Mədəni irsimizin qorunmasının hüquqi tənzimlənməsi problemlərindən bəhs edən monoqrafiya çap olunub

160

Hüquq üzrə fəlsəfə doktoru Sima Süleymanlının “Mədəni irsin qorunmasının beynəlxalq-hüquqi tənzimlənməsi problemləri və Azərbaycan Respublikasının qanunvericiliyi” adlı monoqrafiyası “Azərbaycan” nəşriyyatında çapdan çıxıb.

NUHÇIXAN xəbər verir ki, müəllifin sayca üçüncü olan bu kitabına Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Əmir Əliyev “Ön söz” yazıb.

Kitabda müasir dövrdə cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən mədəni irsin qorunmasının beynəlxalq-hüquqi tənzimlənməsi problemlərindən bəhs olunur və bu, Azərbaycan Respublikasının qanunvericiliyi ilə qarşılıqlı münasibətlər müstəvisində tədqiq edilir. Həmçinin kitabda mədəni irsin qorunmasının beynəlxalq-hüquqi tənzimlənməsinin beynəlxalq və dövlətdaxili hüquqi əsasları, ümumi və xüsusi-hüquqi xüsusiyyətləri, maddi və prosessual-hüquqi cəhətləri, mədəni irsin qorunması sahəsində mövcud olan çoxsaylı beynəlxalq müqavilələr, beynəlxalq təşkilatlar, xüsusilə UNESKO çərçivəsində qəbul olunan tövsiyə xarakterli sənədlər araşdırılmış, Azərbaycan Respublikasında qəbul olunan qanunlar və qanun qüvvəli normativ hüquqi aktlar bir çox dövlətlərin müvafiq qanunvericiliyi ilə müqayisəli şəkildə təhlil edilib.

Beynəlxalq və qeyri-beynəlxalq hökumət təşkilatlarının fəaliyyətinin geniş araşdırıldığı kitabda Heydər Əliyev Fondu və onun prezidenti, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mədəni irsin qorunması sahəsindəki fəaliyyəti elmi baxımdan ətraflı təhlil edilir.

Kitab mədəni irsin təbliği və maarifləndirmə işinin təşkili istiqamətində geniş oxucu kütləsi üçün, hüquq, mədəniyyətşünaslıq və turizm ixtisası üzrə təhsil alan tələbələr, peşəkar hüquq fəaliyyəti ilə məşğul olan, mədəniyyət və turizm sahəsində çalışan şəxslər üçün əhəmiyyətli vəsaitdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: