinci dəfə muxtar respublikamıza yönəlməsinə səbəb olub. Sevindirici haldır ki, turnirdə muxtar respublikamızı təmsil edən “Araz-Naxçıvan” komandası da uğurlu nəticə göstərərək, yarışın mükafatçıları sırasına düşməyi bacarıb. 

Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev çıxışında vurğulayıb ki, federasiya hesabat ili üçün tərtib etdiyi tədbirlər və təqvim planını Gənclər və İdman, Təhsil nazirlikləri ilə razılaşdırılaraq təsdiq edir. 2019-cu il üçün nəzərdə tutulmuş tədbirlər və təqvim planına uyğun olaraq Futbol Federasiyasının kuboku, 15-16 yaşlı futbolçuların muxtar respublika birinciliyi, yerlərdə şəhər və rayon birinciliklərinin, futzal üzrə muxtar respublika kuboku yarışlarının keçirilməsi nəzərdə tutulub. Uşaq futbolunun inkişafı, istedadlı futbolcuların aşkara çıxarılması, onların davamlı olaraq təlim-məşq proseslərinə cəlb olunması daim diqqətdə saxlanılmalıdır

Bildirilib  ki, artıq muxtar respublikanın 5 rayonunda federasiyanın bölmələri fəaliyyət göstərir. Bunlar Sədərək , Kəngərli, Şahbuz , Culfa və Ordubad rayonlarıdır. Tezliklə bunların sırasına Naxçıvan şəhəri, Şərur və Babək rayonları da əlavə olunacaqdır. 

Sonra Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının il ərzində fərqlənən idmançıları mükafatlandırılıb. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: